Azərbaycan

Azərbaycan
Tarix :

10-01-2022, 21:08

Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Cənubi Qafqazda yerləşən dövlət. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində yerləşir. Paytaxtı Bakıdır.  Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) Ermənistan Respublikası tərəfindən işğal edilmişdi, bu da ölkə ərazisinin 20%-ni təşkil edirdi. Lakin 44 günlük müharibədə Azərbaycanın şanlı ordusu işğal olunmuş 20 % torpaqlarımızı işğaldan azad edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmişdir. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir. Azərbaycanın Xəzər dənizi sektorunda həmcinin Türkmənistan, Qazaxıstan, İran və Rusiya sərhədə malikdir.

Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır.  Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkad və Assuriya dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı. Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Skif padşahlığı, Midiya, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar. 

III əsrdə Azərbaycanı Sasanilər İmperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı. IX əsrin ortalarında Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. XIX əsrdə Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. 1992-ci ildə ölkənin yeni konstitusiyası qəbul olunandan bəri prezident və seçkilərlə seçilmiş qanunverici orqan — Azərbaycan parlamenti tərəfindən idarə olunan prezidentli respublikadır.

Azərbaycan paytaxt Bakıdan kənarda, ölkə 65 inzibati vahidə (o cümlədən 59 rayon və 6 şəhər) və Naxçıvan Muxtar Respublikasına (6 rayon və paytaxt Naxçıvan şəhərindən ibarət olan) bölünür. Hər bir inzibati vahid seçilmiş icra hakimiyyəti, qanunverici orqan və inzibati bürokratiya tərəfindən nəzarət olunur. 2021-ci ilin əvvəlində Azərbaycan Respublikasının əhalisinin sayı 10.142.392 olmuşdur. Əhalinin 53%-i şəhər, 47%-i kənd yerlərində yaşayır. Əhalinin 49,9%-i kişilərdən, 50,1%-i faizi isə qadınlardan ibarətdir. Azərbaycan əhalisinin 90,6%-i azərbaycanlıdır. 

Azərbaycan Respublikasının rəsmi dövlət dili — Azərbaycan dilidir. Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qoluna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ