"Koroğlu" dastanı

"Koroğlu" dastanı
Tarix :

17-01-2022, 22:08

XVI əsrin sonu — XVII əsrin əvvəllərində baş vermiş Cəlalilər hərəkatı xalq arasında geniş əks-səda tapmış, bu hərəkatın iştirakçıları haqqında çoxlu nəğmə, rəvayət yaranmışdır. Bu tarixi hadisə Azərbaycan və Türkiyə ərazisi ilə bağlı olduğundan yaranan bədii nümunələr də bu ölkələrdə daha geniş yayılmış, dildən-dilə keçmiş, zaman ötdükcə daha da zənginləşmişdir. “Koroğlu” dastanının mənbəyi məhz bu tarixi hadisə, bu hərəkat hesab olunur. Xalqın bədii təfəkkürünün, düşüncəsinin məhsulu kimi meydana gələn bu dastan (təsadüfi deyildir ki, onda əfsanəvi qüvvələr də iştirak edir) illər keçdikcə mükəmməl bədii forma və məzmun almış, möhtəşəm, təkrarolunmaz abidəyə çevrilmişdir.

Dastanda xarakter, fərdi xüsusiyyət və insanlara münasibətləri ilə bir-birindən fərqlənən çoxlu obraz yaradılmışdır. Eposun baş qəhrəmanı Koroğlu xarakteri, davranışı, tədbirli olması ilə diqqəti dərhal cəlb edir və seçilir. Yoxsul ilxıçı oğlu olan Rövşən ilk dəfə atasının intiqamını almaq üçün silaha əl atır, lakin haqsızlığa, ədalətsizliyə nifrəti bu gənci mübarizə yolundan döndərmir. Ağa, bəy, xan zülmündən cana doymuş, xoşbəxt həyat arzusu ilə yaşayan yoxsul gənclərin üz tutduğu Çənlibel azadlığın hökm sürdüyü yurda, Rövşən isə Koroğluya çevrilir.

Bu yenilməz sərkərdəni dəlilərə, yoxsul insanlara daha çox sevdirən mərdliyi, ədalətli olması və igidliyidir. Varlanmaq, şöhrət qazanmaq xalqa arxalanan, ondan güc, qüdrət alan Koroğlunun təbiətinə yaddır.

Koroğlunun başına yığışan, ətrafında sıx birləşən dəlilər — silah yoldaşları üçün ümumi olan cəhətlər az deyildir; mərdlik, qorxmazlıq, haqqın, ədalətin tərəfində durmaq, dostluqda sədaqətli olmaq, düşmənə nifrət və s. onları birləşdirən cəhətlərdəndir. Bu igidləri bir-birindən fərqləndirən xüsusiyyətlər də çoxdur. Dəli Həsən təmkinli, tədbirli olması ilə seçilir. Eyvaz səmimiliyi ilə dəlilərin sevimlisi olur. Bəlli Əhməd təvazökarlığı, Dəmirçioğlu isə səbirli və dözümlülüyü ilə diqqəti cəlb edir.

Dastanı oxuduqca bu el qəhrəmanlarının əxlaqına, davranışına heyran olmamaq mümkün deyil. Sadə insanların, zəhmət adamlarının içindən çıxan bu igidlər öz başçılarına layiq insanlardır.

Eposdakı qadın surətlərinin oxşar cəhətləri çoxdur. Onların, demək olar ki, hamısı xotkar, şah, bəy, xan qızlarıdır. Haqqın, ədalətin, bərabərliyin, mənəvi azadlığın hökm sürdüyü Çənlibel hamı kimi, bu qızları da cəlb edir. Dəbdəbəli saray həyatından üz döndərib bu yurda gələn xanımlar burada sədaqət, vəfa, səmimilik görürlər. Koroğlu dəliləri ilə xoşbəxt ailə quran bu qızlar çətin anlarda ərlərinə arxa, dayaq olur, onlarla bərabər düşmənə qarşı vuruşurlar.

Ağıllı məsləhətləri, xeyirxahlığı ilə bütün dəlilərin hörmətini qazanan Nigar xanım Çənlibelin ağbirçək anası sayılır. Koroğlunu bir igid, mərd insan kimi yüksək qiymətləndirən Nigar xanım onun səhvlərini də üzünə deyir, dəlillərlə sərkərdənin arasında soyuqluğun yaranmasına imkan vermir.

Nigar vəfalı ömür-gün yoldaşı olur. Ərinin qocalığında ona qayğısını daha da artırır, onu fikir etməyə, dərd çəkməyə qoymur.

Dastanda yaradılmış Telli xanım, Ruqiyyə xanım, Məhbub xanım və başqa qadın surətləri ağıl, davranış və xoş rəftarları ilə hamının rəğbətini qazanırlar.

Xalqla, arxasız, kimsəsiz insanlarla amansız rəftar edən xotkar, şah, bəy, xan surətlərinə, demək olar ki, hər qolda rast gəlmək mümkündür. Koroğlu onların yuxusuna haram qatmış, hakimiyyətlərini xeyli məhdudlaşdırmışdır. Bu yenilməz igidlə açıq döyüşdən çəkinən hakim təbəqə onu məhv etmək üçün ağlagəlməz hiylələrə əl atır. Bu təbəqənin ən nüfuzluları Koroğlunu aradan götürmək üçün var-dövlətlərinin böyük bir qismini, hətta övladlarını — qızlarını belə qurban verməyə razıdırlar. Xotkar, Hasan paşa, Ərəb Reyhan, Bolu bəy və b. namərd, hiyləgər, amansız olduqları qədər də qorxaq və ikiüzlüdürlər. Onlar fürsət düşən kimi bir-birini aldadır, xotkarın rəğbətini qazanmaq üçün hər fırıldağa əl atır, ən yaxınlarına belə yalan danışırlar.

Koroğlu və onun dəliləri bütün döyüşlərdə onlara qalib gəlirlər. Bu, haqqın, ədalətin, düzlüyün, doğruluğun qələbəsidir.

Dastanın üzərində müşahidələri dərinləşdirməklə, mənbələri araşdırmaqla bütün deyilənləri nümunələrlə əsaslandırmaq və onlara əhəmiyyətli əlavələr etmək mümkündür.

Dastanın əsrlər boyu maraqla oxunmasının, geniş yayılmasının və yaşamasının səbəbləri çoxdur. Bunlardan ən mühümü onun bədii gözəlliyi, solmayan təravətidir. Bir-biri ilə heyrətamiz ustalıqla bağlanan, əlaqələndirilən əhvalatları həyəcansız oxumaq mümkün deyildir.

Hadisələrin təsviri elə ilk cümlələrdən diqqəti cəlb edir, oxucunu, dinləyicini intizarda saxlayır, onun necə tamamlanacağı maraqla izlənilir.

Dastanda nəsrlə nəzmin əvəzlənməsi ona xüsusi gözəllik vermişdir. Əhvalat və hadisələrin təsviri nəsrlə verilmiş, hiss-həyəcanların ifadəsində isə daha çox qoşma və gəraylıdan istifadə olunmuşdur.

Dilimizin gözəlliyi, ifadə imkanlarının genişliyi dastanın hər cümləsində, səhifəsində açıq-aşkar duyulur. Obrazların hiss və düşüncələrinin, portretlərinin, döyüş səhnələrinin dəqiq seçilmiş söz və ifadələrlə əks olunması dastanın oxucusuna, dinləyicisinə hədsiz zövq verir və o, hadisələrin iştirakçısına çevrilir, qəhrəmanlarla gah fərəhli, gah da üzüntülü duyğular yaşayır. Onların taleyi üçün təhlükə yaranan anlarda həyəcanlanır, zəfər anlarında isə qəlbi iftixar hissi ilə dolur.

Dastandakı əhvalatlar axıcı bir dillə, təşbeh, metafor, təkrir, mübaliğə, litotadan, eləcə də, xalq deyimləri, məsəllər, atalar sözlərindən bol-bol istifadə ilə nağıl olunur.

Dastanın (onun hər bir qolunun) maraqlı, cəlbedici süjetə, bitkin kompozisiyaya malik olması kamil sənət nümunəsi səviyyəsinə yüksəlməsində əhəmiyyətli rol oynayır.

Mövzusunu tarixi hərəkatdan alan dastanda xalqın azad, firavan yaşamaq istəyi, haqsızlığa, ədalətsizliyə nifrəti geniş əksini tapmışdır. Buna uyğun olaraq, Koroğlunun və onun silahdaşlarının — dəlilərin bədii obrazı xalqın arzusuna və zövqünə müvafiq yaradılmış, onlara böyük məhəbbət ifadə edilmişdir. Dastanın yaradıcıları ədalətsiz şah, bəy və xanlara nifrətlərini də gizlətməmişlər.

Eposda anaya, qadına dərin hörmət, əməyə, zəhmət adamına rəğbət ardıcıl duyulur, mərd və dürüst olmağın üstünlükləri barədə müdrik fikirlərə, ibrətamiz əhvalatların təsvirinə yer verilir.

Dastanın qollarını bir ana xətt birləşdirsə də, hər birinin müstəqil süjet xətti var və oxucu onlarda yeni əhvalat və hadisələrlə qarşılaşır. Bu isə o deməkdir ki, dastan ideyaca zəngindir və bunu ciddi araşdırma aparmaqla əhatəli şərh etmək mümkündür.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ