Solon və Krez

Solon və Krez
Tarix :

27-12-2021, 14:21

Astiaqın dövründə Asiyada ən böyük dövlətlərdən biri Lidiya padşahlığı sayılırdı. O zaman bu dövlətin hökmdarı Krez adlı çox varlı bir padşah idi. Bu iki dövlət-Midiya və Lidiya bir-biri ilə ittifaq bağlamışdı.

Deyirlər ki, Krezin var-dövləti başından aşıb-daşırdı. “ Krez kimi varlıdır” ifadəsi də o dövrdən yaranıb. Bu padşah öz ölkəsinə yolu düşən adamlara saraylarını, qızıldan düzəldilmiş heykəlləri göstərir, var – dövləti ilə fəxr edirdi. Varlı olduğuna görə  Krez özünü çox xoşbəxt sayırdı.

Bir gün Krez Afina hakimi Solonu qonaq çağırdı. Solon öz müdrikliyi ilə şöhrət tapmışdı. Elə müdrükliyinə görə də afinalılar onu özlərinə başçı seçmişdilər. Afinada varlılar və kasıblar arasında düşmənçilik var idi. Bu düşmənçiliyi aradan götürmək üçün Solon qanunlar yazıb hazırlamışdı. Bundan sonra hamı – varlılar da, kasıblar da bu qanunlara tabe olmalı idi.Olmayanda hər ikisini cəza gözləyirdi. Bu qanunlar çıxandan sonra  Afina da əmin – amanlıq yaranmışdı, ona görə də  hamı Solona hörmət edirdi.

Krez Solona qızıl  və daş-qaşla dolu xəzinəsini göstərib soruşdu:

- Sən mənim qədər xoşbəxt adam tanıyırsanmı?

Solon cavab verdi ki, o, çox namuslu adamlar tanıyıb ki, korluq çəkmədən uzun ömür sürüblər və sevimli dostları və qohumları arasında dünyalarını dəyişiblər. Elə xoşbəxtlər də tanıyıb ki, vətəni uğrunda həlak olublar və həmvətənləri tərəfindən hörmət=izzətlə dəfn ediliblər, indi də hörmətlə yad edilirlər.

- Sən mənim xoşbəxtliyimi bu sadə adamların adi həyatı ilə müqayisə edirsən?

- Padşah, sənin xoşbəxtliyin haqqında o vaxt danışmaq olar ki, yaşadığın kimi də ömrünü başa vura biləsən.

Krez Solonun sözlərindən o qədər də xoşlanmadı. Ancaq bu sözləri yadında saxladı.

Krez öz bacısını Midiya padşahı Astiaqa ərə vermişdi. Bir gün o eşitdi ki, Astiaqın nəvəsi Kir qiyam qaldırıb da taxt-taca yiyələnib, Astiaqı isə zindana salıb. Krez qərara gəldi ki, yeznəsini xilas etmək üçün Kirlə müharibəyə başlasın.Ancaq ehtiyatlı Krez əvvəlcə yozucu kahinlərlə məsləhətləşmək qərarına gəldi. O dövrdə məşhur yozucu Yunanıstandakı    Apollon məbədinin kahini sayılırdı. Krez öz adamlarını onun yanına göndərdi. Ancaq onlara tapşırdı ki, kahinin yanına filan günü , filan vaxtı girərsiniz. Krezin  elçiləri gəlib məbədə çatdılar, padşahın dediyi vaxtda kahinlə görüşdülər. Ona sual verdilər:

- De görək, bizim padşahımız Krez indi bu saat nə eləyir?

Kahin gözlərini yumub bir qədər susdu. Sonra dedi:

- Krez indi bu saat öz sarayında tısbağa əti ilə quzu ətini bir qazana töküb xörək bişirir.

Elçilər Lidiyaya qayıdıb kahinin cavabını Krezə yetirdilər. Krez gördü ki, bu kahin, doğurdan da hər şeyi bilir. O, kahinə təmiz qızıldan düzəldilmiş şir heykəli hədiyyə göndərdi. Heykəlin özülü yüz on yeddi qızıl kərpicdən düzəldilmişdi. Padşah bu dəfə kahindən soruşdu: “Əgər mən farsların hökmdarı Kirlə müharibəyə başlasam, qalib gələ bilərəmmi?” Kahin cavab verdi ki, əgər o, Kirlə müharibəyə başlasa , böyük dövləti dağıdacaq.

Krez elə düşündu ki, kahinin dediyi böyük dövlət Əhəmənilər dövlətidir. Odur ki, gecikmədən Kirə qarşı müharibəyə başladı.

Birinci döyüşdə heç bir tərəf bir -birinə qalib gələ bilmədi. Krez öz ölkəsini qayıdıb müttəfiqlərini-Babili və Misiir köməyə çağırdı. Ancaq Kir onun güclənməyinə imkan verməyib dərhal ikinci döyüşə girişdi.

Bu döyüşdə Lidiya qoşununun önündə süvarilər, arxada piyadalar gedirdi. Bunu görən Kir süvarilərin üstünə dəvəyə minmiş döyüşçüləri göndərdi. Vəhşi dəvələr atları dişləməyə başladılar. Belə şey görməmiş Lidiya atları hürküb geriyə çapmağa başladılar və süvarilər öz piyadalarını əzib tapdaladılar.
 

Kir bu döyüşdə qələbə çaldı və Lidiyanı ələ keçirdi. Krez isə əsir düşdü. Lidiya padşahı müharibəni birinci başladığı üçün Kir əmr etdi ki, Krezi tonqalda yandırsınlar. Krezi tonqalın yanına gətirəndə  Solonun sözləri onun yadına düşdü və o, kədərli səslə qışqırırdı:

- Ah! Solon! Solon!

Krezin qışqırtısını eşidən Kir əmr etdi ki, onu yanına gətirsinlər. Yanındakı dilmanclara dedi ki, onun nə qışqırdığını soruşsunlar. Krez vaxtilə Solonla olan söhbətini Kirə danışdı və müdrik Solonun haqlı olduğunu etiraf etdi.

Kiri fikir götürdü. O, Krezdən soruşdu:

- Sən nə cəsarətlə mənə qarşı müharibəyə başladın?!

Krez dedi ki, Apollon məbədinin kahini bu müharibədə ona qələbə yozmuşdu, odur ki, o, qalib gələcəyinə əmin idi.

Kir bir qədər fikirləşdikdən sonra Krezi öldürməkdən vaz keçdi, onu yanında məsləhətçi kimi saxlamaq qərarına gəldi.

Əhəməni padşahı Krezə imkan verdi ki, yalançı kahinlə haqq-hesab çəksin. Krez qolundan çıxarılmış buxovları kahinə göndərdi ki, onu utandirsın: "Sən mənə bu qələbədən xəbər verirdin?!” Kahin isə cavabında dedi: “Mən demişdim ki, o, Kirə qarşı müharibəyə başlasa , böyük dövləti dağıdacaq. Mən haqlı idim: Krez Lidiyanı dağıtdı”.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ