Rud

Rud
Tarix :

26-12-2021, 23:37

Rud — qədim simli çalğı alətidir. 

Qədim simli çalğı alətidir. Orta əsr Azərbaycan klassiklərinin əsərlərində təsvir edilmişdir. Rud Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində belə vəsf olunmuşdur:

Müğənni, çal rudu, gəl dadıma çat,
Məni bu amansız yuxudan oyat.
Bəlkə, rudun səsi axar çay kimi
Dincəltsin susamış yanar qəlbimi.

Əbdülqadir Marağai risaləsində rud barədə yazır:
"Rud xani: onun səthinin yarısına kimi dəri çəkilir, qoluna pərdələr bağlanılır. 4 simli olur. İstifadə qaydası qədim uddakı kimidir".

Əsasən, saray çalğı aləti sayılan rud XVI-XVII əsrlərə kimi Azərbaycan ərazisində istifadə olunub. Araşdırmalardan məlum olur ki, rudun ilk nümunələrinin çanağı balqabaqdan, simləri isə ipək sapdan və yaxud bağırsaqdan hazırlanıb. Onun xarici görünüşü də balqabağı xatırladır. Quruluşu etibarı ilə başqa simli çalğı alətlərindən fərqlənən rudun üzünün yarısı balıq dərisi ilə, qalan hissəsi isə şam ağacından hazırlanmış üzlüklə örtülür. İlk zamanlar barmaqla, sonralar isə yumşaq materialdan hazırlanmış mizrabla çalınıb. Çanağı tut, ərik, qolu və kəlləsi qoz, aşıqları armud ağacından hazırlanır. Rudun qoluna 12 pərdə bağlanılır. Bəm səsə malikdir. Alətin ümumi uzunluğu 860 mm, çanağının uzunluğu 495 mm, eni 335 mm, hündürlüyü 170 mm, qolunun uzunluğu 285 mm-dir.

Səs düzümü böyük oktavanın "mi" səsindən ikinci oktavanın "si" səsinə kimidir.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ