Altay Cümhuriyyəti

Altay Cümhuriyyəti
Tarix :

12-01-2022, 11:25

Altay Respublikası — Rusiya Federasiyasının tərkibində olan muxtar türk ərazi (respublika).

Qərbi Sibirin cənub-şərqində, Cənubi Sibirin ən yüksək dağlıq sahəsində yerləşir. Sibir federal dairəsinə daxildir. Paytaxtı Qorno-Altaysk şəhəridir. İnzibati cəhətdən 10 rayona, 1 şəhərə (Qorno-Altaysk) bölünür. Türklərin qədim məskunlaşma ərazilərindən olan bu torpaqlar XIX əsrdə Çar Rusiyası tərəfindən işğal edildikdən sonra daima Rusiyanın tərkibində olmuşdur. Rus hökuməti isə vahid Altay ərazisini inzibati cəhətdən parçalayaraq Altay Respublikası və Altay vilayətini yaratmışdır. 

Altay türkləri və ya altaylılar ən qədim türk etnoslarından olmaqla tarixi baxımdan türk xalqlarının bir hissəsini təşkil etmişlər. Altaylıların yerli yoxsa gəlmə olması haqqında elmdə iki versiya vardır və bu versiyalar ümumilikdə türk tarixi ilə bağlıdır. Altay versiyası adlanan və daha çox sovet tarixşünaslığının yetişdirmələri tərəfindən dəstəklənən I versiyaya görə türklərin ana vətəni Altaydır. Ön Asiya versiyası adlanan və daha gənc olan II versiyaya görə isə türklərin ana vətəni Ön Asiya - Mesopotomiya və Urmiya gölü arasındakı ərazidir və türklər Altaya təxminən e.ə VI-V minilliklərdə gəlmiş, bir hissəsi burda məskunlaşmış, digər hissəsi isə (bəzi müəlliflərə görə şumerlər, bəzilərinə görə skif saklar) geri dönmüşdür. Günümüzdə Altay türkləri Altayqızı, Teleut, Kuman, Çalxan, Şor və bir neçə başqa kiçik tayfalardan təşkil olunmuş azsaylı xalqdır.

Altay ərazisində Aşağı Paleolit (Ulalinka mağarası və s.), Mustye (Ust-Kanskaya mağarası və s.), Mezolit (Ust-syomin mədəniyyəti), Neolit (Ortakatun mədəniyyəti) dövrlərinə aid düşərgələr, həmçinin Tunc dövrünə aid Afanasyev və Qaraqol mədəniyyətləri abidələri, Erkən Dəmir dövrünə aid skif-Sibir (o cümlədən Pazırık mədəniyyəti) tipli kurqanlar aşkar olunmuşdur. E.ə. 3-cü əsr – eramızın 1-ci əsrində Altay Hun imperiyasının tərkibinə daxil idi. Bu dövrə aid yaşayış məskənləri Yustıd ərazisində aşkar edilmişdir. 4-cü əsrin sonu-6-cı əsrin ortalarında jujanlara, 6-8-ci əsrlərdə Göytürk xaqanlığına, sonralar isə Uyğur və Qırğız xaqanlıqlarına tabe olmuşdur. 8-ci əsrdən başlayaraq Altayda maniçilik yayılmağa başlamışdır. 13-cü əsrin əvvəllərindən Altay Monqol imperiyasının tərkibinə qatılmışdır. 15-ci əsrin ortalarından Cənubi Altay əhalisi oyratların təsiri altına düşmüş, Şimali Altayda yaşayanlar (kumandinlər, tubalar, çelkanlar) xakas qırğızlarına və Altay teleutlarına tabe olmuşlar. Altay ərazisi Sibir quberniyası (1756-79), Kolıvan vilayəti (1779-83), Kolıvan quberniyası (1783-96), Tobolsk quberniyası (1796-1804) və Tomsk quberniyasının tərkibində olmuşdur. Tomsk quberniyasının tərkibindən Altay quberniyası (1917-25) ayrılmışdır. 1918-ci ildə Ulala kəndində çağırılmış qurultayda Dağlıq Altayın Biysk qəzasının tərkibindən çıxması haqqında qərar qəbul edilmişdir.

1919-cu ildə Qırmızı Ordu Ulala kəndini tutduqdan sonra Dağlıq Altay RSFSR-in tərkibinə qatıldı.1922-ci il 1 iyun tarixində Altay türklərinə milli muxtariyyət verilmiş və Altay vilayətinin tərkibində Oyrat Muxtar vilayəti yaradılmışdır. 1932-ci il vilayətin adı dəyişdirilərək Oyrot, 1948-ci il 7 yanvar tarixində Dağlıq Altay Muxtar Vilayəti, 1991-ci il tarixindən etibarən isə ərazidə Dağlıq Altay Muxtar Sovet Sosialist Respublikası (ASSR) yaradılmışdır. 1992-ci ilin fevral ayından RF-nin tərkibində Dağlıq Altay Respublikası adlandırılmış, həmin ilin mayayından indiki adı qəbul edilmişdir.

Yerli Altay əhalisinin ənənəvi dini şamanizmdir. Ölkə ərazisindəki etnik ruslar ortodoks xristian (pravoslav), qazaxlar sünni müsəlman, tibetlilər isə buddistdirlər. Ölkə ərazisində həmçinin xeyli miqdarda Yehova Şahidləri təriqətnin davamçıları vardır ki, bunların da əksəriyyətini yerli əhali təşkil edir.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ