Seyid Cəfər Pişəvəri

Seyid Cəfər Pişəvəri
Tarix :

27-12-2021, 13:10

İctimai-siyasi xadim. İranda (xüsusilə Cənubi Azərbaycanda) inqilabi hərəkatın görkəmli xadimlərindən biri, publisist.

12 iyun 1892-i il tarixində Cənubi Azərbaycan, Xalxal mahalının Zaviyə kəndində, yoxsul ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini doğulduğu kənddə alan Seyid Cəfər 12 yaşında ailəsi ilə birlikdə Bakıya (Bülbülə kəndinə) köçmüşdür. 1913-cü ildə Xırdalan kəndində məktəb açmışdı. ildə Pişəvəri "Ədalət" partiyasına daxil olmuş, Nəriman Nərimanovla sıx əməkdaşlıq etmişdir. Bu dövrdə o, həm də Bakıdakı "İttihad" mədrəsəsində dərs demişdir.

1918-ci ildə İran "Ədalət" partiyası Mərkəzi Komitəsinin üzvü seçilmiş və partiyanın rəsmi orqanı olan "Hürriyyət" qəzetinin məsul redaktoru təyin olunmuşdur. Bununla yanaşı, "Azərbaycan füqərası", "Zəhmət sədası", "Füqəra sədası", "Bakı fəhlə konfransının əxbarı" qəzetlərində məqalələrlə çıxış etmişdir. Pişəvəri bu dövrdə Gənc İşçilər İttifaqının orqanı olan "Yoldaş" jurnalının məsul redaktoru vəzifəsində də çalışırdı. 1918-20-ci illərdə İranın bir sıra şəhərlərində "Ədalət"in yerli təşkilatlarının yaradılmasında yaxından iştirak etmişdir. O, irtica və imperializm, müstəmləkəçilik və despotizm əleyhinə mübarizədə İran xalqlarının ittihad və ittifaqının təmin olunmasmı başlıca şərt hesab edirdi.

1920-ci ilin yanvarında, eyni zamanda, " Yoldaş" jurnalının redaktoru olan Pişəvəri "Yaşasın müstəqil Azərbaycan Şura Hökuməti" adlı məqalə ilə çıxış etmişdir. Pişəvəri Şura hökuməti uğrunda çıxış etsə də, o, Azərbaycanın müstəqilliyinin tərəfdarı idi.

Pişəvəri "Ədalət" partiyasının Gilan Respublikası hökumətinin sədri Kiçik xanla danışıqlar aparmaq üçün 1920-ci il mayın 23-də Rəştə göndərdiyi nümayəndə heyətinə başçılıq etmişdir. Uğurla keçən danışıqlardan sonra Pişəvəri Kiçik xan hökumətində xarici işlər komissarı vəzifəsinə təyin olunmuşdur. Həmin ilin iyununda İran Kommunist Partiyasının (İKP) Ənzəlidə keçirilən I qurultayında İKP MK-nın 15 üzvündən biri seçilən Pişəvəri 1922-ci ildə İKP MK Cənub bürosunun rəhbəri təyin edilərək, 1923-ci ilədək İsfahanda çalışmışdır. 1930-cu ilin dekabrında həbs edilmiş, 1940-cı ildə azadlığa buraxılaraq, Kaşana sürgün olunmuş, lakin az sonra burada yenidən tutulmuş, 1941-ci ilin sonlarında azadlığa buraxılmışdır.

1941-45-ci illərdə Cənubi Azərbaycanda demokratik hərəkatın öncüllərindən biri olmuş və Azərbaycan xalqının muxtar hüquqları uğrunda mübarizədə fəal iştirak etmişdir. 1943-45-ci illərdə Tehranda marksist məfkurəli "Ajir" qəzetini buraxmışdır. 1944-cü ildə İran Məclisinə seçilən Pişəvərinin deputatlıq mandatı məclisin mürtəce çoxluğu tərəfındən rədd edilmişdi.

1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Demokrat Firqəsi (ADF) təşkil olundu. Cənubi Azərbaycanda milli azadlıq hərəkatının qələbəsi nəticəsində 1945-ci il dekabrın 12-də (21 Azər) Təbriz şəhərində Azərbaycan Milli Məclisinin iclası açıldı. Milli Məclis Azərbaycan Milli hökumətinin təşkilini Pişəvəriyə tapşırdı. Məclis 10 nazirdən ibarət hökumətin tərkibini təsdiq etdi. Azərbaycan Milli hökuməti bir il yaşadı və İran şahlıq rejiminin hərbi təcavüzü nəticəsində 1946-cı il dekabrın 12-də süqut etdi. Pişəvərinin siyasi mövqeyi İran daxilində Azərbaycanın muxtariyyəti uğrunda mübarizədən onun tam müstəqilliyi ideyasınadək yüksəlmişdir. "12 şəhrivər", "Qızıl səhifələr" adlı bədii əsərlərin müəllifı və naşiri idi. Ana dili və ədəbiyyatına, pedaqogikaya və s. məsələlərə dair məqalələrin müəllifıdir.

1947-ci il iyul ayının 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında Pişəvəri müəmmalı şəkildə maşın qəzasına düşmüş və həlak olmuşdur. Pişəvərinin məzarı Bakı şəhərində Fəxri Xiyabandadır.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ