Elxanilər dövləti

Elxanilər dövləti
Tarix :

12-01-2018, 16:25

Elxanilər dövləti və ya Hülakülər dövləti – 1256-cı ildə Çingiz xanın nəvəsi Hülakü xan (1256-1265) tərəfindən yaradılmış dövlət. Onun hakimləri Elxan adlandırıldığına görə bu dövlətə, həmçinin Elxanilər dövləti də deyilir. "Elxan" adı "tabe olan xanlıq" mənasını verir.

1231-ci ildə monqollar Çormoqun noyonunun başçılığı ilə Azərbaycana yürüş təşkil etdilər. Onun ordusu Cəlaləddin Məngburnini məğlub edərək torpaqlarını ələ keçirdi. Azərbaycan və İran 1256-cı ilədək Böyük Monqol imperatorluğunun canişini tərəfindən idarə edildi. 

Elxanilər dövlətinin əraziləri Fars körfəzindən Dərbəndə və Ceyhun çayından Misirə qədər uzanırdı. Ölkənin ən başlıca və mühüm məmləkəti Azərbaycan idi. Məhz burada dövlətin paytaxtları, əvvəlcə Marağa, daha sonra isə Təbriz yerləşirdi. Hülakü xanın vəfatından sonra ölkədə mərkəzi hakimiyyət bir qədər zəiflədi. Şimalda yerləşən Qızıl Orda (1226-1502) hökmdarları bundan istifadə etməyə cəhd göstərdilər. 1265, 1288, 1290-cı illər onlar dövlətin şimal əyalətlərinə yürüşlər etmişdilər. Bu yürüşlərdə ilk növbədə, Azərbaycan əhalisi, şəhər və kəndləri zərər çəkdi.

Elxanilər Suriya və Fələstini işğal etdikdən sonra Misirə doğru irəliləməyə başladılar. Ancaq Məmlüklər Əyn-i Cəlut döyüşündə Elxaniləri məğlubiyyətə uğradaraq Fələstin və Suriyadan çıxardılar (1260). Məmlük sultanı Baybars Elxaniləri ikinci dəfə Əlbistanda məğlub etdi (1277). Məmlüklər tərəfindən məruz qaldıqları məğlubiyyətlərdən başqa Elxanilər heç bir müharibəni uduzmayıblar.

13-cü əsrin ortalarında Elxanilər dövlətinin yaranması memarlıqsahəsində müəyyən canlanmaya səbəb oldu. Elxanilər sülaləsinin banisi Hülakü xanın (1256-1265) hakimiyyəti illərində Marağa rəsədxanası tikildi. Dövlətin paytaxtının Təbrizə köçürülməsi ilə bağlı Təbriz şəhəri önəmli memarlıq – sənətkarlıq mərkəzinə çevrildi. Təbrizin ətrafında Arquniyyə, Qazaniyyə, Rəşidiyyə kimi şəhərciklər salındı. Qazan xanın vəziri Rəşidəddinin tikdirdiyi Rəşidiyyə xüsusilə məşhur idi. Akademiya şəhərciyi kimi tanınan Rəşidiyyədə 24 karvansaray, 1500 dükan, 30 min yaşayış evi, mədrəsələr, 60 min kitab fondu olan 2 kitabxana, hamamlar, bağlar, dəyirmanlar, yun parça və kağız karxanaları, boyaqxana, zərbxana, 2 cümə məscidi və s. tikililər olmuşdur. Rəşidiyyənin əsas memarlıq özəyini Günbəd (Rəşidəddin türbəsi), Dər üş-Şəfa (Şəfa evi) xəstəxanası, Abadsaray bağ-saray kompleksi təşkil edirdi.

Elxanilər dövlətində ölkənin ali orqanı qurultay hesab olunurdu. Qurultaylar öz vəzifələrinə görə 2 yerə bölünürdü:Böyük qurultay və ümumiyyətlə qurultay (iclas). Böyük qurultaylarda mühüm dövlət əhəmiyyəti kəsb edən məsələlər müzakirə olunurdu: elxanlar seçilir, vilayət hakimləri və mühüm dövlət məmurları təyin olunur, hərbi, təsərrüfat planları, müharibə, sülh və dini məsələlər müzakirə olunur, dövlət fərmanları təsdiq edilir, əyanlara mükafatlar və ya cəzalar verilirdi. Böyük qurultaylar ildə bir dəfə çağırılırdı. Onlar 3 gündən 1 ay müddətinədək uzana bilirdi. Belə məclislərdə bəzən iki min nümayəndə iştirak edirdi. Qurultayın işində iştirak etmək məcburi idi. Müzakirə olunan məsələlər qurultay nümayəndələrinin əksər çoxluğunun iştirakı şəraitində, səs üstünlüyü ilə həll olunurdu. Adi qurultaylarda - iclaslarda nisbətən az əhəmiyyətli cari məsələlərə baxılırdı

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ