Züleyxa NADİR.

Üç gün öncə televiziyada Zəhra adlı gənc bir qızın  faciəli taleyindən bəhs edən verilişə baxdım. Çox da təsirləndim. Zəhranın erkən yaşdan ərə getməsi hər iki ailəyə faciəli sonluq “bəxş” edib. Dünən axşam da  eşitdim ki, tanış ailənin 4 yaşlı Zəhra adlı qızı qida zəhərlənməsindən dünyasını dəyişib. Bir neçə gün öncə də facebookda professor Əjdər İsmayılovun 2017-ci ilin yayında erməni qatillərinin  atdığı bombadan həlak olan yaş yarımlıq  Zəhranın 40-cı yas günündə ölkə prezidentinə ünvanladığı müraciətin gündəmə gəldiyini gördüm. Doğrusu, 2-3 gün ərzində Zəhra adlarının  ard-arda səslənməsi, yazılması məndə qəribə bir hiss oyatdı. Sanki Zəhra sözündə bir mistika varmış kimi anlaşılmaz duyğular keçirdim. Və elə həmin  andaca tanıdığım Zəhra adlı qızların taleyini vərəqləməyə başladım və gördüm ki, çoxunun  “tale kitabının” səhifələri faciələrlə yazılıb.

Buradaca qeyd edim: elə başa düşülməsin ki, Zəhra adına etiraz edirəm. Qətiyyən. Dünyanın hər yerində həyatının xoşbəxtliyini yaşayan  tanıdığım və tanımadığım yüzlərlə, minlərlə  Zəhra var. Sadəcə son illərin  azərbaycanlı zəhralarının çoxu, sanki, bu dünyaya faciə yükü ilə gəlir. Adam istər-istəməz həmin adın uzaq tarixdən gələn hörmətinə xələl gəlirmiş kimi  soyuq  bir sızıltı keçirməli olur. Niyə məhz 18 aylıq Zəhra alçaq düşmən tərəfindən qətl olunmalıdı? Niyə onların  silahı, məsələn,  öz  balaca zaruhilərinin başında partlamır? Nədən? Təbii ki, cavabı çətin olan sualdı. Həm də ona görə çətindi ki, körpə Zəhranın günahsız ruhu hələ də  göylərdən  boylanır. Hələ də onun kimi yüzlərlə azərbaycanlı körpənin qisası alınmayıb.

90-ci ilin yanvarından üzü bəri vətən yolunda, torpaq uğrunda şəhid olan onlarla azərbaycanlı uşaq var. Qanlı yanvar gecəsində azadlığa gedən yolu açanların sırasında 13 yaşlı Larisa və İlqar, 14 yaşlı Nəriman, 16 yaşlı Vera da var idi. Həyatın  acısını-şirinini dadmayan bu uşaqlar  heç vaxt düşünməzdilər ki, erkən yaşlarından  düşmən gülləsinə tuş gələcəklər. Bu gün Şəhidlər Xiyabanında uyuyan həmin uşaqların xatirəsi oranı ziyarətə gələnlər tərəfindən ehtiramla anılır. Azərbaycan durduqca, xalq, millət yaşadıqca bu uşaqlar da xatirələrdə yaşayacaq, yaddaşlardan yaddaşlara köçəcək. Gələcək yüzilliklərdə də əziz xatirələri anılacaq.

Professor Əjdər İsmayılov da məsələyə məhz bu baxımdan yanaşıb. Şəhid uşaqlarımız heç bir zaman unudulmasın. Adları tarixə qanla yazılmış bu uşaqların ruhu rahat olsun. Professorun  üç il əvvəl  prezident İlham Əliyevə ünvanladığı müraciətində deyilir: “…Erməni qatillərin kəndlərimizdən keçən çaylara axıtdıqları uşaq oyuncaqlarına yerləşdirdikləri partlayıcıları axıtmaqla Tovuz rayonu sakini 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızını, Ağdam rayon sakini 9 yaşlı Farizi snayperlə qətlə yetirməkdən, həyətdə oynayan  uşaqlarımızı güllə ilə dəlik-deşik etməkdən ürəkləri soyumadı. Körpə balalarımızın qanı hələ qurumadan uşaq qatili olan ermənilər bu il iyulun 4 də yenicə dil açan, “ata-ana” deyən 18 aylıq  məsum körpə Zəhra balamıza bomba atdılar, onu ana məhəbbətindən məhrum etdilər. Erməni qatillərinin uşaqlarımıza qarşı zaman – zaman törətdikləri qətliamları,  eyni zamanda milli tariximizi yeni nəslin qəlbində əbədi yaşatmaq üçün qətl edilmiş uşaqlarımızın xatirəsinə bir memorial kompleks yaradılmasını bir ziyalı kimin təklif edirəm. Xatırladım ki, Çexiyanın mərkəzi Praqadan təqribən 20 kilometr aralıda yerləşmiş, qanayan yaramız 63 uşağı xüsusi qəddarlıqla qətlə yetirilən Xocalı ilə qardaşlaşan Ledice qəsəbəsində alman faşistlərin məhv etdikləri uşaqların xatirəsini  əbədiləşdirən möhtəşəm abidənin bənzərini biz də yaratmalıyıq”!

Alim haqlıdır,  sözünün çəkisi və sanbalı var. Dünya görmüş ziyalı müraciətində  səmimidir. Qəlbindəki vətən sevgisi, torpaq məhəbbəti,  eləcə də xalqına, millətinə olan vurğunluğu vadar edib ki, belə bir müraciətə imza atsın. Dünyanın bir çox xalqı uşaqlarını baş tacı edir, birinin burnu qanayanda həyəcan təbili çalır, səbəbini araşdırır, günahkarı cəzalandırır. Cünki uşaqlar millətin sabahıdır, işıqlı gələcəyidir. Ona güllə atmaq cinayətdir. Amma bu gün dünyanın gözü azərbaycanlı uşaqların qətlini görmür. Dünyanın qulağı kar olub. Gözü yaxşını-yamanı seçmir. Nə yazıq ki,  dünyada uşaq qatili kimi  tanınan erməni faşistlərinə “gözün üstə aşın var” deyən yoxdu. Dünyanın ikili standartı hər zaman ermənidən yana çalışır. Bu da təbii ki, bizim hər irimizin qəlbimizi ağrıdır. Amma nə etməli?  Səbrlə gözləyirik ki, cinayətkarlar bir gün layiq olduqları cəzanı alacaq, ən azı, ilahi ədalət qarşısında hesab verməli olacaqlar.

Professor Əjdər İsmayılov qəlb yanğısı ilə SOS verib, həyəcan təbili çalıb: uşaqlarımız müqəddəsdi, safdı, təmizdi, toxunulmazdı. Onların qatillər tərəfindən öldürülməsinə göz yummaq özü bir günahdı. Günaha batmayaq, ən azı, onların xatirəsini əbədiləşdirək – dövlər səviyyəsində.  Azərbaycan dövləti və onun başçısı bu məsələlərdə çox həssasdı – bunu hər kəs bilir. Amma  üç il əvvəl professorun müraciətinə niyə etinasız yanaşılıb? Bir neçə gün əvvəl  bu məsələ yenidən gündəmə gəlib. Müzakirə iştirakçılarının qəti fikri belədir ki, həmin  müraciət ölkə başçısının diqqətinə çatdırılmayıb. Bu, məncə də belədi. Prezident İlham Əliyev  özü  bir neçə dəfə vurğulayıb ki,  bəzən vətəndaşların  təklif və şikayətlərini ona çatdırmırlar. Niyə, görəsən? Bəlkə ona görə ki, bu işə məsul olanlarda, birbaşa cavabdehlik daşıyanlarda  xalq, millət sevgisi, vətənpərvərlik hissi yoxdu. Bəlkə valideynlik duyğusundan məhrumdular?! Ola bilərmi ki,  balaca zəhraların xatirəsinə ucaldılacaq abidənin  nə olduğunu,  onun hansı anlam verəcəyini bilmirlər? Yoxsa yaddaşlarımı zəifdi? Bu qədərmi unutqandılar ki, xalqın ziyalısının, aliminin cox ciddi məsələ ilə bağlı müraciətini  prezidentin diqqətinə çatdırmağı gərəksiz hesab ediblər?!

Dünyanın bütün xalqlarında şəhidlik müqəddəslik mərətəbəsi sayılır. Bütün xalqlarda şəhidlər ən ali pillədə bərqarar olurlar. Çünki ŞƏHİD canını havasını udub, suyunu içdiyi VƏTƏNdən, qanını üstündə yeridiyi TORPAQdan üstün saymır. Şəhidin bir amalı olur: uğrunda döyüşdüyü  torpağın, canını fəda edəcəyi vətənin azadlığına qovuşan ruhları səmalarda rahat dolaşa bilsin.

Bu gün Azərbaycan  səmasında ağ göyərçinlər sayağı minlərlə şəhid ruhu “qanaq çalır”. Düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olacağı günün həsrətini çəkirlər. Müharibədə ölən uşaqlar da müqəddəslik zirvəsindədirlər.  Amma bir fərqlə: əlinə silah alıb düşmənə atəş açmayan körpələr sabahın əsgəri, əsgər anası, əsgər bacısıdı. Uşaqlar millətin gələcəyidi.

Professor Əjdər İsmayılov məhz bu səbəbdən bu millət üçün, gələcək üçün möhtəşəm bir abidə istəyir…

P.S. Yazını bu gecəAzərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində şəhid olan əsgərlərimizin ağrı-ascısını canıma hopduraraq hazırladım….

Çap et