Dərələyəz mahalı

Dərələyəz mahalı
Tarix :

28-12-2021, 17:23

Qərbi Azərbaycan ərazisindəki ən qədim yaşayış məskənlərindən biri, qədim türk-oğuz yurdu olan Dərələyəz mahalı 2308 kv.km ərazini əhatə edir.

Dərələyəz mahalı — Şərur-Dərələyəz tarixi vilayətinin dağlıq hissəsini təşkil edir. 

Qərbi Azərbaycanın Dərələyəz mahalında tarixin ən qədim dövrlərindən askas, sak, hors, şirak, qarqar, qayı, kəngər, qaşqay, gencək, muğ, quşçu, oğuz, ivə//yivə, cığatay, çul, küyərçi, sal, aban, xələc və s. türk tayfaları yaşamış və öz adlarını bir sıra etnotoponimlərdə (Ələyəz, Ərgəz, Hors, Hosdun, Zirək, Herher, Qaşqa, Gənzək, Quşçu, Cığatay, Cul, Göyərçin, Sallı və s.) əbədiləşdirmişlər. Qərbi Azərbaycanın Dərələyəz mahalının oykonim, oronim və hidronimlərinin hamısı türk mənşəli olmuşdur.

Dərələyəz toponimi Azərbaycan dilində “iki dağ və ya təpə arasında, çuxur” mənasında işlənən dərə sözü ilə alagöz türk etnonimi əsasında yaranmışdır. Oykonimini isə alagöz tayfa adını əks etdirən etnotoponim kimi izah edir. XIX əsrdə Şimali Qafqazda Dağıstan əyalətinin Teymurxanşura dairəsində Alagöz, Naxçıvan qəzasında Alagöz-Məzrə, Şərur-Dərələyəz qəzasında Alagöz kənd xarabalığı, Qars əyalətinin Kaqızman dairəsində Alagöz kənd xarabalığı, Şərur-Dərələyəz qəzasında Alagöz çayı, Qars əyalətinin Ərdəhan dairəsində Alagöz adları ilə mənşəcə eynidir. Adın birinci komponenti olan ala sözü türk dillərində “geniş, böyük, uca” mənasında işlənir.

Tarix göstərir ki, həmin ərazi V əsrdən yaşayış məskəni olmuş, VIII əsrdə vulkan püskürməsi nəticəsində həmin ərazi, o cümlədən qədim insan məskəni olan Moz qəsəbəsi dağılmışdır.

Tarixi arxeoloji qazıntılar zamanı Dərələyəz mahalının torpaq altında qalan şəhər izləri də bunu sübut edir. Dərələyəzin oğuz yurdu olması faktı dəfələrlə sübut olunmuşdur. Bu faktları ermənilər də çox gözəl bilirlər. Qeyd edək ki, oğuz yurdu Dərələyəzin qədimliyini sübut edən milli-mədəniyyət abidələri də mövcuddur. Dərələyəzdəki qoç, qoyun, at daş abidələri mahalın qədimliyini - oğuz yurdu olduğunu sübut edir. Tədqiqatçılar araşdırma nəticəsində sübut edir ki, erməni hansı ağılla Dərələyəz sözünü erməni sözü hesab edə bilər: Bu toponim Dərə və Ələyəz sözləri birləşərkən “ə” saitinin birinin düşməsi ilə formalaşmışdır. Türk dillərində ala//ələ sözü uca, yüksək mənasını ifadə edir. “Dərələyəz” sözü uca, yüksək, böyük dərələrdə olan kaslar, xəzlər, ğuzlar, oğuzlar, azlar, uzlar mənasındadır.

XIV-XVI yüzilliklərdə Dərələyəz bölgəsinin Əmir Teymurun və onun tərəfdarlarının tabeliyində olması, sonralar, yəni 1504-cü ildə isə Şah İsmayıl Xətai tərəfindən idarə olunmasına dair də faktlara rast gəlinir.

İndiki Ermənistan ərazisində olan qədim tarixi abidələrin böyük bir qismi Dərələyəzdədir. Bütün Qafqazı qarış-qarış gəzən alman səyyahı və tarixçisi İ.Şopen demişdi ki, Dərələyəz Qafqazın İsveçrəsidir.

Naxçıvan əyaləti tərkibində 5 mahal, o cümlədən Dərələyəz mahalı təşkil olundu ki, bu da sonralar Şərur mahalı ilə birləşdirilərək Şərur-Dərələyəz qəzası adı ilə İrəvan quberniyası tərkibinə daxil edildi. Şərur-Dərələyəz qəzası İrəvan xanlığı dövründə (XVIII əsrin 40-cı illəri – 1827) Şərur mahalı kimi onun tərkibinə, Dərələyəz isə Naxçıvan xanlığına daxil idi. Çar Rusiyası Naxçıvan və İrəvan xanlıqlarını işğal etdikdən sonra burada "Erməni vilayəti" yaratmışdı. 1840-cı il inzibati-ərazi bölgüsü zamanı "Erməni vilayəti" ləğv edildi, İrəvan və Naxçıvan qəzaları təşkil olundu. 1870-ci ildə isə Şərur və Dərələyəz torpaqları əsasında yeni qəza – Şərur-Dərələyəz qəzası təşkil olunmuşdu.

Əlverişli coğrafi mövqedə yerləşməsi ilə əlaqədar olaraq, Dərələyəz mahalı ermənilər tərəfindən daha çox hücumlara, basqınlara məruz qalan bölgələrdən biri olmuşdur. 1828-ci ildə Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilər minilliklər ərzində azərbaycanlıların yaşadığı Qərbi Azərbaycan ərazisinə, o cümlədən Dərələyəz mahalına kütləvi surətdə köçürülməyə başlamış, Rusiya İmperiyasının dəstəyi ilə azərbaycanlılar öz dədə-baba torpaqlarından tədricən sıxışdırılıb çıxarılmış, mərhələlərlə deportasiyaya məruz qalmışlar. Rusiyanın tərkibinə daxil edilən Dərələyəz bölgəsi İran və Türkiyədən buraya köçürülən ermənilərin hesabına etnodemoqrafik dəyşikliklərə məruz qalmışdır. Köçürmələrə qədər bölgədəki ailələrin 94,1%-ni azərbaycanlılar, 5,8%-ni ermənilər təşkil edirdisə, köçürmələrdən sonra erməni ailələri 25,8%-ə çatmışdır. Belə ki, 1828-1830-cu illərdə İran və Türkiyədən Dərələyəzə 2773 erməni köçürülüb məskunlaşdırılmışdır. Bundan sonra azərbaycanlıların qədim yaşayış məskənlərinin adları dəyişdirilməyə başlamışdır. 1870-ci ildə Dərələyəz İrəvan quberniyasının tərkibində yaradılan Şərur-Dərələyəz qəzasına daxil edilmişdir.

1897-ci il məlumatına görə, Dərələyəzin sahəsi 2972,3 kv.km, əhalisi 76551 nəfər idi. Əhalinin 70,5%-i azərbaycanlı, 27,5%-i erməni olmuşdur. 1918-1920-ci illərdə Dərələyəzin azərbaycanlı əhalisi dəhşətli soyqırıma məruz qalmış, sağ qalanlar isə öz doğma yerlərini tərk etməyə məcbur edilmişlər. Terrorçu Andronik Ozanyanın hücumundan kökənli müsəlman-türk əhalisini xilas etmək üçün Azərbaycan hüdudlarına daxil olan Osmanlı Türkiyəsinin IV Qafqaz Ordusunun Musa Qarabəkir Paşanın başçılığı ilə əsgər-zabit heyətinin bir tağımı da Dərələyəz mahalında olmuşdur.

Şərur-Dərələyəz qəzasında 40 şiə məscidi fəaliyyət göstərib.

1919-cu il 28 avqustda Azərbaycan Demokratik Respublikasının Baş naziri Fransaya Sülh Konfransının sədrinə yazdığı məktubda göstərir ki, respublikanın tərkibində olan Naxçıvan, Şərur-Dərələyəz, Sürəməli və İrəvan qəzalarının etnik tərkibi əsasən azərbaycanlılardan ibarət olmaqla, Şərur-Dərələyəz qəzasında müsəlman-azərbaycanlılar 72,3 faiz, ermənilər 27,1 faiz, digər millətlər 0,4 faiz təşkil edir.

1920-ci il avqustun 10-da Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan SSR-in rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarıb. Zaqafqaziya MİK-in 1929-cu il 18 fevral tarixli qərarına əsasən, Azərbaycan SSR-in rayonlaşdırılması ilə əlaqədar Şərur-Dərələyəz qəzası ləğv edilmiş, tərkibindəki Qurdqulaq, Xaçik, Horadiz kəndləri torpaqları ilə birlikdə Ermənistana qatılmışdır. Bu, Moskva müqaviləsinin (1921) və Qars müqaviləsinin (1921) şərtlərinə, eyni zamanda beynəlxalq hüquq normalarına tamamilə zidd idi. Ermənistan SSR rayonlaşdırılan zaman Dərələyəz mahalı Keşişkənd və Soylan rayonlarına bölünmüşdür. Dərələyəz (dəyişdirilmiş adı Ayotsdzor) dağ silsiləsi Arpa çayı ilə Naxçıvan çayı arasındadır. Şərqdə Zəngəzur zirvəsinə qovuşur. Uzunluğu 70 km, ən hündür zirvəsi Kükü dağıdır.

Həmin dövrdə Dərələyəz mahalında əhalinin zorla qovulması, deportasiyası başlamış, yaşayış məntəqələrinin dağıdılması və ləğv olunması 1988-ci ilə qədər mərhələlərlə davam etmiş, 48 kənd bir dəfə, 49 kənd 2 dəfə, 16 kənd 3 dəfə, 4 kənd 4 dəfə, 1 kənd 5 dəfə deportasiyaya məruz qalmış, dağıdılmış və ləğv olunmuş, əhalisi zorakılıqla qovulmuşdur. Azərbaycanlıların sıxışdırılıb qovulması ilə paralel olaraq, ermənilərin bu ərazilərə köçürülməsi prosesi də davam etmişdir.

P.S. Şərur-Dərələyəz qəzasının xəritəsi 1902-сu il "Qafqaz təqvimi"ndə (Kafkazskiy Kalendar) verilmiş xəritə əsasında hazırlanıb.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ