Səlahəddin Əyyubi

Səlahəddin Əyyubi
Tarix :

18-01-2022, 16:09

1099-cu ildə Səlib orduları Qüdsü işğal edəndə Əqsa məscidinin meydanına toplanan 100000 (yüz min) mülki və müdafiəsiz şəxsi qəddarcasına qətl etmiş, şəhərdə qan su yerinə axmışdı. Ancaq 1187-ci ildə Qüds şəhəri müsəlman komandan Səlahəddin Əyyubu tərəfindən yenidən fəth ediləndə 88 il əvvəl törədilmiş bu qətliamdan tamamilə fərqli olaraq düşmən əfv edilmiş, qan axıdılmamışdı. Səlahəddin Əyyubi düşməni əfv etməklə yanaşı Qüds şəhərini tərk etmək istəyən xristianların dul və yetimlərinə öz malından yol xərcliyi də vermişdi. Beləcə Səlahəddin Əyyubi İslam dininin əzəmətini öz şəxsində təmsil etmiş və bütün dünyaya göstərmişdir.

Xaçlılar Qüdsü işğal edəndə şəhərin küçələrində ölmüş və yaralı insanları soymuş, məsum və çarəsiz müsəlmanlar işğalçıların ağır işkəncə və zülmlərinə məruz qalmışdılar. Onlar insanları diri-diri yandırmış, Qüdsün qala divarlarının üzərinə, evlərin çardaqlarına çıxan insanları mizraqla vuraraq aşağı salmışlar. Onların bu vəhşiliklərini xristian dünyası özünə şərəf hesab etmişdir.

Xristianlar bu mübarək və müqəddəs şəhəri müsəlmanların qanının su yerinə axdığı bir qəssabxanaya çevirəndə Həzrət İsanın əfv etmə, bağışlama və rəhm etmə ilə bağlı nəsihət və sözlərini yaddan çıxarmışdılar. O mərhəmətsiz və qəddar xristianların taleyinə baxın ki, Səlahəddin Əyyubinin əli ilə onlara ədalət, mərhəmət paylanırdı.

Müsəlmanların Səlib ordularını məğlub etmələri bir günün işi deyildi. Səlahəddin Əyyubi müsəlmanları bir bayraq altında birləşdirərkən bir yandan da elmi bir oyanış başlatmışdı. Elmi təşviq etmək və müsəlmanlar arasında yaymaq Səlahəddin Əyyubinin əsas siyasətinin bir parçası idi. O, elm adamlarına və din alimlərinə dəyər vermiş, xalqın onlardan istifadə edə bilməsi üçün universitetlər və məscidlər inşa etdirmişdir. İslam dünyasının istifadə etməsi üçün alimlərə sifariş verərək bir çox əsər yazdırmışdır. Səlahəddin Əyyubi özündən 500 il əvvəl bilinən dünyanın yarısını fəth etmiş olan ilk nəsil müsəlmanlrın qərarlığını, əzmkarlıq və ruh yüksəkliyini yenidən canlandırmağa çalışmışdır.

Səlahəddin Əyyubinin ən bariz xüsusiyyətlərindən biri onun comərdliyidir. Bu xüsusiyyət əsgərlərinin ona olan bağlılığını gücləndirmiş, nəticədə səlib ordularına qarşı müvəffəq olmaları, qalib gəlmələri asanlaşmışdır. Sağlam iradəsi, qərarlılığı və yorulmaz əzmi bölgənin Səlib ordularından təmizlənməsini təmin etmiş, böyük ümidlərlə başlanan III Xaçlı səfərinin məqsədinə çatmasına imkan verməmişdir. Səlahəddin Əyyubi verdiyi sözə həmişə sadiq qalan dövlət adamı idi.

Dünya tarixində "Şirürəkli Riçard" kimi məşhur olan ingilis kralı I Riçard (1157-1199) Səlahəddin Əyyubinin şəxsiyyətindən çox təsirlənmişdi. Hətta: “Mənə Şirürəkli Riçard deyənlər Səlahəddini tanımamışlar” demiş və ona olan heyranlığını dilə gətirmişdir. Səlahəddin Əyyubi avropalıların yaddaşında bir heyranlıq oyandırmaqla yanaşı, dahi bir müsəlman sərkərdə kimi onların şüuraltında bir kabus olaraq qalmışdır. Misal üçün fransız general Garo 1920-ci ildə baş verən Maysalun döyüşündən sonra Şam şəhərini alanda Əməvi məscidinin həyətindəki Səlahəddin Əyyubinin qəbrini təpikləyərək xaçlı səfərlərinin ruhunu xatırladan bu sözləri demişdir: “Ey Səlahəddin! Xaçlı səfərləri indi başa çatdı. Biz yenə döndük”.

Əndəlüslü ərəb səyyah olan İbn Cubeyr (1145-1217) qələmə aldığı səyahətnaməsində Səlahəddin Əyyubini ideal bir dövlət adamı olaraq tanıtmışdır. İbn Cubeyr belə deyir: “Allah, Səlahəddin Əyyubini bölgə müsəlmanlarına bir rəhmət olaraq göndərmişdir. Dincəlməyin və rahatlığın nə olduğunu bilməyən sultanın taxtı atının yəhəri idi”.

Səlib yürüşlərinin başlama səbəblərindən biri olaraq türklərin Anadoluya yerləşməsi göstərilir. Bu dövrlərdə Bizans və Avropa özlərini təhdid altında hiss etmiş və nəticədə bir reaksiya olaraq Səlib yürüşlərinin başlamasına səbəb olmuşdur. Ancaq Səlib ordularının şərq dünyasında kök salmalarına, təəssüf ki, müsəlmanların öz aralarındakı mücadilə və çəkişmələr zəmin hazırlamışdı.

Səlib ordularına qarşı verilən cavabın gecikməsində İslam dünyasının şiə və sünni olaraq iki qütbə bölünməsinin mühüm rolu var idi. Mərkəzi Bağdadda olan Abbasi və mərkəzi Misirdə olan Fatimi xəlifələri və onlara tabe olan xırda dövlətlərin həddindən artıq nüfuz mücadilələri o qədər dərinləşmişdi ki, yaxınlaşmaqda olan Səlib ordularının təhlükəsi qarşısında birləşə bilməmişdilər. Məhz bu səbəbə görə Qüdsün fatehi olan Səlahəddin Əyyubi kimi bir dövlət adamının gözündə Fatimi şiə dövləti ilə aparılan mücadilə ən azı franklara qarşı aparılan mücadilə qədər əhəmiyyətli idi.

Tarixçi İbnul-Əsirin yazdığına görə, İslam torpaqlarındakı Frank (Səlib ordularının) istilasının kökündə məhz müsəlmanların bölünmüş halı və öz aralarındakı mücadilələr durur. İbnul-Əsir belə deyir: “Bəzilərinin söylədiyinə görə, Səlcuqlu imperatorluğunun sürətlə yeni torpaqlar ələ keçirdiyini görən Misirdəki Fatimilər dövlətinin əyan-əşrəfi qorxuya qapılmış və franklardan Suriyaya gələrək onlarla sünnilər arasında tampon bölgə meydana gətirmələrini istəmişdilər. Doğrusunu Allah bilir”.

Səlahəddin Əyyubinin adı bütün ömrünü Səlib orduları ilə mücadilədə keçirən, həmçinin bütün dünya tərəfindən təqdir edilmiş bir dövlət adamı olaraq tarixdə öz yerini almışdır. Ərəblər, türklər və kürdlər onun özlərinə mənsub olduğunu demişlər. Belə bir uğurlu dövlət adamı Avropanın heyranlığını qazansa da, Səlahəddin Əyyubiyə qarşı onların şüuraltlarında həmişə bir qorxu hissi də daim var olmuşdur. Belə ki, Qüds şəhəri fəth ediləndən sonra sülh müqaviləsini imzalamağa gələnlər arasında o tarixdə (1187) Qüdsün kralı olan İbelinli Balian da (1140-1193) var idi. Bu zaman İbelinli Balian Səlahəddin Əyyubiyə belə demişdir: “Bil ki, İslam tarixində heç kim sənin etdiyini etmədi. Franklar bu müddət ərzində həlak olduqları qədər heç bir dövrdə itki vermədilər. Dəniz yolu ilə altı yüz min (600000) savaşçımız bu torpaqlara gəldi və onların onda biri ölkələrinə qayıda bildi. Onların bir hissəsini məhz sən və sənin orduların öldürdü, bəziləri özləri öldü, bəziləri də suda boğuldu”.

Cənnətin Krallığı” (Kingdom of Heaven) filmindən bir fraqment. Fraqmentdə (sağda) qalib hökmdar Səlahəddin Əyyubi ilə (solda) məğlub hökmdar İbelinli Balian Qüdsün təslim edilmə şərtlərini danışırlar.

Qüds şəhərini fəth etmək və daha sonra da buranı qorumaq üçün edilən cəhdlər Səlahəddinin Əyyubinin vəfatından sonrakı dövrlərdə unudulmuşdur. Səlahəddin Əyyubidən sonra gələn dövlət adamları və komandanlar öz aralarında baş verən mücadilələrə görə xarici düşmənlə, yəni Səlib orduları ilə mücadiləyə o qədər də önəm verməmişdilər. Səlahəddin Əyyubinin xələfləri daha çox Səlib orduları ilə yaxşı münasibətlər qurmağı seçmişdilər.

Səlahəddin Əyyubinin dövrü hərbi, siyasi və sosial cəhətdən mühüm hadisələrə şahidlik etməklə yanaşı, elmi həyatdakı yüksəliş baxımından da olduqca zəngin bir dövr olmuşdur. Zəngilər və Fatimilər dövlətinin elmi mirasını özündə birləşdirən Səlahəddin bu mirasdan çox gözəl istifadə etmişdir. Zəngilər dövlətinin hökmdarı Nurəddin Zənginin siyasi birliyi təmin etməsi və franklara qarşı böyük müvəffəqiyyətlər qazanması Şam bölgəsində elmi həyatın canlanmasına müsbət təsir etmiş, çox sayda mədrəsə və digər müəssisələr inşa edilmişdir. Qeyd edək ki, Səlahəddin Əyyubini yeni mədrəsələr inşa etməyə sövq edən əsas amillərdən biri İslam dininin doğru başa düşülməsi və doğru şəkildə tətbiq edilməsini təmin etmək olmuşdur.

Zəngilər dövlətindən Səlahəddin Əyyubiyə miras qalan bu müəssisələrdən ən mühümü Nurəddin Zəngi tərəfindən inşa edilən “Bimaristan Nuri”, yəni XII əsrin ortalarında inşa edilən xəstəxana (daruşşəfa) olmuşdur.

Fatimilər dövlətindən Səlahəddin Əyyubiyə miras qalan ən böyük miras isə zəngin kitabxanaları idi. Dövrün ən zəngin kitabxanasını təşkil edən Fatimilər dövlətinin bu kitabları Səlahəddin Əyyubi Misirdə hakimiyyəti ələ alandan sonra satışa çıxarmış və bu satışlar illər boyu həftədə iki gün olmaqla davam etmişdir. Elmlə məşğul olanlar tərəfindən satın alınan bu kitablar Əyyubilər dövlətinin bütün bölgələrinə yayılmış, dövrün elmi həyatına birbaşa təsir etmişdir.

Əyyubilər dövləti həm Şərqə, həm də Qərbə doğru uzanan İslam aləminin orta yerində qurulmuşdur. Buradan həm Əndəlüs və Şimali Afrikaya, həm Xorasan və İrana, həm də Misir və Şam bölgələrinə ikitərəfli elmi səyahətlər həyata keçirilmişdir. Bu dövrdə Əyyubilər dövlətində din, düşüncə və siyasət sahələrində dəyərli elm adamları yetişmişdir. Səlahəddin Əyyubi dövründə yetişmiş və daha sonrakı dövrlərdə də ciddi təsirləri olan əsas filosoflardan biri Sührəvərdi əl-Məqtul olmuşdur. Sührəvərdi əl-Məqtul İslam dünyasında İşraqi fəlsəfəsinin qürucusu kimi tanınır.

Səlahəddin Əyyubi haqqında “National Geographic” tərəfindən hazırlanan sənədli filmə aşağıdakı linkdən baxa bilərsiniz: Orta əsrlərdə yaşamış yəhudi filosof İbn Meymun da bu dövrdə yaşamış və Səlahəddin Əyyubinin xüsusi həkimi olmuşdur. Fikirləri və əsərləri ilə yəhudi fəlsəfəsinə və teologiyasına böyük təsiri olan İbn Meymun, Fərabi, İbn Sina, Qəzzali, İbn Rüşd və İbn Baccə kimi müsəlman filosof və həkimlərin əsərlərini oxuyaraq düşüncəsini inkişaf etdirmişdir. İbn Meymun qələmə aldığı əsərlərində İslam fəlsəfəsindən təsirləndiyini açıqlamışdır. Bu baxımdan İbn Meymunun düşüncələrini İslamda fəlsəfi cərəyanları bilmədən anlamaq mümkün deyil.

Səlahəddin Əyyubi hərbi və siyasi zəfərlərini elmə və elm adamlarına verdiyi dəyərlə taclandırmışdır. Tarixçilərin qeyd etdiyinə görə, Səlahəddin Əyyubi vaxtını elm, cihad və dövlət işləri ilə keçirirdi. O, Qurani-Kərimi əzbərləmiş və yüksək səviyyədə təhsil almışdır. Ərəb, türk, fars və kürd dillərini bilirdi.

Səlahəddin Əyyubinin hansı millətə mənsub olduğu haqda fərqli görüşlər ortaya atılmışdır. Bunun əsas səbəbi Qüdsü fəth etmək kimi çox mühüm bir vəzifənin öhdəsindən gələn bu hökmdarı hər kəsin sahiblənmək istəməsidir.

Onu qeyd etmək lazımdır ki, orta əsrlər bir iman və cihad əsri idi. Bu dövrlərdə din ən birləşdirici amil idi. Bu dövrdəki dövlətlərin əsas xüsusiyyəti də bir din dövləti olmaları idi. Bu səbəblə etnik kimlik nə olsa da müsəlman dövlətləri özlərini bir İslam dövləti olaraq görürdülər. Avropa dövlətləri də özlərini bir xristian dövləti bilirdilər. Orta şərqə gələn franklar bir millətin deyil, xaçın, yəni xristianların təmsilcisi olaraq gəlmişdilər. Xaç uğrunda qanlarını və canlarını vermişdilər. Müsəlmanlar da bir millət üçün deyil, İslam adına vətənlərini müdafiə edərək can və mallarını bu yolda fəda etmişdilər. Bu minvalla həm Nurəddin Zəngi, həm də onun xələfi olan Səlahəddin Əyyubi bu ruhun davamçısı və təmsilçiləri idilər. Onlara görə hər bir etnik qrup İslam yolunda etdiyi xidmətlərə görə dəyər daşıyır.

2005-ci ildə Səlahəddin Əyyubi və Qüdsün fəthindən bəhs edən “Cənnətin Krallığı” (Kingdom of Heaven) filmi çəkilmişdir. Film Səlahəddin Əyyubinin Qüds şəhərini Səlib ordularının qurduğu Qüds krallığından geri almasını, xaçlı səfərlərini və hər iki tərəfin bu savaşlara baxışını əks etdirir. “Cənnətin Krallığı” (Kingdom of Heaven) filmindən alınmış aşağıdakı kadrda Səlahəddin Əyyubi ilə Balian arasında Qüdsün təslim edilmə şərtləri danışılır. Səlahəddin Əyyubi ordusu ilə Qüdsü fəth etdikdən sonra şəhərdə əli silah tutan və bütün mülki şəxsləri əfv etmiş, əsir götürməmiş və təhlükəsiz bir şəkildə xristian ölkələrinə çıxışlarını təmin etmişdi: Nurəddin Zəngi və Səlahəddin Əyyubinin tarixi rollarını bir-birindən ayırmaq mümkün deyil. Bu iki tarixi hökmdar tarixdə oynadıqları rollara görə bir-birini tamamlayırlar. Nurəddin Zəngi olmasaydı, Səlahəddin Əyyubi tarix səhnəsinə çıxa bilməzdi. Səlahəddin Əyyubi olmasaydı, Nurəddin Zənginin etdikləri onun ölümü ilə sona çatar və unudulub gedərdi. Bu səbəblə Səlahəddin Əyyubinin müsəlman coğrafiyasında Səlib ordularına qarşı qurduğu İslam birliyini araşdıranda Nurəddin Zəngidən bəhs etməmək mümkün deyil.

Üç ayrı hökmdarlığın mirasına sahib olan və bu mirası tək bir dövlət hakimiyyətində toplayan Səlahəddin Əyyubi bu zənginlik qarşısında dünyaya meyl etməmiş, vəfat edəndə arxasında nə saray, nə də xəzinə buraxmışdır. Həyatı boyunca zəkat vermək ona fərz olmadı. Heç vaxt sarayda yaşamadı, ömrü boyunca savaşdan-savaşa getdiyi üçün sərvəti olmadı. Bu səbəblə Səlahəddin Əyyubi İslam tarixində “Sarayı olmayan tək sultan” olaraq adlanır.

Səlahəddin Əyyubi təfsir, hədis, fiqh kimi əsasən dini elmlərə önəm versə də, fəlsəfi elmlərə də xoş münasibət bəsləmiş, hətta fəlsəfə ilə məşğul olan və bu sahədə bir çox əsər yazan Abdullətif Bağdadini (1162-1231) himayə etmişdir. Bu arada Sührəvərdinin (1154-1191) edam edilməsi bir istisna təşkil edir. Bu edamın baş tutmasında fəqihlərin israr və təkidlərinin böyük rol oynadığı qeyd edilir. Belə ki, xaçlı istilasına qarşı siyasi birliyi təmin etməkdə çətinlik çəkən və bu məqamda alimlərin dəstəyinə ehtiyac duyan Səlahəddin Əyyubi çarəsiz qalaraq Sührəvərdinin edam edilməsi tələbinə boyun əydiyi də tarixi rəvayətlər arasında yer almaqdadır. Beləcə İşraqilik fəlsəfəsinin qurucusu olan Sührəvərd öz əsərlərində fikir və düşüncələrinə sıx-sıx yer verdiyi məşhur sufi Həllac Mənsurun aqibətinə bənzər bir şəkildə 38 yaşında dünyadan köçdü.

Yüz ilə yaxın bir müddətdə Səlib ordularının işğalı və hakimiyyəti altında qalan Qüds şəhərini bu işğal güclərinin əlindən xilas edən Səlahəddin Əyyubinin bu böyük fəthi həyata keçirməsindəki hərəkət verici qüvvə onun İslama bağlılığı olmuşdur. O, hər hansı hökmdar ailəsindən gəlməmiş və səltənətini atasından miras almamışdır. Buna baxmayaraq, şəxsi keyfiyyətləri və dühası ilə özünü ətrafına qəbul etdirmişdir. Xalqın sevgisi, əsgərin sədaqəti Səlahəddin Əyyubini bir fateh olaraq ortaya çıxarmışdır.

Qüds şəhəri üç səmavi dinin müqəddəs məkanlarının yerləşdiyi məkandır. Həzrət Süleymanın (ə.s) öz məbədini inşa etdiyi, Həzrət İsanın (ə.s) həyatını yaşadığı və xristianlara görə çarmıxa çəkildiyi, Həzrət Peyğəmbərimizin də (s.ə.s) Meraca çıxdığı məkan Qüds şəhəridir. Buna görə də Səlib yürüşləri kimi dünya tarixində mühüm yeri olan savaşların yaşandığı yerlərdən biri də məhz bu şəhər olmuşdur. Qüds şəhərinin dini və siyasi mövqeyi günümüzdə də çox yüksəkdir.

Qüdsün fəth edildiyi məqamda Səlahəddin Əyyubinin ortaya qoyduğu əfv edici mövqeyi hamı tərəfindən təqdir edilir. Səlahəddin Əyyubiyə etnik mənsubiyyətindən daha çox, Qüdsün fəthindən doğan şərəf İslam dünyasında hörmət və ehtiram olaraq yetəcəkdir.

Səlahəddin Əyyubi siyasi birliyi təmin etmək və Səlib ordularına qarşı mücadilədə xalqın dəstəyini arxasına almaq məqsədilə əhli-sünnə ruhunu və ideyalarını canlandırmağa çox əhəmiyyət vermiş və bu işə mədrəsələr inşa edərək başlamışdır. Xaçlı istilasına qarşı dağınıq halda olan müsəlmanların bir araya gəlməsində bu mədrəsələrin böyük rolu olmuşdur. Qeyd edək ki, Səlahəddin Əyyubinin dövründə Qurani-Kərimin ondan çox təfsirin qələmə alındığı rəvayət edilir.

Səlahəddin Əyyubi xaçlılara qarşı apardığı savaşda ədalətli və mərhəmətli davranışı ilə Qərb dünyasının rəğbətini qazanmışdır. Səlahəddin Əyyubinin sayəsində Qüds şəhəri yəhudi, xristian və müsəlmanların birlikdə yaşaya bildiyi, dini tolerantlıq və xoşgörünün hakim olduğu bir şəhər halına gəlmişdir.

XV əsrə aid bir əlyazmadan götürülmüş yuxarıdakı şəklində Səlahəddin Əyyubi əlində Avropa krallarının hakimiyyət rəmzi olan qlobusu tutmuş olaraq göstərilmişdir.

Günümüzdə istər Şərq, istərsə Qərb dünyasında fərqli din, məzhəb və irqlərə mənsub insanlara qarşı münasibət o qədər də qənaətbəxş deyil. Arzu edilən tolerantlıq və xoşgörü mühiti, sən demə, elə də asan əldə edilmir. Şübhəsiz ki, günümüzdə ən çox ehtiyac duyulan amillərdən biri insanları birləşdirici hadisə və şəxsiyyətlərdir. Bu baxımdan adı tarixə həkk olmuş Səlahəddin Əyyubi kimi şəxsiyyətlər İslam torpaqlarında və bütün dünyada birgə yaşayış və xoşgörü mühitinin formalaşması üçün mühüm töhfələr verə bilər.

Səlahəddin Əyyubinin 56 illik ömründə girdiyi savaşların məqsədini bu şəkildə təsnif etmək olar: 1. Zəif və müdafiəsiz vəziyyətdəki İslam şəhər və bölgələrini hakimiyyəti altına almaq. 2. Xaçlıların əlindəki minlərlə müsəlman əsiri xilas etmək. 3. Həcc yollarının təhlükəsizliyini təmin etmək. 4. Məscidi-Əqsa kimi işğal edilən və bəziləri kilsəyə çevirilən İslam məbədlərini geri alaraq əvvəlki vəziyyətinə qaytarmaq. 5. Xaçlıları müsəlmanların yaşadığı coğrafiyadan çıxarmaq və nəhayət Allahın razılığını qazanmaq.

Səlahəddin Əyyubi vəfat edəndə 56 yaşında idi. O vəfat edəndə Misir, Livan, Yəmən, Fələstin və İordaniyada, Suriya və Livanda, Malatya və Əxlatda, Cənubi və Şərqi Anadoluda, Həmədana qədər Şimali İraqda onun adına xütbə oxunub, pullar basılıb. Bunlardan əlavə Mosul, Əxlat və Artuqlu bəyliyi də Səlahəddin Əyyubiyə tabe idilər. Akka krallığı, Tripoli qraflığı və Antioxiya knyazlığı müdafiə mövqeyində dayanmış və Səlahəddin Əyyubi ilə yaxşı münasibətlər içində olmaq istəyirdilər

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ