Qarabağ xanlığı

Qarabağ xanlığı
Tarix :

12-01-2018, 16:42

Qarabağ xanlığı — 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xanQarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. 

Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi. 

Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı. 

1763-cü ildə Pənahəli xanın ölümündən sonra hakimiyyətə İbrahimxəlil xan gəldi. Məlikliklərə qarşı uğurlu müharibələr aparıldı. Ədəbiyyat və elm sahəsində Pənahəli xan dövrünə nisbətən daha çox irəliləyiş oldu. İbrahimxəlil xanın dövründə Şuşada Gövhərağa məscidi inşa olundu. Lakin İbrahimxəlil xanın hakimiyyətinin sonlarında xüsusən də Ağaməhəmməd şah Qacarın yürüşlərindən və Rusiya-Qacar müharibələrindən sonra xanlıq zəifləməyə başladı. Ağaməhəmməd şah Qarabağa 1795 və 1797-ci illərdə 2 yürüş etdi. İkinci yürüşdə Şuşa qalasını ələ keçirməyə nail oldu. Lakin onun Şuşada qətlə yetirilməsindən sonra İbrahimxəlil xan hakimiyyətini yenidən bərpa edə bildi. 

1805-ci ildə İbrahimxəlil xan ilə Rusiya generalı Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə görə Qarabağ xanlığı Rusiya İmperiyasının tərkibinə keçdi. 1806-cı ildə İbrahimxəlil xanın Qacarlar ilə birləşməsindən şübhələnən başda Mayor Lisaneviç başda olmaqla rus hərbçiləri heçbir araşdırma aparmadan xanı ailəsi ilə birlikdə qətlə yetirdilər. 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində imzalanmış Gülüstan müqaviləsinə əsasən Qacar İranı Qarabağın Rusiya himayəsinə keçməsini rəsmən qəbul etdi. 

İbrahimxəlil xanın ölümündən sonra 1806-ci ildə hakimiyyətə Mehdiqulu xan gəldi. 1805-ci ilin iyulunda, Kürəkçay müqaviləsindən sonra çar I Aleksandr tərəfindən general-mayor rütbəsi verilmişdir. Mehdiqulu xan siyasi təzyiqlər üzündən 1822-ci ildə xanlığı tərk edərək İrana getmişdir. Bununla da Qarabağ xanlığı ləğv olunmuşdu. Mehdiqulu xan sonradan xahiş edərək 1826-cı ildə Qarabağa döndü. Lakin ona sadəcə Qarabağda yaşamaq hüququ verildi və xan vəzifəsi bərpa olunmadı.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ