İrəvan xanlığı

İrəvan xanlığı
Tarix :

12-01-2018, 16:36

İrəvan xanlığı — İrəvan xanlığının əsası XVIII əsrin ortlarında Mirmehdi xan tərəfindən qoyulub. Xanlıq Qarabağ, Naxçıvan və Maku xanlıqları ilə, Osmanlı imperiyası, Kartli-Kaxetiya çarlığı, Borçalı, Qazax sultanlıqları ilə həmsərhəd olub. Mərkəzi İrəvan şəhəri idi. Övliya Çələbinin yazdığına görə Səfəvi hökmdarı Şah İsmayıl 1509-1510 illərdə qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş vermiş, o da öz növbəsində 7 ilə qalanı tikdirərək adını "Rəvan" qoymuşdur.

Digər versiyada isə İrəvan toponimi qədim türk dilində "kişi", "igid" mənasını verən "ir" türk etnonimi ilə "ölkə", "yer", "kənd", "şəhər" mənası daşıyan "avan" sözü əsasında əmələ gəlib "igidlər ölkəsi" mənasını ifadə edir. Ermənilər isə İrəvan (Yerevan) toponimini Nuh peyğəmbərin adı ilə bağlayaraq erməni mənşəli toponim olduğunu iddia edir və bu iddianı əsaslandırmırlar.

İrəvan xanlığı Mirmehdi xandan sonra Hüseynəli xanın dövründə möhkəmləndi. Hüseynəli xanın oğlu Məhəmməd xan Qacarın dövrü İrəvan xanlığında ən uzunmüddətli xan dövrü sayılır. Məhəmməd xan fasilələrlə İrəvan taxtında 21 il oturdu.

Məhəmməd xandan sonra hakimiyyətə Hüseynqulu xan Qacar gəldi. Onun hakimiyyəti dövründə İrəvan Rusiya imperiyasının dağıdıcı yürüşlərinə məruz qaldı. Hüseynqulu xanın hakimiyyəti dövrü İrəvan xanlığının mədəniyyətinin pik həddə çatdığı dövrdür. İrəvandakı Göy məscid və Sərdərabad mahalındakı eyni adlı qala Hüseynqulu xanın əmri ilə tikilmişdir.

1827-ci il oktyabrın 6-da İrəvan xanlığı ruslar tərəfindən işğal edilir və bu işğal 1828-ci il fevralın 10-da Türkmənçay sülh müqaviləsi ilə möhkəmlənir. Bu müqavilənin 15-ci bəndinə əsasən İran dövlətində və Osmanlı imperiyasındayaşayan erməni əhalisi Cənubi Qafqaza köçürülür. 

Ali hakimiyyət xana, yaxud sərdara məxsus idi. Hakimiyyət irsi idi və atadan-oğula və s. keçirdi. Bütün qanunvericilik, icra hakimiyyəti və məhkəmə sistemi bilavasitə xanın əlində cəmləşmişdi, daxili və xarici məsələləri ilə bağlı bütün işlər onun razılığı əsasında həyata keçirilirdi. Xanlıqda xandan sonra ikinci ən mühüm şəxs vəzir sayılırdı. Vəzir mülki aparatın başçısı və xanın ən yaxın məsləhətçisi idi. Bütün divan maliyyatının alınması, dövlət xəzinəsi və s. pulların hesabatı vəzirin üzərinə düşürdü.

İrəvan xanlığının mahalları aşağıdakılardır: 

Qırxbulaq mahalı;

Şərur mahalı;

Zəngibasar mahalı;

Sürməli mahalı;

Gərnibasar mahalı;

Dərəkənd-Parçenis mahalı;

Vedibasar mahalı;

Göyçə mahalı;

Səədli mahalı;

Talin mahalı;

Seyidli–Ağsaqqallı;

Sərdarabad mahalı;

Körpübasar mahalı və ya Talın mahalı;

Abaran mahalı;

Dərəçiçək mahalı.

Bu mahallarda 831 kənd qeydə alınmışdı.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ