"Turan Araşdırma Mərkəzi" (TAM) İctimai Birliyinin sədri, cavidşünas alim, filoloq, tarixçi, türkoloq, professor Əjdər İsmayılov COVID-19 virusuna yoluxub.
Bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının fəal üzvü, texniki elmlər üzrə fəlsəfə doktoru Sadiq Qurbanov öz “feysbuk” səhifəsində YAP üzvlərinə və sosial şəbəkə istifadəçilərinə müraciətində bildirib. Komitə sədri paylaşımında məşhur "91-lər"dən və YAP-ın ən fəal yaradıcılarından biri, filologiya elmləri doktoru Əjdər İsmayılovun bu xəstəliyə qalib gələcəyinə inandığını qeyd edib.
“İki sahil” Sadiq Qurbanovun paylaşımının mətnini təqdim edir:
"Dəyərli dostlar, əziz Yeni Azərbaycan Partiyasının üzvləri!
Bildiyimiz kimi dünyanı bürüyən COVID-19 pandemiyası öz zərərli təsirlərini yaymaqda davam edir. Bir neçə gündür məşhur "91-lər"dən və YAP-ın ən fəal yaradıcılarından biri, filologiya elmləri doktoru, professor, cavidşunas alim, tarixçi Əjdər Tağı oğlu İsmayılov da bu xəstəlikdən əziyyət çəkir. Tanrıdan Əjdər müəllimə şəfa, möhkəm can sağlığı arzulayıram və inanıram ki, o hələ uzun illər "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinə rəhbərlik edərək, türk xalqlarının zəngin mədəniyyətinin və qədim tarixinin təbliğ edilməsinə, eyni zamanda onlar arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə öz töhvəsini verəcəkdir."







































































