Böyük Teymur İmperiyası

Böyük Teymur İmperiyası
Tarix :

12-01-2018, 17:42

Teymurilər dövləti — 1370-1507-ci illər arasında mövcud olmuş və əsası türkləşmiş monqol boyu olan barlasların nümayəndəsi Əmir Teymur tərəfindən qoyulmuş türk dövləti. Paytaxtı Herat şəhəri olub.

Teymurilər dönəmində Türküstan və Xorasan İslam memarlığı baxımından ən parlaq dövrünü yaşamış, XV əsrin sonlarından başlayaraq Türküstan, Xarəzm, Krım, Kazan və Azərbaycanda Çağatay türkcəsi də yüksək mədəni dil halına gəlmişdir. Əmir Teymur Səmərqənd şəhərini dövlətin paytaxtı etdikdən sonra ələ keçirilmiş yerlərdən sənətkarlar Səmərqəndə köçürüldü. İspaniya elçisi Klavixo Səmərqənddə 150 min sənətkar ailəsi olmasını söyləmişdi. Bu səbəbdən XIV-XV əsrlərdə Səmərqənd tarixinin qızıl dövrünü yaşamışdı. Əmir Teymur və davamçılarının dövründə inkişaf edən sənətkarlıq və elm səbəbindən bu dövr Teymuri renesansı olaraq da xatırlanmaqdadır. 1507-ci ildə Teymurilər dövlətinin varlığına əsasını özbəklərin qoyduğu Şeybanilər dövlətitərəfindən son qoyuldu. Teymuri sülaləsindən olan Babur mübarizədə uğur qazanmadıqdan sonra əvvəlcə Əfqanıstana, sonra da Hindistana çəkildi və orada Böyük Moğol İmperiyasının əsasını qoydu. Beləliklə Teymurilər dövləti məhv olsa da, sülalə olaraq öz hakimiyyətini Böyük Moğol İmperiyasında davam etdirə bildi. 

Teymurilər dövlətinin əsası Əmir Teymur tərəfindən qoyulmuşdur. Çağatay və monqol dilində Temür və ya Temir sözləri "dəmir" mənasını verir. Əmir Teymur əslən barlas boyundandır. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. “Monqolların gizli tarixi” adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir. Karçar barlaslar barlas boyunun qurucu əcdadlarıdır. “Monqolların gizli tarixi” XIII əsrdə Ögedey xana yazılmış epik əsərdir. Bu əsərdə göstərilir ki, Karçar barlaslar eyni zamanda Çingiz xanın əcdadı olan əfsanəvi monqol lideri Bodonçirin nəslindən gəlir. 

Orta Asiyanın yerli əhaliləri ilə sıx əlaqələrə görə barlaslar arasında İslam dinindən başqa digər dinlərə (Buddizm, Şamanizm) də inananlar yaşayırdı. Bu sıx əlaqələr mədəni cəhətdən bir-birlərindən təsirlənmələrinə və qarışmalarına səbəb olmuşdu. Bu kimi səbəblərdən monqol mənşəli boy olan barlaslar monqol dilindən başqa çağataycanı da (Türk dillərinin uyğur mənşəli bir növü; ərəb və fars dillərindən də təsirlənmiş və çağdaş özbəkcənin yaranmasında rol oynamışdı) geniş şəkildə istifadə edirdilər.

Əmir Teymur Çingizlilər soyundan gəlmirdi. Bu səbəbdən dövrün qaydalarına görə böyük xan titulu daşıya bilməzdi və o, əmir titulunu götürdü. 1370-ci ildə Çingizlilər soyu ilə qohumlaşan Teymur özünə Gürkan titulunu götürür. Gürkan monqol dilində kuruqen və ya xurqen sözünün fars dilində olan variantıdır və tərcüməsi "kürəkən" deməkdir. Bu o demək idi ki, Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur onların evlərində azad şəkildə yaşaya və hərəkət edə bilərdi. Bu səbəbdən Teymurilər dövləti Əmir Teymurun adı ilə adlandırılmasından başqa, mənbələrdə Gurkānī olaraq da xatırlanır.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ