Qulağınız narışniklərdə deyil, vətənin səsində olsun yoldaş Abdullayev!- Cavid İsmayıl yazır

Qulağınız narışniklərdə deyil, vətənin səsində olsun yoldaş Abdullayev!- Cavid İsmayıl yazır
Tarix :

21-11-2021, 16:38

Əfəndilər!

Dədə tariximizin şərəfli 44 günlük səhifəsinin  yazıldığı ilk günlərdən İran, Ermənistan, Fransa və Rusiya rəsmiləri tərəfindən israrla guya Azərbaycan tərəfindən Suriyadan muzdlu terrorçuların döyüşməsi iddiasının ortaya  atılması    hər birimizə bəllidir. Əslində  bu dövlətlərin tarixinə nəzər salsaq, onların özlərinin ya  terrorun yaradıcıları, icraçıları, ya da yaxından dəstəkləyiciləri olduğunu görərik.

Həmin şərəfli günlərimizdə, daha  dəqiq,  8 oktyabr 2020-ci ildə, ermənipərəst, antitürk, Türkiyə və Azərbaycana qarşı qatı düşmən mövqedə olan və bunu açıq-aşkar nümayiş etdirən rusiyalı jurnalist Solovyovun verilişinə çanlı qoşulan yoldaş  Çingiz Abdullayevin  Solovyovun Rusiya kəşfiyyatına istinadən guya terrorçuların Azərbaycanda olması və müharibədə iştirak etməsi ilə bağlı iddialarına  cavab olaraq Rusiya kəşfiyyat idarəsinin rəisi Narışkini yaxşı tanıdığını  deməsi və onun sözlərini qətiyyətlə inkar etməməsi hər birimiz kimi  məni  də  hiddətləndirmişdi

Həmin verilişdən  dərhal sonra mən  öz təpkimi bildirdim.

Vətən savaşının ilk günündən cənab Prezident işğalda olan torpaqlarımız uğrunda Böyük Vətən müharibəsinin getdiyini və atəşkəsin hansı halda baş tutacağını bəyan etsə də, yoldaş Abdullayev həmin  verilişdə  müharibənin ətraf rayonlarda getdiyini və Qarabağa aid olmadığını bildirdi.

Bunlarla yanaşı, Solovyovun canımız Türkiyəmizin prezidenti cənab Ərdoğanla bağlı  mövqeyi ilə razılaşdığını, daha sonra guya ona izah verməyini də, elə o zaman uğursuz yox,  çox uğursuz adlandıraraq, özünün  əsl şəxsi mövqeyi kimi də dəyərləndirmişdim.

Bu çıxışda bir çox məqamlar var idi ki, o fikirlər həmin həssas zamanda bölücülüyə xidmət edirdi ki, bu gün də o fikirlər çox təhlükəlidir və insanlarımız arasında dini ziddiyyətləri aşılamaqdan başqa bir şey deyildi.

Yeri gəlmişkən, illər öncə sosial şəbəkələrdə rastlaşdığım bir məsələni xatırladım, Çingiz müəllim bir ictimai təşkilatın tədbirində vətəndaşlarla şəkil çəkdirərkən maraqlı bir dialoq yarandı. O, dialoq əsnasında Çingiz Abdullayevin “… yaxşıdır müstəqillik, amma Azərbaycan müstəqil olmalıdır…” sözlərini deməsi  məni təəccübləndirdi.

Bilmirəm, bəlkə yoldaş Abdullayev hələ də Azərbaycanın müstəqilliyini qəbul etmədiyi üçün bu qədər həssas və çox vacib olan məsələdə, cənab Prezidentin bununla bağlı qətiyyətli cavablarını, bəyanatlarını yüksək not üzərindən Solovyovun başına endirməyi deyil, Rusiya kəşfiyyat idarəsinin rəisini yaxşı tanıdığını qeyd edərək “onun sözlərini inkar etmirəm” deməyi üstün  tutdu.  

Burdan belə sual çıxır; Çingiz müəllim,  hansı səbəbə görə siz Vətənin səsi olan cənab Prezident İlham Əliyevin mövqeyinə deyil, Rusiya kəşfiyyat idarəsinin rəhbəri Narışkinin sözlərinə etibar etdiniz? Əfəndilər, səbəbi sizə maraqlı deyil?

Bir çoxları yoldaş Abdullayevin böyük qələm sahibi olduğunu qeyd edir. Məsələn hörmətli Sayman Aruz onu, “…Azərbaycan ədəbiyyatı üçün böyük dəyər və fürsət” kimi dəyərləndirir.

Belə düşünənlər, yaxın oturun, diqqətlə oxuyun, fikirləriniz maraqlıdır.

Mənim isə fikrim budur: Çingiz Abdullayev doğrudan da dünya çapında tanınan qələm sahibidir. İndi sualıma cavab verin.

İnternet resurslarından məlum olur ki, 27 milyondan çox tirajlanan 200-dən çox romanın müəllifi olan yoldaş Abdullayevin əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə edilib. Sual; Nəyə görə şimallı-cənublu Amerika qitəsində, Mərkəzi Avropa, Asiya və s. onun əsərlərinin oxucuları olduğu halda Rusiyanın 366-cı alayının birbaşa iştirakı ilə XX əsrin ən qanlı soyqırımlarından olan Xocalı soyqırımı haqqında əsər yazmadı, onu  dünya xalqlarının dillərinə çevirib oxucuları ilə görüşlərə gedərək bu soyqırımı tanıtdırmadı?  Nəyə görə Azərbaycanın haqlı davası haqqında, qız-gəlinlərimizin başına qaniçən ermənilərin açdığı min bir zülmü qələmə alıb dünyada aparıcı dillərə çevirtdirib car çəkmədi? Nəyə görə, diri-diri yandırılan insanlarımızın, diri-diri borulara doldurularaq qaynaqlanan uşaqların fəryadından, dini məbədlərimizi, məsçislərimizi, qəbir evlərimizi təhqir edən mənfur düşmənin qanlı əməllərindən bəhs edən romanlar yazmadı?

Özünün qeyd etdiyi kimi, Ağdamda bu xalq 6000 şəhid verib. Nəyə görə, o 6000-in içindən bir qəhrəman obrazı seçib onu romanında ucaltmadı? Nəyə görə, qəhrəmanlıq göstərən Ağdam insanının obrazını yaradıb onu oxucularına təqdim etmədi?

Niyə?  Nə üçün? Axı o, dünya çapında doğrudan da tanınan qələm sahibidir.

Bir neçə gün öncə Sumqayıtda keçirilən kitab sərgisi zamanı dediyi cəmiyyətimiz üçün təhlükəli olan məlum fikrini də hər birimiz dinlədik. Qeyd edim ki, yoldaş Abdullayevin  sonradan videomüraciətində fikirlərini korrektə etməklə izah etməsi də, çox uğursuz alındı.

Bir sözlə, Çingiz müəllim, əslində inanın,  sizin kim olduğunuz kənardan çox aydın görsənir. Qulağınız Narışkinlərdə deyil, Vətənin səsində olsun, yoldaş  Abdullayev!

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ