Professor Əjdər Tağıoğlunun “Zəngəzur toponiminin qədim etnogenez tarixi” kitabının təqdimatı olub

Professor Əjdər Tağıoğlunun “Zəngəzur toponiminin qədim etnogenez tarixi” kitabının təqdimatı olub
Tarix :

3-10-2023, 11:47

Oktyabrın 2-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Turan Araşdırma Mərkəzi” İB-nin təsisçisi, mərhum alim, Cavidşünas, tarixçi, türkoloq, ictimai-siyasi və elm xadimi, professor Əjdər Tağıoğlunun “Zəngəzur toponiminin qədim etnogenez tarixi” kitabının təqdimatı olub.

İclası akademik Teymur Kərimli açaraq müəllifin tarixçi, elm xadimi kimi səmərəli fəaliyyətindən, qələmə aldığı əsərlərdən söz açıb. Akademik Teymur Kərimli bildirib ki,  Zəngəzur ərazisindəki toponimlərin hamısı qədim türk adlarıdır, sonrakı dövrlərdə ermənilər bu yer adlarını dəyişdirərək, tarixi saxtalaşdırmağa çalışmışlar. Kitab Zəngəzurun qədim türk-oğuz yurdu olmasını tutarlı faktlarla təsdiq edən qiymətli mənbədir.

Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli Əjdər Tağıoğlunu vətənpərvər bir insan kimi xarakterizə edərək vurğulayıb ki, alim yaradıcılığı boyu Azərbaycanın qədim torpaqlarından olan Zəngəzurun tədqiqinə, onun tarixinin öyrənilməsinə böyük səy göstərib. Təqdim olunan kitab da məhz müəllifin doğma yurda olan sevgi və istəyinin təzahüründən yaranıb.

İclasda Toponimika şöbəsinin müdiri, dosent Elçin İsmayılov “Əjdər Tağıoğlunun “Zəngəzur toponiminin qədim etnogenez tarixi” əsərilə bağlı fikirləri”,  elmi işçi Ayşən İsmayıllı “Əjdər Tağıoğlunun “Zəngəzur toponimin qədim etnogenez tarixi” əsərində qədim Zəngəzurun kökü” və digər məruzələrlə çıxış ediblər. Bildirilib ki, müəllif öz əsərində regionumuzun qədim toponimik mənzərəsini yaratmağa nail olub.

Tədbirdə yazıçı-publisist Yunus Oğuz, şair Rüstəm Behrudi, professor Sayalı Sadıqova müəlliflə bağlı xatirələrini bölüşüblər.

Sonda Əjdər Tağıoğlunun oğlu, kitabın redaktoru iqtisadçı alim Cavid İsmayıl tədbirin təşkilatçılarına öz  təşəkkürünü bildirib

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ