"Leyli və Məcnun" dastanı

"Leyli və Məcnun" dastanı
Tarix :

17-01-2022, 22:21

Şərqin üç böyük dilində – ərəbcə, farsca və türkcə ərəbin böyük şairi Əbu Nüvas, farsın böyük şairi Hafiz Şirazi səviyyəsində qəzəl yazan, həm ərəb poeziyasının, həm fars şeirinin, həm də dahi Nəvaidən sonra türk şeirinin – üç möhtəşəm poetik zirvəsinin fatehi olan Məhəmməd Füzuli… İncə, zərif yolumuz dünya poeziyasının incilər gülşəninə doğrudur. Və bu gülşənin ən nadir incisi, dünya ədəbiyyatının ilahi məhəbbət haqqında şah əsəri “Leyli və Məcnun” poemasıdır.

“Leyli və Məcnun” (azərb.- ərəb: لیلی و مجنون) - XVI əsr dahi Azərbaycan şairi Məhəmməd Füzuli tərəfindən yazılmış və "Məcnun" ("Dəli") ləqəbi ilə tanınan Qeys adlı gənc oğlanın Leyli adlı gözələ sevgisindən bəhs edən liro-epik poemadır. 1536-cı ildə Azərbaycan dilində qələmə alınıb, müəllifin şah əsəri sayılır. 3096 beytdən ibarət poema Bağdadın osmanlı hakimi Üveys Paşaya ithaf edilib.  Korifey bəstəkarımız Üzeyir Hacıbəyli 1907-ci ildə bu poemanın motvləri əsasında ilk Azərbaycan operası olan “Leyli və Məcnun” operasını yaratmışdır.

Əbədiyaşar ilahi eşq dastanı haqqında çox yazılıb. Bu yazıların bir qismi Azərbaycan füzulişünaslığının tarixi kontekstində dəyərləndirilib. Təbii ki, bu poema sinfi-sosial yanaşma metodunun nəzəri ehkamlarından, materialist estetikanın basqısından xilas olunaraq, mistik elmin prinsipləri ilə təhlil edilməlidir. Hər şeydən öncə əsərin yazılış tərzi, Füzulinin estetik idealı bunu tələb edir. Müasir dünyanın məşhur təsəvvüf nəzəriyyəçiləri (məsələn, A.Knış) belə qənaətdədir ki, sufizmin öz apogey həddinə çatdığı XIII-XVI əsrlərin böyük Şərq şairləri heç vəchlə sufizm təsirlərindən kənarda qala bilməzdilər. Füzuli də Şərqdə sufizmin sonuncu moqikanı idi… 

Leyli və Məcnun məhəbbəti məktəbdən başlayır. Onlar bir-birini yalnız mədrəsədə görür və məhəbbətə, qarşılıqlı münasibətə daha da yaxınlaşırlar. Məcnunun iztirabı, həsrəti Leylinin məktəbdən getməsi ilə başlayır. Həm Məcnun, həm də Leyli eyni sosial statusa malikdirlər. Yəni hər ikisi qəbilə başçılarınının yeganə övladıdır, var-dövlət cəhətdən də eyni zənginliyə malikdirlər. Amma Leylinin atası qızını belə bir imkanlı ailənin oğluna vermək istəmir. Burada əsas məsələ Qeysin insani münasibətlərə, məhəbbətə, ailə qurulmasına dair özünəməxsus keyfiyyətlərə malik olmasıdır. Onu başa düşmədikləri yə qəbul etmədikləri üçün Qeys Məcnuna çevrildi. Bu «məcnunluq» insan sevgisindən, insanın insana münasibətindən irəli gəlir. Elə buna görədə o, özünü səhrada, heyvanlar arasında daha yaxşı hiss edirdi.

Məcnuna göndərdiyi bir məktubda Leyli öz hüquqsuzluğunu, qul, əşya kimi alınıb satıldığını bildirərək yazır:

Мən gövhərəm, özgələr xiridar,
Məndə degil ixtiyari-bazar,
Dövran ki, məni məzada saldı,
Bilməm Kim idi satan, Kim aldı,
Olsaydı mənim öz ixtiyarım,
Olmaz idi səndən özgə yarım.

Leylinin Məcnuna məhəbbətini eşidən ana həyəcan və qorxu hiss edir və bunu qızına nəsihətlərdə açıq bildirir:

Keyşux, nədir bu göftugulər?
Qılmaq sənə tənə eybculər?
Nəycün özünə ziyan edirsən?
Yaxşı adını yaman edirsən?
Nəyçün sənə tənə edə bədyu?
Namusuna laiq işmidir bu?

Qadın azadlığı həya, abır, namus, ismət cilovları ilə buxovlanmışdır. Əsərdə qadının öz istədiyini dilinə gətirməsi, sərbəst ailə qurmaq arzusu ilə yaşaması belə ədəb-ərkandan kənar sayılır. Əsas faciə ondadır ki, Leyli öz hüququ uğrunda qismən də olsa mübarizə aparsa da ətrafında həmdəm tapmaması üzündən nəticə əldə olunmur. O, ətrafdakılar tərəfindən anlanılmadığına görə dərdini şamla, pərvanə ilə, ayla, buludla, dəvə ilə bölüşməli olur. Leyli özünü cilovu başqasının əlində olan dəvəyə oxşadır:

Mən kimi yox əldə ixtiyarin,
Bir özgə əlindədir məharin.

Leyli ova gedərkən İbn Səlam onu görür, məftun olur və dərhal evinə qayıdır. İbn Səlam mötəbər adamdır, kübarlar içində məşhurdur, bəxtiyardır, zəngindir, mərifət əhlidir. Şair onu baş qəhrəmanı Məcnunla müqayisə edir. Leyli üçün elçi getməyə ən ağıllı, münasib bir adam tapır. Leyli İbn Səlamı sevməsə də, ondan kənar durmaq istəsə də, İbn Səlam nəcibliyində qalır. Leyli toy gecəsində öz dərdini danışandan sonra qızın bütün iztirablarına inanır, alicənablıqla fikrini tamam dəyişir, onunla yaxınlıq etmir, "vəsldən" əl çəkib hicranı özünə ruzi qərar verir.

Poemanın axırlarına yaxın Leyli və Məcnunun üz-üzə gəldiyi yerdə gözlənilməz hadisə baş verir, bir az əvvəl səhrada karvanı itirən, azıb sərgərdan gəzən Leyli, Məcnuna rast gələndə onu tanımamışdı. İndi İsə Məcnun Leylini tanımır və ya tanımaq istəmir. Leyli özünün hər bir qeyd və şərtdən uzaqlığını, məşuqunun ağuşuna girməyə hazır olduğunu deyəndə Məcnun kənara çəkilir, belə bir vüsala taqətsizliyini iddia edir:

Yaqmağa məni yetər xəyalın,
Yoxdur mənə taqəti-vüsalın!
Ol gün ki, gözümdə var idi nur,
Gözdən üzünü qaçırdın, ey hur...
Eşq etdi binayi-vəsli mohkəm,
Mənidə məni sənınlə həmdəm!..
Məndə olan aşikar sənsən,
Mən xud yoxam, ol ki, var sənsən!...

Məcnun uğursuz bir eşqin mücəssəməsi olaraq qalmaq, Leylinin bakir xəyalı ilə yaşamaq və ölmək istəyir:

Mən eşq gazərgəhində xakəm,
Elcümlə bilirməniki, pakəm!...

Füzuli Məcnunu cəmiyyətdən kənar, azad şəraitdə duyduğunu, gördüyünü və istədiyini yazırdı. Məcnun bir çox cəhətdən Füzulinin “Rindü-Zahid” poemasındakı Rind obrazının xələfidir. O da, köhnə fikirli, hiyləgər, şöhrət ehtiraslı ataya qarşı çıxır. Rind də Məcnun kimi yeni dünyanın oğludur. Füzuli ata ilə oğulun görüşləri, münasibət və əlaqələri arasındakı ziddiyyətin daha da dərinləşdiyini onların bir sıra həyat və ictimai-siyasi hadisələrə münasibətlərində göstərmişdir.

Məcnun hiss adamıdır. O, dünyaya göz açdığı ilk anlardan həyatla qarşı-qarşıya durur, gələcəkdə keçirəcəyi faciəli günləri üçün ağlayır. Elə ilk günlərdən Füzuli qəhrəmanı ictimai mühitlə uyğunlaşa bilmir, onun həssas daxili aləmi belə həyat tərzi ilə təzadda olur. Hakim ictimai normalarla mənəvi mübarizəyə girişən Füzuli qəhrəmanı eşqi və sədaqəti həqiqi amal, kamal və qəhrəmanlıq səviyyəsinə qaldırır. O, fikrinin dürüstlüyünə, əqidəsinin saflığına inandırğı kimi, cəmiyyətin çürüklüyünü də aydın dərk edir. Məcnun bunu həm də adi romantik hisslərin aludəsi olmuş bir gənc kimi yox, Şərq fəlsəfəsini və mədəniyyətini mükəmməl bilən bir şair kimi başa düşür.

Füzulinin ideal qəhrəmanı bədii bir obraz kimi diqqətəlayiq cəhətlərə malikdir. Məcnun surətində bədii ümumiləşdirmədən daha çox fərdi cizgilər vardır.

Füzulinin ideal qəhrəmanı bədii obraz kimi diqqətəlayiq cəhətlərə malikdir. Bu xüsusiyyət Nizami Məcnununa da aiddir.

Füzuli dövrün mühüm ictimai hadisələrinə Məcnun obrazı ilə əlaqədar epizodlarda geniş şəkildə toxunmuşdur. Füzulinin yaratdığı Məcnun obrazını təhlil edən professor M. Quluzadə qeyd edir ki, “bu obraz şairin müasiri kimi qarşımızda canlanır.” Q. Cahani isə qeyd edir ki, “...şair Məcnun surətini dövrünün canlı xarakteri səviyyəsinə qaldırıb, çoxcəhətli həyat dramı məhz həmin surət vasitəsiylə əks olunmuşdur. Böyük sənətkar müasiri olduğu cəmiyyətin bütüm ziddiyyətlərini bu obraz vasitəsilə əks etdirməyə, ictimai mühitin qüsurlarına münasibətini bildirməyə çalışmışdır.”

Füzuli Leyli ilə əlaqədar hadisələrə yeni məzmun verərək onu yaşadığı dövr ilə bağlayır. Bununla belə Leyli bütün varlığı ilə atalardan və bütünlüklə köhnə cəmiyyətdən ayrılmışdır. O da Məcnun kimi bayağı adət və qanunların mahiyyətini dərk etdiyindən həmin qanunların gözübağlı qulları olan atalardan bizardır.

Nizami Leylisindən fərqli olaraq Füzuli Leylisi zəmanədən daha çox şikayətlənir, etirazlarını ardıcıl bəyan edir. Bu cəhətdən o, Nizaminin Məcnunu ilə müqayisə oluna bilər. Füzuli lirik şair kimi yeni əlavə ricətlərlə Leyli surətinin fəaliyyətinə geniş meydan açdığını özü də vurğulayır. Əsərin bir yerində Leyli Məcnunun məhəbbət atəşinə daha çox yandığını və tənə oxuna artıq giriftar olduğunu söyləyir. Ancaq əlavə edir ki, sevgilisi heç olmazsa “hicab məhbusu, ağzı bağlı deyil, başqaları ilə danışmaq, səhralara üz tutmaqla dərdini azaldır.” O isə daxili aləmini bəyan etmək, səhralara qaçmaq hüququndan da məhrum edilmişdir. Leylinin dörd divar arasında ağlamaqdan başqa imkanı yoxdur. Leyli çırağı məhz özünün bu vəziyyətinə uyğun gördüyü üçün ona müraciət edir:

“Başdan ayağa nədir bu yanmaq?
Dudi-dilə dəmbədəm boyanmaq…
Nə cinsidir əslin, ey bəlakeş?
Kim abi-həyatın oldu atəş?
Mən həm sənə bənzərəm vəfadə,
Bəlkə neçə mərtəbə ziyadə.
Sən gecə həmin yanarsan, ey zar
Mən gecəvü gündüzəm giriftar.

 Füzuli qəhrəmanı özünün tədbirliliyini, sədaqətini və kamalını İbn Səlamın evində də göstərir. Nizamidə Leyli İbn Səlama sillə vurub onu özündən uzaqlaşdırır. Füzuli isə poemada konfliktin kluminasiya nöqtələrindən olan bu hissəni özünəməxsus inandırıcılıqla təsvir edir. Füzuli Leylisi İbn Səlama sillə vurmur, onu xürafatla aldadır. Leyli İbn Səlama deyir:

Bir şəxs mənə göründü nagah,
Oldum pəri olduğundan agah,
Cinnilər içində ol pərizad
Ülfət mənim ilə qıldı bünyad.
Hər ləhzə durar mənə bərabər,
Der kim: - “Bəni-adəm etmə həmsər."

Nizami ədəbi ənənə və ideyalarına yeni zirvə bəxş edən, onu daha ucalıq və zəmində möhkəmləndirən Füzuliyə cəmiyyət və şəxsiyyət problemi o qədər aktual görünmüşdü ki, bu məsələyə iki əsər həsr etmişdir. Şair, “Leyli və Məcnun” poemasında yarımçıq saxladığı və ya tam deyə bilmədiyi fikirlərinə “Rindü-zahid” əsərində yekun vurur. Cəmiyyət və şəxsiyyət, habelə əxlaq və məişət problemi Füzulinin “Leyli və Məcnun” poemasında şairin dühasına xas geniş əhatə və dərinliyi ilə öz poetik həllini tapır. Şair poemanın ekspozisiyasını təşkil edən fəsillərin birində dünya haqqında görüşlərini belə ifadə edir:

Bundan dəxi yey məqam olmaz,
Zövqü bu yerin tamam olmaz.

 Bu misralar Füzulinin din xadimləri tərəfindən səsləndirilən “bu dünya murdarlar məskənidir və eyiblərlə doludur” kimi xürafat dolu fikirlərinə qarşı çıxdığını göstərir və həmin müxalif ruh bütünlüklə “Leyli və Məcnun” poemasına hakimdir.

Füzulinin poeması təkcə məzmununa görə deyil, həm də formasına görə Nizaminin əsəri ilə yaxındır. Hər iki poema eyni fabulada, əruz vəzninin həzəc bəhrində yazılıb.

Füzuli Nizaminin əsas süjet xəttini saxlasa da, sələfinin bir çox epizod və personajlarına yeni məna və məzmun vermişdir. Filologiya elmləri doktoru Azadə Rüstəmova qeyd edir ki, “şair bəzən hadisələrin təfərrüatına qədər öz böyük müəlliminin yolu ilə gedir.”  Füzuli əsərdə hadisələrin inkişafı, ziddiyyətlərin təsviri və onlara münasibətində də Nizami mövqeyində dayanır. Lakin, bütün bunlar təqlidçilik xarakteri daşımır. Belə ki, mövzuya sələflərindən fərqli, özünəməxsus motivlər, yeni fikir və mündəricə gətirmiş, dövrünün etik və estetik prinsiplərindən tənqidi şəkildə bəhs etməyi də unutmamışdır. Həm də əsərin ekspozisiyasında bəzi dəyişikliklər edir, onun məzmununa yeni epizodlar artırır, Nizaminin bəzi epizodlarını və təhkiyə verilmiş hekayələri isə ixtisara salır.

Nizami ideal qəhrəmanlarını – Xosrovu, Bəhramı və başqalarını həmişə dünya görmüş qocaların və alimlərin himayəsinə verir, ideal qəhrəman surətini o zaman tam hesab edirdi ki, xalq müdrikliyi ilə zənginləşsin. Amma Məcnun surətində həmin prinsip dəyişir. Burada cəmiyyət bir filosofun himayəsinə verilir. Füzuli də öz əsərində bu prinsipə sadiq qalır.

Füzuli poemasında atalar ilə oğullar, yeni nəsillərlə köhnə cəmiyyət arasında təzad Nizami əsəri ilə müqayisədə daha qabarıqdır. Füzuli sələfinə nisbətən həmin təzadı ailə daxilinə keçirib dərinləşdirmiş və ona daha ciddi xarakter vermişdir.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ