Qazaxıstan

Qazaxıstan
Tarix :

10-01-2022, 22:00

Qazaxıstan və ya rəsmi adı ilə Qazaxıstan Respublikası — Mərkəzi Asiyada sahəsinə görə ən böyük dövlət. Ümumi sahəsi 2,724,900 kvadrat kilometrdir. Sahəsinin böyüklüyünə görə dünyada doqquzuncu yerdədir. Dənizə çıxışı olmayan ölkələr arasında isə sahəsinin böyüklüyünə görə ilk pillədədir. Qazaxıstan iqtisadi cəhətdən Mərkəzi Asiya regionunda dominant dövlət hesab olunur. Belə ki, regionun ÜDM-nin 60 faizi Qazaxıstana məxsusdur. Ölkənin əsas gəlir mənbəyini neft-qaz sənayesi təşkil edir. 

Ölkə həmçinin böyük mineral resurslara sahibdir. Paytaxtı 1997-ci ildən bəri (Astana) Nur-Sultan şəhəridir. Həmin vaxta qədər ölkənin paytaxtı Almatı şəhəri olmuşdur. Qazaxıstan şimalda, şimal-şərqdə və şimal-qərbdə Rusiya, şərqdə Çin, cənubda isə Türkmənistan, Özbəkistan və Qırğızıstan ilə həmsərhəddir. Qərbdə Xəzər dənizi ilə hüdudlanır. Qazaxıstan ərazisi tarix boyunca köçəri türk xalqlarına ev sahibliyi etmişdir. 13-cü əsrdə bu ərazi Çingiz xanın rəhbərlik etdiyi Monqol İmperiyası tərəfindən işğal olunmuşdur. 16-cı əsrdən etibarən qazaxlar ayrıca qrup kimi ortaya çıxdıqdan sonra onların yaşadığı ərazilər üç cüzə bölündü. XVIII əsrdə ruslar Qazaxıstan ərazisində məskunlaşmağa başladı və XIX əsrin ortalarından etibarən bu ərazi Rusiya İmperiyası tərəfindən idarə olunmağa başlandı. Rusiyada 1917-ci ildə baş tutmuş inqilab və onun ardınca baş vermiş Rusiya vətəndaş müharibəsi nəticəsində imperiyaya tabe olan digər bütün dövlətlər müstəqillik əldə etdi. Lakin, bu müstəqillik uzun çəkmədi. 1920-ci ildə ölkə ərazisi yenə rusların işğalına məruz qaldı və Sovet hakimiyyəti bərqərar oldu. 1936-cı ildə Sovet İttifaqının tərkib hissəsi olan Qazaxıstan SSR-in əsası qoyuldu.

Qazaxıstan 1991-ci ildə Sovet İttifaqının dağılması zamanı ən son müstəqillik elan edən Sovet respublikalarından biri olmuşdur. Hazırkı prezident Nursultan Nazarbayev 1991-ci ildə Qazaxıstanın müstəqillik qazanmasından bəri ölkəyə rəhbərlik edir. Qazaxıstan hal-hazırda öz iqtisadiyyatını, xüsusilə də karbohidrogen sənayesini inkişaf etdirməkdə davam edir. Qazaxıstanda qazaxlar, ruslar, özbəklər, ukraynalılar, almanlar, tatarlar və uyğurlar da daxil olmaqla 131 müxtəlif etnik qrup yaşayır. Əhalinin böyük hissəsi müsəlmanlardan, qalanı isə xristianlardan ibarətdir. Ölkənin rəsmi dili qazax diliolsa da, inzibati işlər də daxil olmaqla bütün səviyyələrdə rus dili də bərabər statusa sahibdir.

Qazaxlar türklərin qıpçaq qolunun ən böyük xalqıdır. Qazax adına keçmişdən qazaxlarla əlaqə quran yazı mədəniyyətinə sahib məmləkətlərin yazılı qaynaqlarında rast gəlmək mümkündür. Bunlar; çin, rus, ərəb, fars, bizans, moğul və türk dillərində yazılan əsərlərdir. Müasir Qazaxıstanın kökləri 1400-cü illərə qədər getməkdədir. 1400-cü illərdə müxtəlif türk tayfalarının birləşməsi ilə Mərkəzi Asiyada yeni bir boy yaranmışdır. Qızıl Orda dövləti dağıldıqdan sonra türk tayfaları Noqay xan ətrafında birləşərək Noqay Xanlığını qurdular. Bu xanlıq sonradan Qazax xanlığına çevrildi. Qazax xanlığı üç hissədən ibarət idi: Ulu juz, Kiçik juz və Orta juz. 1771-ci ildən etibarən onlar bir-birindən asılı olmayan siyasət yeritməyə başladılar. 1770-ci ilin sonlarında qazax juzları Rusiya və Çin arasında mübarizə meydanına çevrildi. Bu mübarizə rusların qələbəsi ilə başa çatdı. Bundan sonra ruslar işğal etdikləri qazaxların ölkəsində müstəmləkəçilik siyasəti yeritməyə başladılar. Bu torpaqların bütün imkanlarını mənimsədilər. Yerli qazaxları köçə məcbur etdilər. Qazaxların dilinə, dininə və yaşayışına müxtəlif qadağalar qoyulmuşdur.

Aclıq və siyasi səbəblərlə 1912-17 ci illər arasında rus hökumətinə qarşı etiraz başladı. 1917-ci ildə Rusiyada çarlığın devrilməsi ilə əlaqədar olaraq Mərkəzi Asiya bir müddət müstəqil oldu. 1917-20 ci illər arasında keçmiş qazax juzları birləşərək "Alaş Orda dövləti"ni qurdular. Bu dövlət üç il yaşaya bildi. 1920-ci ildən sonra ruslar hakimiyyəti ələ keçirdilər və bu tarixdən sonra SSRİ dövrü başladı. Rus hökuməti qazaxların milli şüurunu itirməsi üçün müxtəlif yollara əl atdı. Stalinin vaxtında qazaxcadan ərəb və farsca sözlər çıxarılaraq bunların yerinə rusca kəlmələr qoyuldu. Günümüzdə də qazaxcada olan bəzi kəlmələr üçün rus sözləri işlədilir. Sovet hakimiyyəti altında olan dövrdə 1933-cü ildə süni aclıq, 1937-38-ci illərdə soyqırım, 1954-cü ildə 6 milyon 300 min hektar yerin zorla rus mühacirlərinə paylanması, 1960-cı illərə qədər rus köçləri yerləşdirmə planlarının həyata keçirilməsi, 1986-cı ildə məşhur "Celtoksan" hadisəsini söyləmək mümkündür.

Qazax dili (қазақ тілі, قازاق ٴتىلى, qazaq tili). Qazaxıstan Respublikasının rəsmi dövlət dili qazax dilidir. Qazax dili türk dillərinin qipçaq altqrupuna (tatar, başqırd, qaraçay-çərkəz, qumuq, qaraim, krım tatar, qaraqalpaq, qaraqaş, noqay) daxildir. Noqay, qaraqalpaq və qaraqaş dilləri ilə birlikdə qıpçaq-noqay qoluna aiddir.

2021-ci ilin statistikasına görə əhalisinin sayı 18 milyon 881.1 olduğu təxmin edilməkdədir.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ