Türkiyə

Türkiyə

Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) torpaqlarının əsas hissəsi Qərbi Asiyaregionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkədir. Paytaxtı ankaradır. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan, İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlərlə əhatə olunmuşdur. Bu dənizlər qərbdə Egey dənizi, şimalda Qara dəniz, cənubda isə Aralıq dənizidir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankaraşəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur. 

Əhalinin təqribən 70-80%-i özünü etnik türk hesab edir. Əhalinin 20%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıqsayılır. Digər etnik azlıqlara adıqlar, albanlar, ərəblər, boşnaklar və lazlar daxildir. Rəsmi dil türk dilidir. Türk dili ilə yanaşı kurmanc, bosniya, ərəb, zaza, kabardin-çərkəz və digər dillərdə danışanlar da azlıq təşkil edir.

Türkiyə adı iki komponentə bölünür: Türk etnonimi və "sahib" mənasında istifadə olunan –iyə şəkilçisi. "Türk" və ya "Türük" sözlərinə tarixdə ilk dəfə Mərkəzi Asiyada dövlət qurmuş Göytürklər tərəfindən Orxon əlifbası istifadə edilərək səkkizinci əsrdə tikilən Orxon abidələrində rast gəlinib. Bu sözün müasir dövrdəki halının orjinalı ilk dəfə XII əsrdə italyanlar tərəfindən orta əsr latın dili istifadə edilərək Turchia və ya Turmenia şəklində qeydə alınmışdır. Bunlarla birlikdə, orta əsrin alman səyyahları bölgəni Turkei və ya Tirkenland şəklində, fransızlar isə Turquie şəklində adlandırmışdır.

Yunan dilində eyni mənanı ifadə edən Tourkia adı isə Bizans imperatoru VII Konstantinos tərəfindən “De Administrando Imperio” kitabında istifadə edilib. Ancaq imperator burada "türklər" adı altında macarları ifadə etmişdir. Oxşar şəkildə, Bizans mənbələri Qara dəniz və Xəzər dənizinin şimalında mövcud olmuş türk dövləti olan Xəzər xaqanlığı üçün də Tourkia (türklərin ölkəsi) ifadəsini işlətmişdir. Osmanlı İmperiyası da müxtəlif vaxtlarda digər ölkələr tərəfindən Türkiyə və ya Türk İmperiyası şəklində adlandırılmışdır.

Müasir Türkiyə ərazisi Paleolit dövründən etibarən müxtəlif xalqlar tərəfindən məskunlaşma yerinə çevrilmişdir. Aysorlar, yunanlar, frigiyalılar, uratular bu ərazilərin ilk sakinləri hesab olunur. Makedoniyalı İsgəndər bu əraziləri ələ keçirdikdən sonra burada yunanlaşma prosesi başlamışdır. Bu proses sonralar Roma İmperiyası və Bizans İmperiyası zamanında da davam etmişdir. XI əsrdə Səlcuq türklərinin əraziyə miqrasiyası başlamışdır. 1071-ci ildə səlcuqların Malazgird döyüşündə Bizansa qalib gəlməsi Türkiyənin quruluşunun başlama tarixi kimi simvolizə edilir. Rum Sultanlığı 1243-cü ildə monqol işğalı başlayana qədər Anadolunu idarə etmiş, həmin tarixdən sonra isə sultanlıq müxtəlif Anadolu bəyliklərinə parçalanmışdır. 

XIII əsrin sonlarından etibarən Osmanlı sülaləsi Anadoluda yerləşən bu kiçik bəylikləri birləşdirməyə başlamış və nəticədə, ərazisi Cənub-Şərqi Avropa, Qərbi Asiya və Şimali Afrikanın çox hissəsini əhatə edən böyük imperiyaya çevrilmişdir. Osmanlı İmperiyasıSultan Süleyman Qanuninin hakimiyyəti illərində dünya gücünə çevrilmişdir. İki əsrdən çox müddət ərzində öz gücünü qorumasına baxmayaraq, XIX və XX əsrlərdə Avropada strateji əhəmiyyətli ərazilərin itirilməsi artıq dövlətin keçmiş hərbi qüdrətinin zəifləməsindən xəbər verirdi. 1913-cü ildə baş vermiş dövlət çevrilişindən sonra ölkənin idarə olunması "Üç Paşalar"ın əlinə keçdi. Birinci dünya müharibəsi ərzində Osmanlı İmperiyası İttifaq dövlətlərinə qoşulmağa qərar verdi. Müharibənin başa çatmasından sonra məğlub olan Osmanlı İmperiyası süquta uğradı. İşğalçı qüvvələrə qarşı başlayan və Mustafa Kamal Atatürkün rəhbərliyi ilə davam edən Türkiyə İstiqlaliyyət müharibəsi 1922-ci ildə monarxiyanın ləğv edilməsi və 1923-cü ildə Türkiyə Respublikasının əsasının qoyulması ilə nəticələndi. 

Türkiyə Statistika Qurumunun 10 yanvar 2021-ci il tarixinə olan rəsmi təxmininə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 83.614.362  nəfərdir. Konda-Araştırma və Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araştırmanın yekunlarına əsasında 2006-cı ilə verdiyi təxminə əsasən Türkiyənin 72.975 milyon nəfər əhalisinin 76 %-ni Anadolu türkləri , 15.7 %-ni Kürdlər və Zazalar, 2.8 %-ni digər türk xalqlarının nümayəndələri , 0.7 %-ni ərəblər , 4.7 %-ni isə digər etnik qruplar təşkil edir .

Türkiyə Respublikasının rəsmi dövlət dili Türk dilidir. Türkiyə türkcəsi, Azərbaycan türkcəsinə çox yaxındır. Türkiyədə rəsmi olaraq İstanbul şivəsi əsas alınmışdır. Türkiyə türkcəsi bütün Türk xalqlarının əsas dili hesab olunur. Bunun səbəbi Türkiyə türkcəsinin bütün türk xalqları tərəfindən anlaşılmasıdır.

Türkiyədə ən geniş yayılmış din İslamdır və müxtəlif məlumatlara əsasən ölkə əhalisinin 99.8%-i müsəlmanlardan ibarətdir. Ancaq bəzi digər mənbələrdə bu məlumat fərqlilik göstərir və 96.4% olaraq göstərilir. 

Türkiyə Statistika İnsitutunun məlumatına əsasən daxili su hövzələri ilə birlikdə ölkənin ümumi ərazisi 783562.38 km² təşkil edir ki, bunun da 769603.74 km²-i quru, 13958.64 km²-i isə daxili su hövzələridir. 

Ölkənin Mərmərə, Egey, Aralıq və Qara dənizlərlə əhatə olunması ona dünya okeanına çıxış imkanı verir. Ən uca dağı Ağrı dağı, ən böyük gölü Van gölüdür. 

Ölkə 7 bölgəyə və 81 vilayətə ayrılır.

Geri qayıt