Monqolustan

Monqolustan

Monqolustan — Şərqi Asiyada dənizə çıxışı olmayan unitar dövlət.

Çingiz xanın vətəni olan, Orxon abidələrinin yerləşdiyi Monqolustanda mədən sənayesi, kənd təsərrüfatı və turizm sahələri ciddi potensiala malikdir, təbii zənginlikləri ilə seçilir. Şimaldan Rusiya, cənubdan Çinlə həmsərhəddir, 3 milyon nəfər əhalisi, 1,5 milyon km² ərazisi var. Sahəsinə görə dünyanın ən böyük 18-ci dövləti olmasına baxmayaraq, ərazinin məskunlaşma baxımından əlverişsiz olması səbəbilə əhalisinin sayı üç milyon nəfərdir. Monqolustan, həmçinin dənizə çıxışı olmayan ölkələr arasında sahəsinə görə Qazaxıstandan sonra ikinci ən böyük ölkədir. Əhalinin təqribən yarısı paytaxt və ən böyük şəhər olan Ulan-Bator şəhərində yaşayır.

Dini baxımdan əhalinin əksəriyyəti buddistdir. Heç bir dinə etiqad etməyənlər ikinci ən böyük qrupdur. İslam dini etnik qazaxlar arasında geniş yayılmışdır. Ölkə əhalisinin əksər hissəsi etnik monqollardan ibarətdir, lakin qazaxlar və tuvalar da xüsusilə ölkənin qərbində etnik azlıq təşkil edirlər.

Ölkə əhalisinin 51,2 faizi şəhərlərdə yaşayır, əhalisinin 95 faizi oxuyub-yazmağı bacarır. Əhali ilə bağlı Monqolustanın ən böyük problemi kişilərin sayının az olmasıdır. Sovetlər dönəmində Rusiyanın təsir dairəsində olan Monqolustanda kişilərinin böyük qismi spirtli içkilərə aludə olublar. Kişilərin sayının azaldığı Monqolustanda hazırda 6 qadına 1 kişi düşür. Kişilərin sayı az olduğu üçün bu ölkədə qızlar deyil, evlənəcək kişilər üçün başlıq pulu istənilir. 45 milyon mal-qaranın olduğu Monqolustanda başlıq üçün də elə mal-qara verilir.

2010-cu il əhali siyahıyaalınmasına əsasən Monqolustan əhalisinin sayı 3.278.290 nəfərdir. Monqolustanda Türk toplumunu qazaxlar, tuvalılar (onların etnik qrupu olan urianxaylarla birlikdə), uyğurlar (uyğur dilinin hotən dialektində danışanlar) və özbəklər təşkil edir.

İndiki monqol torpaqları Hunlar, Siyanpiler (Sien-pi), Cücenlər və daha sonra Göytürk imperiyaları tərəfindən idarə olundu. Monqol imperiyası 1206-cı ildə Çingiz xan tərəfindən qurulmuşdur. XVI-XVII əsrlərdə moğollar Tibet buddizmindən təsirləndilər. XVII əsrin sonlarında Moğolistanın böyük hissəsi Qing sülaləsinin hökmranlığına gəldi. 1911-ci ildə Qing xanədanının süqutu zamanı, Monqolustan müstəqilliyini elan etdi, lakin 1921-ci ilə qədər özünün de-fakto müstəqilliyi ilə və 1945-ci ilə qədər beynəlxalq tanınmağa nail olmaq üçün addımlar atmağa başlamışdır. Nəticədə güclü rus və sovet təsirinə məruz qaldı. 1924-cü ildə Moğol Xalq Respublikası elan edilmişdir. 

1950-ci ilin 14 fevralında imzalanan "Dostluq, ittifaq və qarşılıqlı yardım haqqında" Sovet-Çin müqaviləsindədə tərəflər MXR-in tam müstəqilliyini bir daha qeyd edir və onunla ÇXR-in diplomatik əlaqələr qurmasının vacibliyini olduğunu söyləyirdilər. 1992-ci ilin 13 yanvarında Monqolustan Böyük Xalq Xuralında ölkənin yeni Konstitusiyası qəbul edildi, yeni dövlət gerbi təsdiq olundu. Dövlətin rəsmi adı Monqolustan oldu.

Konstitusiyaya görə ölkədə bütün mülkiyyət formaları, o cümlədən xüsusi mülkiyyət normal hüquqi status aldı. Hələ buna qədər 1991-ci ildə özəlləşdirmə haqqında qanun qəbul edilmişdi. Yenə 1991-ci ilin yanvarından qiymətlərin liberallaşdırılması kursuna keçildi və o, 1993-cü ilin sonlarına qədər olan müddətdə başa çatdırıldı.

Monqolustan demokratik islahatları həyata keçirmək məqsədilə 1991-1995-ci illər ərzində xarici dövlətlərdən və beynəlxalq maliyyə təşkilatlarından 1,2 mld dollar məbləğində güzəştli kredit və əvəzsiz kömək almışdır.

Geri qayıt