Şimali Kipr

Şimali Kipr

1975-ci ildən 1983-cü ilədək Kipr Türk Federativ Dövləti adını daşımışdır. Paytaxtı Nikosiya şəhəridir.

1983-cü ildə Kipr adasının türk icmasının məskunlaşdığı şimal hissəsində yaradılmış və beynəlxalq aləmdə Türkiyədən başqa heç bir dövlət tərəfindən tanınmayan dövlət qurumu. 1974-cü ildə yunan millətçilərinin qiyamından sonra Türkiyə tərəfindən adadakı türk icmasının təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirilən hərbi müdaxilə nəticəsində türk ordusunun nəzarətinə keçən torpaqlarda yaradılmışdır.

Adanın üçdə bir hissəsinə nəzarət edir. Dünya dövlətləri münaqişənin hüquqi həllinə qədər ŞKTR-i rəsmən tanımaq istəmirlər. Bununla belə, ŞKTR ilə bir çox dövlətlər qeyri-rəsmi iqtisadi və mədəni əlaqələr saxlayırlar. Şimali Kipr Türk Respublikası İslam Konfransı Təşkilatına müşahidəçi üzv kimi daxildir. 

Əvvəllər Pakistan və Banqladeş ŞKTR-i müstəqil dövlət kimi tanımış, sonradan bundan imtina etmişlər.

Şimali Kipr Türk Respublikasının əhalisi təqribən 260 min nəfərdən çoxdur. Əhalinin çoxu yerli etnik türklərdir. Həmçinin, müəyyən qədər anklavlarda yaşayan kipr yunanları və maronitlər də vardır.

ŞKTR-in paytaxtı Lefkoşadır (türk. Lefkoşa, yun. Λευκωσία). Şimalda Dipkarpaz, qərbdə Gözəlyurd, cənubda Akınçılara doğru ŞKTR torpaqları yayılır. Şimali Kipr Türk Respublikası ilə adanın yunan hissəsi arasında Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələrinin yerləşdirildiyi bufer zonası – "Yaşıl xətt" ing. Green Line vardır. Cənubda Kipr Respublikası ilə həmsərhəddir.

Tarixi boyu bir çox millətin suverenliyi altına girən Kipr E.Ə. 1500-cü illərdə Qədim Misirin, E.Ə. 1320-ci illərdə Het dövlətinin E.Ə. 1000-ci illərdə Finikiyalılar və E.Ə. 709-cu ildə Assuriyalıların tərkibində olmuşdur. E.Ə. 58-ci ildə ada Roma İmperiyasının bir vilayəti halına gəldi və 350 il ərzində Roma İmperiyası nəzarətində qaldı. 395-ci ildə Bizans İmperiyasının bir hissəsi olan adada xalq bütpərəstlik, sonra isə yavaş-yavaş pravoslavlıq məzhəbinə keçdi. 1191-ci ildə III xaç yürüşü zamanı şir ürəkli Riçard adanı məbəd cəngavərlərinə satdı. 1192-ci ildən ada Qay de Lusignanın, 1489-cu ildən isə Venesiyalıların nəzarətinə keçmişdir.  Kipr, II Səlim hökmdarlığı zamanı, Lələ Mustafa Paşa komandanlığı altındakı ordu və Piyalə Paşa komandanlığı altındakı donanma tərəfindən, 1 iyul 1570-ci ildə başlayıb,1 avqust 1571-ci ildə Mağusanın fəth edilməsi ilə Osmanlı idarəsinə girdi. 1571-ci ildə Kiprdə keçirilmiş olan əhali siyahıyaalmasında yerli əhali 150 min, türk əsgəri isə 30 minə qədər olmuşdur. Adaya köçürülən türklər, adanın ilk türk sakinləridir. Osmanlının süqutundan sonra ada 1975-ci ilə qədər ingilislərin nəzarətində olmuşdur.

Geri qayıt