Azərbaycan Xalq Cümhuriyyəti

Azərbaycan Xalq Cümhuriyyəti
Tarix :

12-01-2018, 16:28

1918-ci il mayın 28-də tarixdə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tarixi iki dövrə ayrılır: Birinci dövr - 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlament 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olun-masını öz üzərinə götürmüş və tarixi Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etmişdir. 

Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində İkinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək - cəmi 17 ay davam etmişdir. Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də Cümhuriyyət ideyalarının yaşamasında və xalqın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) olmuşdur. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu

Onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi.

Bu bayraq Osmanlı imperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50-ci illərinədək mövcud olmuş üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi.

Daha sonra Azərbaycan bayrağının dəyişməsi sualı qaldırıldı. Yeni layihə üç ideyanı əks etdirməli idi: Türkçülük, İslamçılıq və Müasirlik. Qeyd olunmalıdır ki, ideyaların formalaşmasında filosof Cəmaləddin Əfqaninintəsiri olmuşdu. Əfqani "Milli birlik fəlsəfəsi və din əsl mahiyyəti" və "İslam birliyi" kitablarında, müsəlman xalqlarının tərəqqisi dini konsolidasiya şəraitində, milli birlik və Avropa hökumətçiliyinin mütərəqqi ənənələrini tədqiq etməsi nəticəsində mümkündür. 1914-cü ildə, Cəmaləddin Əfqani kimi M.Ə.Rəsulzadə də islamiyyətin və müsəlmanlığın milliyyət deyil, «ümmətçilik» ifadə etdiyini, milliyyətin isə din üzərində deyil, dil və mədəniyyət birliyi üzərində qurulduğunu və bu milli diriliyin təməlini təşkil edən milli mədəniyyətin ünsürlərini izah edərək milli hərəkatın ictimai fəlsəfəsini qeyd etmişdi. 

 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən 3 rəngli bayraq təsdiq edilmişdir. 5 fevral 1991-ci ildə bayraq həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər il Dövlət Bayrağı Günü qeyd olunur.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ