Şirvanşahlar dövləti

Şirvanşahlar dövləti
Tarix :

12-01-2018, 16:47

Şirvanşahlar dövləti — Cənub-şərqi Qafqazda - əsasən indiki Azərbaycan Respublikası və qismən də indiki Dağıstan ərazisində, vaxtilə mövcud olmuş və sonradan azərbaycanlılaşmış dövlət. Ərazisi şərqdə Dərbənddən Kür çayı mənsəbinə qədər Xəzər dənizi sahilərindən başlayaraq, Şirvan tarixi vilayəti ilə yanaşı, qərbdə bəzən Gəncəşəhərinə qədər uzanmış, ayrı-ayrı vaxtlarda Şəki və Qarabağı o cümlədən Beyləqanı da əhatə etmişdir. Paytaxtı Şamaxı, bəzən isə Bakı şəhəri olmuşdur.

Şirvanşahlar dövlətinin banisi Heysam ibn Xalid, son hökmdarı isə Şahrux ibn Fərrux Yasar hesab edilir. Şirvanşahlar dövlətinin varlığına Səfəvi hökmdarı I Təhmasibin Şirvana yürüşləri nəticəsində son qoyulmuşdur.

Şirvanşahlar dövləti təxminən 7 əsr mövcud olmuş və həmin müddət ərzində dövlətin banisi hesab edilən Heysəm ibn Xalidin nəslindən olan şahlar - Şirvanşahlar sülaləsi, bu dövləti idarə etmişdir. Bəzi tarixçilər Şirvanşahlar sülaləsinin hakimiyyət dövrünü 3 mərhələyə - Məzyədilər, Kəsranilər və Dərbəndilər dövrünə bölürlər və hesab edirlər ki, əgər Məzyədilər özlərinin ərəb mənşələrini qoruyub saxlaya bilmişdilərsə, Kəsranilər özlərini daha çox Sasanişahlarının nəslindən hesab etmiş və İran mədəniyyətinə meyl göstərmişdilər. Dərbəndilər isə ənənəvi "Şirvanşah" titulu ilə yanaşı həm də "Xan" və "Xaqan" titulları da daşımış və türk mədəniyyətinin təsiri altında olmuşdur.

Şirvanşahların himayəsi altında Azərbaycan mədəniyyəti zənginləşdirilmiş, inkişaf etdirilmiş, Azərbaycan ədəbiyyatının Əbülüla Gəncəvi, Nizami Gəncəvi, Xaqani Şirvani, Nəimi, Nəsimi, Seyid Yəhya Bakuvi kimi klassikləri yaşayıb yaratmışlar. Şirvanşahlardan dövrümüzə Şirvanşahlar sarayı, Bibiheybət məscidi, Bakı qalası, Pirsaatçay xanəgahı kimi onlarla dəyərli tarixi-memarlıq abidəsi qalmışdır.

VII əsrin əvvəllərində Şirvan vilayətinin ərazisi Dərbənddən Qafqaz sıra dağları boyunca Xorsvemə, yəni Xursan qalasına, xurs tayfası ölkəsinin (indiki Xızı rayonu) sərhədlərinədək və ehtimal ki, Abşeron da daxil olmaqla Kür çayının mənsəibnədək uzanırdı. "Əlgminon bataqlığı və dənizə qədər"sözləri,görünür, Kür çayının geniş bataqlıq və qamışlıqla örtülmüş mənsəibnə və deltasına işarədir. Azərbaycanın Ərəb Xilafətinin tərkibində olduğu dövrdə (VIII-IX əsrlər) Şirvanın sərhədləri şimalda Qafqaz dağlarının cənub-şərq ətəkləri, cənub-qərbdə onu Arrandan və Muğandan ayıran Kür çayı, şimal-qərbdə Qanıx çayına kimi idi. 

Şirvan hələ qədimdən müxtəlif yerli və gəlmə tayfalarla məskunlaşmışdı. Bunu yazılı mənbələrlə yanaşı, arxeoloji və toponimik materiallar da sübut edir. V əsr müəllifı Favstos Buzand IV əsrin birinci yarısı ilə bağlı hadisələrdən danışarkən maskut hökmdarı Sanesanın "müxtəlif köçəri tayfalardan" ibarət qoşunu sırasında hunların, təvəsparların, xeçmatakların, ijmaxların, balasaçilərin və i.a. adını çəkir. VII əsrin əvvəlinə aid anonim bir mənbədə Cənubi Dağıstanda, Şirvanda və Xəzər dənizinin qərb sahillərində məskunlaşmış tayfalar sadalanır. Mətndə adları çəkilən və ehtimal ki, bəziləri istisna olmaqla, ölkənin avtoxton əhalisi olan ləklər, hunlar, xəzərlər, zekenlər (tsekanlar), xenuklar (xenavilər), kaspilər, şərvanlar, xsranlar, təvəsparlar, xeçmataklar, ijmaxlar, bakanlar, pikonaklar (peçeneqlər), maskutlar.

Şirvanşahlar dövlətində rəsmi ədəbi dil fars dili idi. Ərəb dilindən ilahiyyatda və dini ayinlərdə istifadə olunurdu. Canlı danışıq dili türk - Azərbaycan dili idi. Elmi əsərlər həm fars, həm də ərəb dillərində yazılırdı. 

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ