Balaban

Balaban
Tarix :

12-01-2022, 20:50

Azərbaycanın qədim nəfəs alətlərindən biri də balabandır.

El arasında ona "yastı balaban", "balaman", "mey" də deyilir. Bu alətin adı “bala” (kiçik), “ban” (xoruz səsi) sözləri ilə bağlıdır və “kiçik, erkən ban”  mənasını verir. Yumşaq və həzin səsə malik balabandan ansambl və orkestrdə, həmçinin solo aləti kimi də istifadə edilir. Bəzən aşıqların ifası da balabanla müşayiət edilir.

Balaban ərik, qoz, tut və ya armud ağacından hazırlanır. Uzunluğu 28-30 santimetr olur və üzərində səkkiz dəlik açılır. Balabana qarğıdan hazırlanmış müştük taxılır və onun üzərinə keçirilmiş xamıt (qısqac) vasitəsilə alətin səsi nizamlanır. Ağsulu yastı balaban ustası Əli Kərimov  çağdaş Azərbaycan zurna-balaban məktəbinin yaradıcısı hesab olunur.

Məşhur balaban ifaçısı Əlixan Səmədov isə tarixi kökləri altıncı əsrə gedib çıxan bu milli musiqi alətini Türkiyədə də  sevdirə bilib. O, “Balaban metodu” adlı kitabın müəllifidir.

Azərbaycanın məşhur bəstəkarlarının - Üzeyir Hacıbəylinin “İkinci fantaziya”, Müslüm Maqomayevin “Azərbaycan çöllərində”, Hacı Xanmmədovun “Simfoniyetta” və bir sıra digər əsərlərdə balabanın solo ifasına geniş yer ayrılıb.

 

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ