Çörək və qızıl

Çörək və qızıl
Tarix :

27-12-2021, 14:19

Abbas kasıb bir kəndli idi. O, bütün günü özünə və ailəsinə yemək almaq üçün çalışır, boş vaxtlarında isə onu yoxsulluqdan xilas edəcək bir xəzinəni necə tapacağı haqda düşünürdü

Çox isti günlərin birində Abbas həmişəki kimi tarlada işləyirdi. O, özünü çox yorğun hiss edib ağacın altında oturdu və xəyal qurmağa başladı: “Əgər Allah mənə sehrli bir güc versəydi, toxunduğum hər şeyi qızıla çevirə bilsəydim, o zaman zəhmətdən qurtular və tam rahat, razılıqla yaşayardım”

Birdən Abbas bir səs eşitdi:

- Ey Abbas! İndi çox istədiyini əldə edəcəksən! Əlini bir əşyaya qoy, dərhal o saf qızıla çevriləcək.

Abbas qulaqlarına inanmadı. Yenə də yerə əyilib kiçik bir çınqıl götürdü. Ona toxunan kimi daş dərhal xalis qızılı çevrildi. Sonra Abbas başqa bir daşa toxundu - o da qızıl oldu.

Abbas çox sevindi və fikirləşdi: “İndi mən şəhərə gedib toz-daşı, hamsını qızıla çevirəcəm... sonra çoxlu torpaq alıb çayın kənarında böyük bir saray tikəcəm, ətrafına isə nəhəng bağ salacam. ...Gözəl atlar alıb dəbdəbəli paltarlar geyəcəm...”

Bir qədər sonra Abbas ayağa qalxmaq istədi, amma özünü çox yorğun, ac və susuz hiss etdi və yeriyə bilməyəcəyini anladı.

- Səhər evdən gətirdiklərimi yeyim, aclığım bir az azalsın!- deyə Abbas öz-özünə düşündü. O, əlini ağacın altına qoyduğu kiçik bir çantaya uzatdı. Abbas çantadan çörək götürüb ağzına qoyan kimi ağzında metal hiss etdi. Çörək qızıla çevrilmişdi!

Çantada hələ bir soğan var idi. Abbas tələsik onu da götürüb yeməyə çalışdı, lakin soğan da qızıl külçəsinə çevrildi. Abbas gördüklərindən çaşıb yerindəcə qalmışdı.

Abbas çox qorxdu.

- İndi necə yeyib-içəcəm? Bu qızıl külçələr dünyasında necə yaşayacam? Axı çox yaxında aclıqdan və susuzluqdan, asanlıqla verilən qızıldan belə istifadə etmədən öləcəm! - Abbas fikirləşdi.

O, hər toxunduğu əşyanı qızıla çevrildiyi üçün aclıqdan və susuzluqdan əzab-əziyyətlə necə öləcəyini xəyal etdi. Amma sonra gözlərini açdı, özünü ağacın kölgəsində uzanan gördü. O, yuxu gördüyünü anladı. Abbas dərin bir nəfəs aldı. Çiyinlərindən sanki dağ götürüldü.

- Allaha həmd olsun ki, bunların hamısı yuxu idi! – o, dedi.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ