Böyük Babur dövləti

Böyük Babur dövləti
Tarix :

12-01-2018, 17:44

Böyük Moğol İmperiyası və ya Babur İmperiyası — 1526-1857-ci illər arasında mövcud olmuş və əsası Teymurilər sülaləsindən olan Babur tərəfindən qoyulmuş türk dövləti. Paytaxtı Dehli olub.

XVI əsrin əvvəlində Şimali Hindistan Böyük Moğol İmperiyasının təsiri altına düşdü. Moğollar yerli idarə üsulunu tamamilə aradan qaldırmadı və bunun əvəzinə daha balanslaşdırılmış, mərkəzləşdirilmiş və vahid sistemə malik bir idarə üsulu bərqərar etdilər. Xüsusilə Böyük Əkbərin hakimiyyəti illərində özlərinin tarixi qəbilə əlaqələrini qoruyub saxlamaqla onlara tabe olan ərazilər çərçivəsində fars mədəniyyətini öz mədəniyyələri ilə birləşdirdilər. Moğolların iqtisadi siyasəti kənd təsərrüfatından gələn gəlirə əsaslanırdı. Vergilər əsasən möhkəm nizamlanmış gümüş valyuta ilə ödənilirdi, bu isə əkinçilərin və sənətkarların böyük əmək bazarına daxil olmasına kömək edirdi. İqtisadiyyatda nisbi sabitlik XVII əsr ərzində imperiya tərəfindən qorunub saxlanıla bildi. Marata, Racput və Sikh kimi şimali və qərbi Hindistanda məskunlaşan sosial-ictimai qruplar hərbi və idarəedici sahələrdə maraqlı idilər və bu onlara sonradan hərbi təcrübə qazandırdı. İmperiya ərazisində ticarətin genişlənməsi Hindistanın cənub və şərq sahilləri boyu siyasi və iqtisadi elitanın yüksəlməsinə şərait yaratdı. İmperiya parçalandıqca bu elitanın üzvləri öz aralarında mərkəzi hakimiyyətdən xəbərsiz əlaqələr qura bilirdilər. 

Dövlətin əsasının qoyulması Baburun Dehli sultanlığının hökmdarı İbrahim Ludi üzərində Panipat döyüşündə (1526) əldə etdiyi qələbə ilə ələqələndirilir. İmperiya öz yüksəlişinin ən pik həddinə Sultan Övrəngzebin hakimiyyəti illərində çatır və onun ölümündən sonra (1706) səriştəsiz hökmdarların hakimiyyəti altında bu inkişaf sürəti yavaşlamağa başlayır. İmperiyanın parçalanması kiçik Marata İmperiyası ordusu ilə Dekan döyüşündə böyük itki verilməsi ilə başlayır və bu məğlubiyyət Benqal, Bopal, Oud, Karnatik, Rampur və Heydərabadın nəvvablarının və Əfqanıstan hakiminin öz müstəqilliklərini elan etməsi ilə nəticələnir. 1818-ci ildə baş vermiş III Anqlo-Marata müharibəsindən sonra imperiyanın sərhədləri Dehli ilə hüdudlanır və taleyi həmin ildə Hindistan üsyanı zamanı Dehlinin ələ keçirilməsi ilə həll olunur. 

İmperiyanın “klassik dövr”ü 1556-cı ildə Böyük Əkbərin taxta çıxması ilə başlayır. Əkbərin və oğlu Cahangirinhakimiyyəti dönəmində imperiya dini harmoniya ilə yanaşı iqtisadi inkişaf yaşayır və hökmdarlar yerli dinlər və adət-ənənələrlə maraqlanırlar. Böyük Əkbər həm də eyni zamanda uğur qazanmış bir sərkərdə idi. O, həmçinin hindu racputlardan hərbi birləşmə yaratmışdı. Bəzi Racput hakimləri şimal-qərbi Hindistanda Moğolların hücumlarına müqavimət göstərməyə davam edirdilər, lakin onların əraziləri Böyük Əkbər tərəfindən zəbt edilmişdir. Böyük Moğol İmperiyasının hökmdarlarının böyük əksəriyyəti müsəlman idi. Ancaq Böyük Əkbər ömrünün geri qalan hissəsində və ondan sonra oğlu Cahangir yeni din olan “Din-i-İlahi”nin davamçıları olmuşlar və bu din “Ain-ə-Əkbəri Dabestan-e Mazaheb” kimi dini kitabda qeydə alınmışdır. 

Dövlətin beşinci hökmdarı olan Cahan şahın hakimiyyət illəri Moğol memarlığında qızıl dövr idi. O, bir neçə memarlıq abidəsinin yaradılmasına göstəriş vermişdir. Bunlardan ən məşhuru kimi Aqradakı Tac Mahalla yanaşı yenə Aqradakı Moti məscidini, Qırmızı qalanı, Dehlidəki Cama məscidini və Lahor qalasını misal göstərmək olar. Böyük Moğol İmperiyası ərazisinin ən böyük həddinə Sultan Övrəngzebin hakimiyyəti illərində çatdı və yenə onun hakimiyyəti dövründə Şivaji Bosalın başçılıq etdiyi Marata hərbi üsyanına görə imperiyanın sonuncu eniş dövrü başladı. Hakimiyyəti boyunca cənubda qazanılmış qələbələr hesabına Böyük Moğol imperiyasının əraziləri cənuba doğru genişləndi, ölkənin əhalisi 150 milyona çatdı. 

XVIII əsrin ortalarında Maratalar Böyük Moğol İmperiyasının ordularını məğlub edirdilər və bu qələbələrə görə Dekandan Benqala qədər olan ərazilərə nəzarət edirdilər. Daxili narazılıqlar Benqal, Bopal, Oud, Karnatik, Rampur, Heydərabad nəvvablarının və Əfqanıstan hakiminin öz müstəqilliklərini elan etməsinə görə daha da artmışdı. 1739-cu ildə Moğollar Karnal döyüşündə Nadir şahın qüvvələri tərəfindən məğlub edilmişdilər. Bunun nəticəsində paytaxtları qarət edilmiş və əllərindən alınmışdı. Bu isə onların süqutunu sürətləndirmişdir. Növbəti əsr ərzində Böyük Moğol İmperiyasının gücü məhdudlanmış və sonuncu imperator II Bahadır Şahın dövründə isə yalnız Şahcahanabad şəhəri ilə məhdudlanmışdır. O, 1857-ci ildə baş vermiş Sipahilər üsyanına kömək etməkdə günahlandırılmış, sonralar ingilislər tərəfindən xəyanətə məcbur edilmiş və həbs olunaraq Birmaya sürgün edilmişdir. Beləliklə 1857-ci ildə Böyük Moğol İmperiyası süqut etmiş, torpaqları Britaniya Hindistanının tərkibinə qatılmışdır

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ