Qoca və pəhləvan

Qoca və pəhləvan
Tarix :

27-12-2021, 14:18

Qədim zamanlarda bir qoca və bir qarı yaşardı.

Qoca tetra quşları üçün tələ qurardı. Bu minvalla da qoca və qarı yaşayırdılar.

Günlərin bir günü qoca tələləri yoxlamağa getdi. Yolda bir qarğa yumurtası gördü, onu götürüb cibinə qoydu.

Tələlərə yaxınlaşdı, nə görsə yaxşıdır: bir tələ tərpənib, görünür, bura tetra quşu düşmüşdü, lakin kimsə onu çıxarıb.

O biri tələdə isə sağsağan ilişib qalmışdı. Qoca onu özü ilə götürdü, ətrafdakı izlərə diqqət yetirdi və fikirləşdi:

«Mən oğrunu tutacam!»

O, ləpirlərin izi ilə qaçmağa başladı və sıx bir meşəyə girdi. Ləpirlər onu böyük bir tirdən düzəldilmiş evə gətirdi.

Qoca içəri girdi və tetra quşunun tükünü yolan pəhlə-vanı gördü.

– Bu, mənim tetra quşumdur! – dedi qoca.

– Bu tetra quşu daha güclü olanındır! – dedi pəhləvan. Gəl yarışaq. Qalib gəlsən, tetra quşundan da çox qazanarsan.

Mən sənə bir kisə qızıl verəcəm. Bunu deyib pəhləvan güldü.

– Mən razıyam, gəl yarışaq, – dedi qoca. – Əvvəlcə daşı sıxıb suyunu çıxaraq.

– Bu, çətin deyil, – dedi pəhləvan.

Onlar evdən çölə çıxdılar, pəhləvan daşı götürdü, onu ovcunda elə sıxdı ki, daş ovulub töküldü.

– Sən daşı toza çevirdin, – dedi qoca, – amma suyunu çıxara bilmədin. İndi mənə bax!

Qoca qarğa yumurtasını ovcunda sıxdı və yumurta onun barmaqları arasından axdı.

Pəhləvan təəccübləndi və dedi:

– Hə, sən daha güclüsən!

– İndi cəldlikdə yarışaq, – dedi qoca. – Gəl, uçan quşları tutaq. Bax, qarğa uçur, onu tut!

Pəhləvan qarğanın ardınca qaçdı, amma çata bilmədi, qocanın yanına əliboş qayıtdı.

– Yox, – dedi o, – mən bacarmadım.

– İndi mənə bax. Bax, sağsağan uçur, – dedi qoca və quşun ardınca qaçdı.

Tezliklə o qayıtdı, qoynundan sağsağanı çıxardı və pəhləvana göstərdi.

O daha da çox təəccübləndi və hətta qorxdu.

«Bu qoca məndən daha güclü və cəlddir, o, təhlükəlidir, onu öldürmək lazımdır», – deyə pəhləvan fikirləşdi.

Dedi:

– Sabah mən sənə bir kisə qızıl verəcəm. İndi isə gəl tetra quşunu yeyək və yataq. Sən necə yatırsan?

– Mən şax şələsi kimi yatıram, – dedi qoca. – Bəs sən necə yatırsan?

– Mən yatanda ağzımdan od, burnumdan tüstü çıxır, – dedi pəhləvan.

Onlar şam edib yatağa girdilər. Qoca pəhləvanın ağzından od, burnundan tüstü çıxmasını gözlədi.

Ehtiyatla qalxdı, öz yerinə bir şax şələsi qoydu, onu xələti ilə örtdü və gizləndi. Bir azdan pəhləvan oyandı.

O yavaşca evdən çıxdı, böyük bir daş gətirib şax şələsinin üstünə atdı. Sonra yerinə girib xoruldamağa başladı.

Səhər qoca pəhləvanı oyatdı və dedi:

– Bu gecə yuxuda gördüm ki, küknar ağacının altında yatmışam və üstümə bir küknar qozası düşüb.

Pəhləvan fikirləşdi: «Bu böyüklükdə daş ona küknar qozası kimi görünüb!

Hə, o, məndən güclüdür!» və dedi:

– Gəl, qoca, bir kisə qızılını götür, o, sənindir.

Qoca fikirləşdi: «Mən onu heç yerindən tərpədə bilmərəm».

Dedi: – Özün bağışlamısan, özün də evimə apar, mən isə səni qonaq edərəm.

Pəhləvan kisəni çiyninə atıb qocanın evinə doğru yola düzəldi. Alaçığa yaxınlaşdılar, qoca səsləndi:

– Ay qarı, ət bişir, qonağımız var!

Qarı çölə çıxıb dedi: 

– Nə ət? Hansı ət? Evdə ət yoxdur!

– Srağagünkü pəhləvanın ayaqlarını bişir! – dedi qoca.

Qarı onu başa düşdü və dedi:

– Sən, ay qoca, yaman huşsuz olmusan, onları dünən yedin axı!

Pəhləvan bu sözləri eşidən kimi kisəni yerə atıb meşəyə tərəf götürüldü. Az qaçdı, çox qaçdı, tülküyə rast gəldi.

Tülkü soruşdu:

– Kimdən qaçırsan, ay pəhləvan!

– Qorxulu bir qocadan, o, qarısı ilə birlikdə məni yemək istəyirdi!

Pəhləvan başına gələnləri tülküyə danışdı.

Tülkü dedi:

– Sən nə səfeh pəhləvansan! Qoca səni aldadıb, o, daşdan su çıxarmayıb, əlindəki yumurtanı sıxıb.

Quşu da o tutmayıb, quş onun qoynunda olub. Yalançının dərsini vermək lazımdır! Gedək mənimlə!

– Yox, mən qorxuram!

– Qorxma! Quyruğumdan yapış! Pəhləvan tülkünün quyruğundan yapışdı.

Onlar birlikdə qocanın evinə gəldilər. Qoca onları görüb qarşılarına çıxdı və qışqırdı:

– Çox sağ ol, ay tülkü qardaş, sən mənə çox sadiqsən! Gətir onu bura, gətir! Bu, indicə qaçan həmin pəhləvandır!

Gəl onu birlikdə yeyək!

Pəhləvan bu sözləri eşidən kimi dabanlarına tüpürüb qaçmağa başladı. O vaxtdan onu heç kim o yerlərdə görmədi.

Qoca ilə qarı isə qızıl kisəsini götürüb firavan yaşamağa başladılar, hələ indi də yaşayırlar.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ