Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib

Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib
Tarix :

7-07-2023, 21:44

Şərur rayonunda görkəmli alim, Ümummilli Lider Heydər Əliyevin ağır zamanlarda ən yaxın silahdaş və siyasi sirdaşlarından olan, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Cavidşünas alim, filoloq-tarixçi, "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin təsisçisi və ilk sədri, Yeni Azərbaycan Partiyasının ən fəal qurucularından, məşhur "91-lər" dən olan mərhum professor Əjdər Tağı oğlu İsmayılovun anadan olmasının 85 illiyinə həsr olunan "Dövləti qoruyun!" adlı elmi praktik konfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Sonra professorun Azərbaycan və anadolu türkcəsində çap olunmuş kitabları və qəzetlərdə çap olunan məqalələrindən ibarət sərgiyə baxış olub. 

Sonra Əjdər İsmayılovun oğlu, Turan Araşdırmalar Mərkəzinin sədri Cavid İsmayıl atası ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə paylaşıb, onun Ulu öndər Heydər Əliyev ideyalarına sadiqliyi, dövlətçiliyə xidmətləri ilə qürur duyduğunu vurğulayıb. Cavid İsmayıl tədbirin təşkilatına görə minnətdarlığını bildirib

İlk çıxışı Yeni Azərbaycan Partiyası Şərur Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev edərək professor Əjdər İsmayılovun həyat-yaradıcılığından və siyasi fəaliyyətindən geniş danışıb. O, bildirib ki, tanınmış ictimai-siyasi və elm xadimi Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1963-1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1961-1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, Daxili İşlər Nazirliyinin "Şərq qapısı" redaksiyasının əməkdaşı, 1977-1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent, professor olub.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, bənzərsiz şəxsiyyəti ilə seçilən Əjdər İsmayılovun ədəbiyyatşünaslıq, tarix, dilçilik, türkologiya və digər sahələrdə apardığı bütün tədqiqatlar Azərbaycan elmi üçün mühüm töhfələrdir. Qeyd edilib ki, Əjdər İsmayılov "Moisey Xorenatsi anonim keşiş müəllifdir", "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir" kimi uydurma tarix və şəxsiyyətlərlə bağlı ciddi əsərlər ortaya qoyub, Albaniya ilə bağlı önəmli araşdırmalar aparıb və həmin tədqiqatlar bu gün Alban ədəbiyyatını, mədəniyyətini, ictimai fikrini öyrənənlər üçün qiymətli mənbələrdir. Əjdər İsmayılovun ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirak etdiyini vurğulayan İsmayıl Hacıyev onun Ümummilli Liderimizin ən yaxın silahdaşlarından və məşhur "91-lər"dən olduğunu qeyd edib. Heydər Əliyevçilik uğrunda sonacan, qətiyyətlə, təmənnasız mübarizə apardığını deyən akademik bildirib ki, Əjdər İsmayılov həyatının sonuna qədər Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalıb, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsal İsmayılov bildirib ki, ümummilli qurtuluş tarixində dəyərli professor Əjdər müəllimin xüsusi payı olub:

"Bir vaxtlar  bu binada təsis konfransı keçirilmiş, Heydər Əliyev həmin konfransda iştirak etmişdi. O, konfransdan öncə təşkilatı işlər həyata keçirmişdi.

O vaxt Heydər Əliyevin ətrafında olmaq böyük cəsarət və qətiyyət tələb edirdi. Həmin insanlar Əjdər müəllimin rəhbərliyi ilə yaradılan təəssübkeşlər qrupunda birləşmişdi. Qrupun missiyası YAP-ın təsis olunması üçün imza toplamaq idi. Otuz  iki  mindən  çox imza toplanmışdı. 

İnsanlar partiya seçə bilər,  bu onların  siyasi məsuliyyətini göstərir. Ancaq, xidmət etmək tamamilə fərqli anlayışdır. Əjdər müəllim bu yolda böyük fədakarlıq etmişdi.

Əjdər müəllim həmin tədbirdə insanlara müraciət edərək demişdi,"...Allahın yolladığı müdrik xilaskarı həyatımız bahasına olsa da, qorumalıydıq. Vətənimizi bu bəladan xilas edə biləcək yeganə insan Heydər Əliyevdir. Və mən sizin qarşınızda and içirəm ki, biz hakimiyyətə gələndən sonra mən heç bir vəzifəyə getməyəcəyəm, mənim amalım vətənin xilasıdır"

Ümummilli qurtuluş tarixində dəyərli professor Əjdər müəllimin xüsusi payı olub.

Qurtuluşun müəllifi təbii ki, Heydər Əliyev olub. Onun ətrafında toplanan, çaba göstərən insanlar olub. Onlardan biri də Əjdər müəllimdir. Həmin dövrdə konfransda iştirak edənləri hörmətlə yad edirəm.

Onların böyük xidməti, əməyi olub. Əjdər müəllim auditoriyanı ələ almağı bacaran natiq idi. Partiyadan kənar öz mənafeyini güdən birini tutsa, ona sözünü deyirdi. YAP çox qısamüddətli müxalifət oldu. Azərbaycan xalqının seçimi ilə seçilən Heydər Əliyev sonradan özü də bildirdi ki, hakimiyyətə gəlməyində YAP cığır yolu açıb. O dövrdə Azərbaycanda və Naxçıvan MR-da vəziyyət acınacaqlı idi. Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün sosial tələblər artmışdı. Əjdər müəllim uzaqgörənliyi ilə milli məfkurəni dərk edən insan idi. Əjdər müəllim xalqın etimadını qazanmışdı, Şərur torpağının fəxri idi. Dediyi sözün sona qədər arxasında oldu. Əjdər müəllim kimi insanlar sadə həyat yaşadı. Millət qazandı, xalq qazandı. O vaxt insanlar bir düşüncə ətrafında cəmləşirdi. Çoxu yanlışlığa yol verə bilirdi. Aralarında cəsarət sahibləri var idi. Biri də Əjdər İsmayılov idi. O, ən ciddi məsələləri ulu öndərə deməyi bacarırdı. Partiyaya gələn rüşvətxorları görməyi bacarırdı. YAP-ın öz sosial siyasəti, ideyaları, proqramları var idi. Heydər Əliyev deyirdi ki, həmin adamlar zamanın sınağından keçməyəcək. Sınaq isə həmin ideyalar idi. Bu gün onun dövlətçilik proqramı yüksək səviyyədə həyata keçirilir. 

Bu gün Əjdər müəllimin xatirəsini yaşadan, YAP-a sadiq olan Cavid müəllimə də təşəkkür edirəm. Siz atanızın adına layiq insansınız. Azərbaycan siyasi həyatına töfhələr verirsiniz. 

Əjdər müəllim öz həyatını təhlükəyə atdı. O vaxt DİN əməkdaşlarından biri Əjdər müəllimə "siz də yaşlısınız, dincəlin" deyə xəbərdar edib. Həmin vaxt müəyyən siqnallar verilirdi. Heydər Əliyevi fiziki olaraq məhv etmək istəyirdilər. Türkiyədən "killer"lər gətirilmişdi. Həmin insanların üzünə qarşı Əjdər müəllim əqidəsiz olduqlarını bildirib. 

Əjdər müəllim son nəfəsində "dövləti qoruyun" deyib".

Tarixi romanlar müəllifi, yazıçı-publisist Yunus Oğuz çıxışı zamanı qeyd edib ki, Əjdər İsmayılov Azərbaycan tarixi üçün çox dəyərli alimlərdən biri olub:

"Bir dəfə Zeynəb Xanlarova mənə zəng vurmuşdu. Mən həm də "Olaylar" qəzetinin baş redaktoruyam. Dedi ki, "mənim anam Oğuz rayonundandır. Sən məndən niyə yazırsan?" Bildirdim ki, mən oğuzlu deyiləm. Yunus Oğuzam. Oğuz xanın nəslindənəm. 

Əjdər müəllim İslamaqədərki tarixi yazıb. Yazıb ki, "Qutqaşını, Vartaşeni niyə ermənilərə vermisiniz?", "niyə dəyişmisiniz adını?"  Bəziləri Əjdər müəllimə qarşı çıxış elədilər. Əjdər müəllim bildirdi ki, şen də, qut da, var da bizimdir. İslamaqədərki tariximizi niyə unudursunuz?

Əjdər müəllim bu cür alim idi. 

Arada o biri dünya ilə danışıram. Deyir ki, burada millət yoxdur. Nə var idisə, Naxçıvanda, Azərbaycanda var idi. Allah onun ruhunu yüksək məqamlara qaldırsın. 

Nəyi necə yazacağını zəng vurub soruşardı, fikir mübadiləsi edərdi. Deyərdik ki, sən bizdən yaşca böyüksən. Cavabında gəncləri dinləməliyəm, gənclər yaradıcı olur deyərdi, fikirləri və düşüncələri mənə önəmlidir. 

Rusiyaya "böyük qardaş" deyəndə "Nə böyük qardaş, biz burda anadangəlmə olmuşuq. 5-6 minillikdən yuxarı tariximiz var" deyirdi. Heç vaxt təkcə Naxçıvan ərazisini yox, Azərbaycanı güneyli-quzeyli, bütöv Azərbaycan düşünürdü.  

İndi Əhməd bəy Ağaoğluna, Əli bəy Hüseynzadəyə fikir babası deyirik. 50-60 il sonra Əjdər Tağıoğlunu fikir babası adlandıracaqsınız. O, Şərurdan çıxıb.  Əjdər müəllim adam kimi adam idi. Eşq olsun ona!"

Professorun tələbəsi Vüqar Məmmədxanlı çıxışı zamanı qeyd  edib ki, biz hamımız özümüzü Əjdər müəllimin tələbəsi hesab edirik:

"O, çox böyük alim olub. Filoloq, tarixşünas olub. Dövlətimizin sütunlarından birinə çevrilib. Biz film izləyərkən aktyorları görürük. Rejissorları görmürük. Əjdər müəllim son 50-60 illik siyasi tarixdə bütün proseslərdə rejissor rolunu oynayıb. Hüseyn Cavid irsinin ən böyük tədqiqatçısı idi. Mənfur düşmən torpaqlarımıza göz dikdikdə ən böyük tarixi kitabları ortaya çıxarıb, onları susmağa məcbur edən alim idi. Sonraki dövrdə Əjdər İsmayılov milli azadlıq hərəkatının qabaqcıl üzvü olub. Şərurda milli müdafiə dəstələrini yaradan şəxs olub. Sonra  Heydər Əliyevə  olan haqsızlıqlara qarşı mübarizəyə başladı. Onun hüquqlarının ən böyük müdafiəçisi oldu. 

O, and içmişdi ki, dövlətçiliyə xidmət edəcək. Turançılıq ideologiyasının ən böyük daşıyıcılarından biri idi. Tariximizin izi ilə gedə bildiyi bütün nöqtələrə gedib. Azərbaycan, türk tarixinin formalaşmasında misilsiz xidmət sərgiləyib. Zalda əyləşənlər fəxr etməlidir ki, onunla eyni dövrdə yaşayıblar və  söhbətlərini eşidiblər. Hər birimiz ona borcluyuq".

Şərur rayonu Çomaxtur kənd orta məktəbinin direktoru Pərvin Nəcəfsoy çıxışında demişdir; "1938- ci il aprelin 23-də Şərur rayon Çomaxtur kəndində bir uşaq dünyaya göz açdı. İsmayılov Əjdər Tağı oğlu  təkcə İsmayılovlar ailəsinə sevinc bəxş etməklə qalmadı, gələcəkdə  bir kəndin qürur, fəxr səbəbi oldu. O hələ uşaq ikən  kitablara maraq göstərir, hər gecə atasının onlara kitab oxumağını səbirsizliklə gözləyirdi. Kitaba olan sevgisi onun məktəb vaxtı da bədii kitablar oxumağı ilə seçilirdi. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirdi. Əjdər müəllim  hər sahədə mükəmməllik istəyir və göstərirdi. Onun rejissorluq sənətinə də yiyələnməsi bunun bir göstəricisidir. Əjdər müəllim həm də dünənimizin ,bugünümüzün və gələcəyimizin işıqlı yolu olan Yeni Azərbaycan Partiyasının quruculuğunda böyük əməklər sərf etmişdir. O Şərur rayonunda iclas təşkil edərək Heydər Əliyevin prezdentliyə namizədliyini irəli sürmüşdür. 1961-1977-ci illərdə Çomaxtur kəndində müəllim və məktəb direktoru vəzifəsində çalışmışdır. O vaxt bir çox yerlərdə olduğu kimi Çomaxtur kəndində də məktəb 7 illik idi. Əjdər İsmayılov direktorluq vəzifəsini Çomaxtur kəndində təzə 10 illik tam orta məktəb tikdirmək şərti ilə qəbul etdi və onun bu istəyi nəticəsində Çomaxtur kəndində ilk dəfə  yeni avadanlıqlarla təchiz olunmuş məktəb tikildi. Əjdər müəllimin direktorluq etdiyi dövrlərdə məktəb tamamilə dəyişmiş, ciddi və səmimi mühit yaradılmışdı. Çomaxtur kəndindən ali məktəblərə məhz həmin ildən qəbul olunmuş və bu ənənə  o vaxtdan bugünə qədər  gəlib çıxmışdır.Texnologiyanın inkişaf etmədiyi bir dövrdə məktəbin sinif otaqlarında dərslərin dinlənilməsi sistemini yaratmış və hər bir müəllimin özünü daha məsuliyyətli hiss etməsini təmin etmişdir. Hətta onun rəhbərlik etdiyi dövrlərdə şagirdləri elə tərbiyə etmişdir ki, illər ərzində şagirdlər məktəb avadanlıqlarını göz bəbəyi kimi qoruyub saxlamışlar. O şagirdlərinin təhsili üçün əlindən gələndən  artığını etməyə çalışmış və buna nail olmuşdu. Çomaxtur kəndinin həkimi də,  hakimi də, müəllimi də məhz onun dövründə olmuşdur. Əjdər müəllimə bu nailiyyətlərinə görə "Sosialist yarışı qəhrəmanı" döş nişanı təqdim edilmişdir. Əjdər müəllim şagirdlərinə hər zaman nümunə olmuş, onlarda milli vətənpərvər ruh oyatmışdır. Bir müəllim, bir direktor, ədəbiyyatçı, tarixçi alim ola, vətənpərvər ruhlu ola, şagirdlərinin təhsilini hər şeydən öndə tuta, məktəb ən gözəl elm mühiti olmazmı? Müəllimlik sənətini çox sevən, elmin bütün sirlərinə yiyələnən Əjdər müəllim övladlarını,  hətta nəvələrini də ali savada yiyələndirmiş, dövlətin xidmətində hər zaman hazır etmişdir. Onun qız övladları: Aygün, Natavan, Gülbəniz və Heyran xanım ata sənətini davam etdirərək şagirdlər yetişdirən müəllimlik sənətinə yiyələnmişlər. oğlu Cavid isə Fəlsəfə doktoru, iqtisadçı, hüquqşunas olmaqla dövlətə xidmət göstərir. Bir ömür ki, xalqa, şagirdlərə həsr oluna .."Dünyada müəllimdən varlı bağban tapılmaz" misalını da məhz Əjdər müəllimə aid etmək olar. 85  il sonra da xatırlanan insan boşa ömür sürmüş ola bilməz.Əjdər İsmayılov həm sevimli müəllim, həm sevimli ata, həm də gözəl ailə başçısı olmuşdur.Əjdər İsmayılov əsərlər yazaraq Hüseyn Cavidi dünya yazıçılarına bərabər tutmuş və bunu tanınmış, səlahiyyətli şəxslərə isbat etmişdir. O ədəbiyyata, Hüseyn Cavidə olan sevgisini oğlunun adını Hüseyn Cavid qoyaraq bir daha sübut etmişdir.

Xalqımın ulu oğlu

Əjdərisən, Əjdəri

Elm üçün yaşayan

Alimlər Alimisən

Sən müəllim adının

Ən bariz nümunəsisən!..

Mən həm comaxturlu, həm Əjdər İsmayılovun qohumu, həm də onun davamçısı olaraq Çomaxtur kənd tam orta məktəbinin direktoru olduğum üçün qürur hissi keçirirəm.Əjdər İsmayılov-müəllim, dilçi, tarixçi alim 13 mart 2022- ci ildə dünyasını dəyişdi.

Bir Alim  köçərsə dünyadan, bir cahan köçər onunla bir yandan..

Amma Əjdər müəllim özündən sonra özü kimi savadlı Hüseyn Cavid adlı oğul qoyub getmişdir. İllər, əsrlər bir- birini ötüb keçəcək, xalq üçün yaşayanlar, Əjdər müəllimlər hər zaman bir tarix olub könüllərdə, dillərdə gəzəcəklər. Sən rahat yat, vətən oğlu,vətən alimi, ruhun şad olsun!

YAP-ın veteranlarından olan Musa Şirəliyevin sözlərinə görə, Əjdər müəllimlə əsas fəaliyyəti Sovet hökumətinin dağılması ərəfəsində rayonda gedən ictimai-siyasi hadisələrlə bağlı olub:

"Mənim üçün çox xoşdur ki, Azərbaycan tarixində öz dəsti-xətti ilə yer tutan alim Əjdər İsmayılovun 85 illik yubileyi qeyd olunur. 

Bu, zalda çıxış etməkdən şad oldum. Köhnə dostları gördüm. Qəlbim kövrəldi. Biz bu gün Əjdər müəllimin ruhunun işığına yığışmışıq. 

Əjdər müəllimlə əsas fəaliyyətimiz Sovet hökümətinin dağılması ərəfəsində rayonda gedən ictimai-siyasi hadisələrlə bağlı idi.

1990-cı ildə "Şərq qapısı"nda  Əjdər müəllimin yazısı dərc olunmuşdu. Yazıda SSRİ-nin dağılması məsələləri yer almışdı. Yazıda qeyd etmişdi ki, "Türkiyə NATO üzvüdür. Ancaq, bütün natoluların gözü Türkiyədədir". Həmin dövrdə qəzetdə belə bir yazı dərc etmək cəsarət  tələb edirdi. 

Çox ağır günlər idi. Sovet höküməti dağılırdı. Daxili vəziyyət gərgin idi. Düşmən ərazi iddiaları irəli sürürdü. 

Həmin vaxt ölkəyə başçılıq edə biləcək tək müdrik şəxs Heydər Əliyev idi. 

Ulu öndərin 1987-ci il istefasından sonra 15 noyabrda Fransanın "İntercontinental" mehmanxanasında Qorbaçovun müşaviri "Qarabağ İrəvana yaxındı, nəinki Bakıya. Onu Ermənistana birləşdirməliyik" dedi. 

Bu fikirlər ziyalıları da qaldırmışdı. Gözümüzü dikmişdik ki, Şərurda üzdə olan insanlar  buna nə reaksiya verəcək. Belə insanlardan biri də Əjdər müəllim idi. 

Biz belə hadisələrdə köhnə zavodun həyətində taxta balkonda, "Şərq qapısı"-nın redaktorunun balaca otağında toplaşırdıq. 

Əjdər müəllim Bakıdan sənədlər gətirirdi. Mətbəədə şüarlar çıxarıb, kəndlərə paylayırdıq. 

15 noyabrda Şərurda iki böyük mitinq keçirildi. Bakıdan gələnlər olsa da, Əjdər müəllimin çıxışı daha  böyük alqış aldı.

Əjdər müəllim bildirdi ki, Azərbaycanın yeganə çıxış yolu Heydər Əliyevin hakimiyyətə gətirilməsidir. Həmin çıxışdan sonra yerlərdə güclü təşkilatlanma getməyə başladı. Nəticədə 21 noyabrda xalq öz istəyinə nail oldu. 

Əjdər müəllimin elmi fəaliyyəti çox dərin idi. Onun kimi söz sahibi olan insanlar olduqca azdır. Əjdər İsmayılovun "Moisey Xorenatsi anonim keşiş müəllifdir" kitabını oxumağı hər kəsə məsləhət görürəm. Bu kitabın ərsəyə gəlməsi üçün Fransada, İngiltərədə, Almaniyada, Gürcüstanda bir çox tarixi sənədlərə əsaslanıb. İllər keçəcək, tədqiqatçılar Əjdər müəllimin yazılarını təhlil edəcək".

Şərur rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Ümmübanu Musayeva çıxışı zamanı bildirib ki, Əjdər İsmayılov cəsarətli, fədakar, qorxmaz olduğu qədər də çox sadə bir insan idi:

"O hamının dərdi ilə maraqlanır, hamıya kömək əlini uzatmağa çalışırdı. Əjdər İsmayılovun ölümündən mən çox sarsıldım. Çünki Əjdər İsmayılovun ölümü təkcə Şərur rayonu və Naxçıvan üçün deyil, bütün Azərbaycan və hətta bütün  Turan üçün çox böyük bir itki idi".

Tədbirdə iştirak edən Şərur rayonu İcra hakimiyyətinin əməkdaşı Sərxan Cəfərov bildirib ki, Əjdər İsmayılov kimi möhkəm əqidəli, prinsipial, cəsarətli, cəfakeş, Turan sevdalısı biri haqqında danışmaq ona nəsib olduğu üçün özünü çox xoşbəxt hiss edir:

"Azərbaycanlı alim, filoloq, məşhur 91-lərdən, tarixçi, professor Əjdər İsmayılovun 300-ə yaxın elmi  əsər və məqalələri var. Elmi tədqiqat əsərlərində erməni yalanlarını ifşa edib. Əjdər İsmayılovun həyat və fəaliyyəti gənclərimizə yaxşı nümunədir. 1990-cı ildə Naxçıvanı ermənilərə vermək istəyən rus generalına qarşı qətiyyətli addımından sonra Afiyəddin Cəlilov rus qoşunlarını Naxçıvan ərazisindən çıxarıb. 1992-ci ilin avqust ayında  o, Şərur rayonunda   ziyalılardan ibarət "Heydər Əliyev tərəfdarları" təşəbbüs qrupunu yaratmış, rayon ərazisini dairələrə ayırmış və bir neçə ayda otuz iki mindən  yuxarı   tərəfdarı siyahıya aldırmışdı.  Təşəbbüs qrupu Azərbaycanın parçalanmaqla qarşı-qarşıya olduğunu görüb, bütün çətinliklərə baxmayaraq, Heydər Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Bu  Azərbaycanı müstəqilliyə aparan mübarizə yolunun başlanğıcı idi. Əjdər İsmayılovun mübarizə əzmi bu gün gənclərə yaxşı nümunədir. Şəhadətli ömür yolu keçən elm xadimi ömrünün sonuna qədər əsl vətəndaşlıq mövqeyi sərgiləyib. Biz gənclər hansı sahədə olmağımızdan asılı olmayaraq, Əjdər İsmayılov kimi şəxsləri nümunə götürməliyik. 

2011-ci ildə Əjdər İsmayılovun ailəsi ilə birlikdə Tiflis şəhərinə gedərkən ermənilər bizim avtomobili daşa tutmuşdu. Çox qorxmuşdum. Əjdər bəyə "siz qorxmursunuz " sualını verdim. O da cavabında "sənin qorxmağa haqqın yoxdur. Çünki, sən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə formalaşmaqda olan bir gəncsən"-dedi. O , haqlı çıxdı. Biz 2020-ci ildə dəmir yumruq ətrafında birləşərək, bütün dünyaya öz gücümüzü göstərdik".

 

 

 

 


TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ