Azərbaycanın ilk sakinləri və onların yaşayış məskənləri

Azərbaycanın ilk sakinləri və onların yaşayış məskənləri
Tarix :

27-12-2021, 13:38

Arxeologiya elminin ən əsas vəzifələrindən biri də ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixinin öyrənilməsidir. Arxeologiya elmi insanlığın uzaq keçmişini maddi mədəniyyət qalıqları vasitəsilə öyrənir.

Aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuşdur.

Tapılmış elmi materiallar əsasında Azərbaycanın uzaq keçmişinin tarixi, insanlığın ilkin inkişaf mərhələləri və ulu sakinlərin maddi mədəniyyət qalıqlarının xüsusiyyətləri öyrənilir və tədqiq olunur.

Azərbaycan alimlərinin Avropa alimləri ilə birlikdə apardığı tədqiqatlar nəticəsində Azərbaycan ərazisində ibtidai insanların 2 milyon il bundan əvvəl yaşamağa başlaması sübut olunmuşdur. Halbuki, 1950-ci illərin əvvəllərinə qədər respublikamızın ərazisində qədim insan düşərgələrinin olmadığı və burada ibtidai insanların yaşamadıqları görsədilirdi. Lakin son illərdə Azərbaycan alimlərinin apardıqları arxeoloji tədqiqatlar bu fikrin yanlış və əsassız olduğunu görsətdi, respublikamızın ərazisinin qədim insanın yarandığı və formalaşdığı ərazilərdən biri olduğu elmi materiallarla sübuta yetirildi. Eyni zamanda Azərbaycan ərazisində sivilizasiyanın özünəməxsus xüsusiyyətlərinin olması müəyyən olunmuşdur.

Azərbaycanın Qarabağ ərazisində aparılan kompleks tədqiqatlar nəticəsində paleolit dövrünə aid zəngin düşərgələr qeydə alınmış və elmi tədqiqat işləri aparılmışdır. Qarabağın dağlıq ərazisində karst mağaraları mövcuddur. Lakin hələlik bu diyarda ən zəngin maddi mədəniyyət nümunələrinə malik arxeoloji tapıntılar Azıx və Tağlar mağaralarında qeydə alınmışdır.

Çoxtəbəqəli Azıx paleolit düşərgəsi Qarabağın ən mənzərəli guşəsində Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə, Füzuli şəhərinin 16 kilometrliyində olub, Tuğ çökəkliyində yerləşir.

Elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azərbaycanın ən qədim sakinlərinin əmək alətlərini hazırlaması və onların sonrakı inkişafı üçün minilliklər lazım olmuşdur.

Azərbaycan ərazisində tapılan qədim insan düşərgələrində aşkar olunmuş maddi mədəniyyət qalıqları burada ibtidai insanların mağara həyatından, əmək alətləri hazırlanmasından, ovçuluq təsərrüfatından, ilkin odla tanışlıqdan, ibtidai tikili yerlərindən, qaya rəsmlərindən və Qarabağın qədim tarixindən xəbər verir.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ