Uzun Həsən

Uzun Həsən

Azərbaycan Ağqoyunlu imperiyasının banisi – böyük dövlət xadimi.

XV əsr xalqımızın tarixində ən keşməkeşli, siyasi hadisələrlə zəngin və mürəkkəb dövrlərdən biri olmuşdur. Məhz həmin əsrin başlanğıcında Azərbaycan torpaqları yadelli əsarətindən azad edildi və Oğuz-türk ənənələrinə söykənən milli dövlətçiliyimiz bərpa olundu. Bu dövrdə Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranmasında və möhkəmlənməsində mühüm əməyi olan, dövrünün tanınmış dövlət xadimləri və sərkərdələri olan Qara Yusif və Uzun Həsən kimi tarixi şəxsiyyətlər Azərbaycanın qonşu dövlətlərlə qarşılıqlı münasibətlərinin qurulmasında və inkişaf etdirilməsində əhəmiyyətli rol oynadılar.

Azərbaycanın XV əsrdə yaşamış görkəmli dövlət xadimi Uzun Həsən dövlətçilik tariximizdə mühüm yer tutan nadir şəxsiyyətlərdəndir. Azərbaycanın və bütün Şərqin zəngin dövlətçilik ənənələri və yaşadığı dövrün beynəlxalq münasibətləri ilə, o cümlədən xristian dünyasında baş verən hadisələrlə dərindən tanış olan Uzun Həsən son dərəcə tədbirli siyasi xadim kimi tanınmışdır.

Uzun Həsən 1423-cü ildə Ağqoyunlu Əli bəyin və saray Xatunun ailəsində dünyaya gəlmişdir. 1435-ci ildə Ağqoyunlu Qara Osmanın ölümündən sonra Ağqoyunlu şahzadəli arasında taxt-tac uğrunda davam edən ixtilaflar XV əsrin ortalarına kimi davam etdi. Saray Xatunun müdrikliyi və saraydakı nüfuzu nəticəsində Əli bəyin oğlanları arasında hərbi istedadı və siyasi uzaqgörənliyi ilə seçilən Uzun Həsən (1453-1478) Ağqoyunlu taxtına çıxarıldı, kiçik Ağqoyunlu dövləti nəinki öz siyasi rəqiblərini aradan qaldıra bildi, hətta XV əsrin 60-70-ci illərində dövrün ən qüdrətli feodal imperiyalarından birinə çevrildi. Saray Xatun dövlət həyatının bütün sahələrində öz oğlunun – XV əsrin görkəmli dövlət xadimi, məşhur sərkərdə və diplomatı kimi şöhrət qazanmış Uzun Həsənin ən yaxın məsləhətçisi oldu.

Uzun Həsənin səyləri nəticəsində həmin dövrdə kiçik bəylik olan Ağqoyunlu dövləti Osmanlı və Qaraqoyunlu dövlətləri kimi iki qüvvətli rəqib arasında müstəqilliyini saxlaya və möhkəmləndirə bildi.

Uzun Həsənin Ağqoyunlu bəyliyində hakimiyyətə gəlməsinin ilkin mərhələsində feodal çəkişmələrinin arası kəsilmədi, lakin Ağqoyunlu əyanları Uzun Həsənin böyük nüfuzu ilə hesablaşmalı oldu.

Uzun Həsən daxili çəkişmələrə son qoymağa çalışaraq, mərkəzi Diyarbəkr şəhəri olan Ağqoyunlu bəyliyini daha da möhkəmləndirmək və bu dövlətin ərazisini Azərbaycanın mərkəzi əraziləri hesabına genişləndirmək, Azərbaycanın cənub torpaqlarında dövlət hakimiyyətini ələ keçirmək məqsədilə orada hökmranlıq edən Qaraqoyunlulara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə başladı. O, öz əyanlarına böyük imtiyazlar və vədlər verməklə onları ətrafında sıx birləşdirməyə nail oldu.

1457-ci ilin iyununda Uzun Həsən Diyarbəkr yaxınlığında Rüstəm bəyin rəhbərliyi altında Qaraqoyunlu ordusunu ağır məğlubiyyətə uğratdı. Bu qələbə Uzun Həsənin mövqeyini daha da möhkəmləndirdi və ona böyük hökmdarlarla eyni sırada durmağa imkan verdi. XV əsrin 60-cı illərinin ortalarında İspirdən Urfaya, Şərqi Qara­hisardan Siirtə qədər uzanan bölgələr Uzun Həsənin hakimiyyəti altında idi.

Qaraqoyunlu əyanları arasındakı arasıkəsilməyən çəkişmələr, davam etməkdə olan mübarizənin mərkəzi hakimiyyətə ağır təsiri, Azərbaycan Qaraqoyunlu dövləti daxilində tədricən kəskinləşən ziddiyyətlər Uzun Həsən üçün əlverişli fəaliyyət meydanı açdı, onun qaraqoyunlulara qarşı döyüşlərdə qələbə qazanmasını asanlaşdırdı. Ağqoyunluların dövlət hüdudlarının getdikcə genişlənməsini görən Cahanşah rəqibə qarşı həlledici döyüşə can atdı. 1467-ci ilin 11 noyabr gecəsi cüzi qüvvə ilə Çapaqcur yaxınlığında Səncək adlı yerdə gecələyən Cahanşah Uzun Həsənin 6 minlik qoşununun hücumuna məruz qaldı, qaraqoyunlular məğlub oldu və Cahanşah öldürüldü. Bu məğlubiyyətdən sonra Cahanşahın oğlu Həsənəli Qaraqoyunlu ordusunu öz ətrafında birləşdirməyə nail oldu, lakin 1468-ci ilin avqustunda Mərənd yaxınlığında Ağqoyunlularla döyüşdə məğlubiyyətə uğradı. Uzun Həsənin qazandığı bu qələbə nəticəsində Azərbaycanda bir imperatorluq süqut etdi və yeni bir imperatorluq yaranmış oldu.

Bələliklə, 1468-ci ildə Azərbaycan Qaraqoyunlu dövləti süqut etdi və mərkəzi Təbriz şəhəri olan Azərbaycan Ağqoyunlu dövləti yarandı. Uzun Həsənin hakimiyyəti dövründə Ağqoyunlu dövlətinin tərkibinə Azərbaycanın Kür çayına qədərki bütün cənub torpaqları, Şərqi Anadolu, Diyarbəkr, Əcəm İraqı, Ərəb İraqı, Fars və Xorasan sərhədlərinə qədər olan torpaqlar daxil idi.

1469-cu ilin başlanğıcında Uzun Həsən başlıca rəqibi olan Əbu Səidi məğlub edərək Teymurilərin Azərbaycan torpaqlarında yenidən möhkəmlənmək cəhdinin qarşısını aldı. Bu parlaq qələbə Uzun Həsənə Qaraqoyunlu imperatorluğunun bütün torpaqlarını qazandırdı. Bununla da, o, Xorasandan Sivasa qədər uzanan daha geniş bir imperatorluğun sahibi oldu. Bundan sonra mənbələrdə bu böyük hökmdar “Sultanül – adil Həsən xan”, “Sultanül – Qalib Həsən Padşah” adları ilə qeyd olun­mağa başladı.

Azərbaycan Ağqoyunlu dövlətinin banisi Uzun Həsənə Qaraqoyunlulardan acınacaqlı miras qalmışdı. Tayfa əmirlərinin Azərbaycan əhalisinin mənafeyinə zidd fəaliyyəti, sinfi ziddiyyətlərin kəskinləşməsi, hərbi-tayfa əyanları arasındakı daxili müharibələr nəticəsində dövlət tənəzzül prosesi keçirirdi. Buna görə də, Cənubi Azərbaycan əhalisi Qaraqoyunlu sülaləsinin sonuncu taxt-tac iddialarını müdafiə etmədi. Əhali hakim sülalənin dəyişməsini xeyirxahlıqla qarşıladı.

Uzun Həsən öz hakimiyyətini möhkəmləndirmək məqsədilə əhalinin vəziyyətinin yüngülləşdirilməsi sahəsində bəzi tədbirlər gördü. Onun dövründə mərkəzi dövlət hakimiyyətinin oturaq əhaliyə arxalanması prosesi gedirdi. Uzun Həsən hərbi-tayfa əyanlarının separatizmini zəiflətmək, ərazisi geniş olan imperiyanı gücləndirmək üçün bəzi maliyyə və inzibati islahatlar həyata keçirməyə təşəbbüs göstərdi.

Ağqoyunlu dövlətində vilayətlərin idarə edilməsində yeni bir qayda yaratmaq cəhdləri, onların mərkəzləşdirmə siyasətini tamamlayan şərtlərdən biri olmuşdur. Belə ki, mərkəzi hökumət vilayətlər üzərində hakimiyyətini tam şəkildə qurmaq, vilayət hakimlərinin baş qaldırmasını və müstəqil hərəkət etmək imkanlarını ortadan qaldırmağa çalışırdı. Uzun Həsənin “Qanunları” bu sahədə atılan ən önəmli addımlardan biri olmuşdur.

Uzun Həsənin hakimiyyət başına gəldiyi illərdə şəhərlilər və kəndlilər üzərinə qoyulan vergi və mükəlləfiyyətlər çox ağır idi. Burada toplanan müxtəlif vergilərin miqdarı getdikcə artırdı. Bu, nəinki geniş xalq kütlələrinin vəziyyətini ağırlaşdırır, hətta ölkənin gəlirlərinin azalmasına səbəb olur, onun iqtisadi əsasını zəiflədirdi. Uzun Həsən vergi və mükəlləfiyyətlərin miqdarını müəyyənləşdirmək, zorakılığın qarşısını almaq, vergi toplayan məmurların xəyanətlərinə son qoymaq məqsədilə vergi işlərini nizama salan «Qanunnamə» tərtib etdirdi. Uzun Həsənin «Qanunnamə»si kəndlilərdən, sənətkarlardan və tacirlərdən alınan vergiləri qaydaya salmağı nəzərdə tuturdu. O, hətta bütün hərbi vergiləri ləğv etməyə çalışırdı, lakin mülki və hərbi əyanların etirazları ilə qarşılaşmışdı.

Uzun Həsən uzaqgörən dövlət xadimi kimi yaxşı başa düşürdü ki, onun uğurlu hərbi qələbələri nəticəsində yaradılmış və tərkibinə müxtəlif xalqların, ölkələrin daxil olduğu Ağqoyunlu dövləti geniş əraziyə malik olsa da, daxilən möhkəm deyildi və buna görə də, Osmanlı imperiyası kimi qüdrətli dövlətə qarşı dura bilməzdi. Qüdrətli xarici təhlükəni dəf etmək üçün, hər şeydən əvvəl, güclü mərkəzləşdirilmiş dövlət yaratmaq lazımdır. Odur ki, Uzun Həsən bu məqsədlə bir sıra islahatlar keçirdi. O, köçəri hərbçi əyanlara deyil, oturaq əhaliyə arxalanmaq xətti götürdü. Cəmiyyəti yaşadan əsas istehsalçılar olan kəndlilərin, habelə sənətkarların vəziyyətini nisbətən yaxşılaşdırmaq məqsədilə xüsusi “Qanunnamə” hazırlatdı.

Uzun Həsənin «Qanunnamə»si barədə dövrün ərəbdilli qaynaqlarından olan Qi­yasinin verdiyi məlumat xüsusi maraq doğurur. Qiyasi yazır: «Həsən bəy əda­lətli və xeyirxah idi. O, bütün dövlət ərazisində tamğanı ləğv etmək istəyirdi. Lakin əmirləri onunla razılaşmadılar. Sultan tam­ğanı yarıbayarı azaldaraq 1/20 dirhəmə çatdırmışdı . O, bütün ölkədə yığılan vergilərin həcmini dəqiqləşdirdi. Uzun Həsən əhali arasındakı mübahisə və şikayətlərə aid “Qanunnamə” də tərtib etdirmişdi. O, günahkarları sərt şəkildə cəzalandırmağı tələb edirdi. Sultan “Qanunnamə”ni icra edilmək üçün dövlətin bütün vilayətlərinə göndərmişdi”. O, ölkədəki əxlaqsızlıq yuvalarını və buraya bağlı olan meyxanələri və qumarxanələri bağlatdırdı, ölkəsində toplanmaqda olan torpaq vergisini azaldaraq məhsulun həcminin 1/6-i qədər müəyyən etdi, xalq arasında ortaya çıxan şikayətləri və düşmənçilikləri nizama salmaq üçün “Qanunnamə” hazırlatdı. O, günahkarları sərt şəkildə cəzalandırmaq üçün töhmət və cərimə (pul cəzası) müəyyən etdi və cinayətkarların cəzalandırılmasını tələb etdi. Gücü çatdıqca ədalət prinsipindən heç zaman uzaqlaşmadı».

Uzun Həsənin hazırlatdığı bu “Qanunlar”ın Diyarbəkrdən Farsa qədər uzanan im­periyanın vilayətlərinin idarə edilməsində bir qayda yaradıb-yaratmadığını bil­mirik. Ancaq bu qanunların Azərbaycanda, eləcə də Fars və İraqda həyata keçirildiyi məlumdur. S.Ərşahinin fikrincə, «Həsən Padşah “Qanunlar”ı türk hüquq və maliyyə tarixi ilə maraqlananlar üçün önəmli bir qaynaq olduğu kimi, türkcənin inkişaf mərhələlərinə işıq tutacaq bilgilər də verməkdədir».

Şərəf xan Bidlisi yazır ki, Uzun Həsən «rəiyyət vergisi almaq üçün İran, Fars və Azərbaycan padşahlarının indi də (XVI əsrdə – T.N.) əməl etdikləri qanun vermişdi». Uzun Həsənin «Qanunnamə»si Osmanlılar tərəfindən bir müddət, Səfəvilər tərəfindən isə uzun zaman ərzində istifadə edilmişdir. F.Sümer bu sənədi Ağqoyunlu dövlətinin İslam aləminin maliyyə tarixinə mühüm bir töhfəsi kimi qiymətləndirir.

Şübhəsiz ki, Uzun Həsən feodal özbaşınalığını məhdudlaşdırmaq və vergilərin yığılması zamanı sui-istifadə hallarını aradan qaldırmaqla iqtisadiyyatın inkişafına təkan vermək və xəzinənin zənginliyini təmin etmək istəyirdi. O, bu siyasəti həyata keçirərkən mərkəzi dövlət aparatının möhkəmləndirilməsində maraqlı olan ruhanilərə və mülki bürokratiyaya da arxalanırdı.

Uzun Həsənin yaratmış olduğu Azərbaycan Ağqoyunlu dövləti bölgənin ən böyük güclərindən birinə çevrilmişdi. Şübhəsizdir ki, bu, bölgənin digər iki böyük dövləti olan Osmanlılar və Məmlüklərlə növbəti münaqişələrin yaranmasına gətirib çıxarırdı. Belə ki, Uzun Həsənin Qərb müttəfiqlərindən, xüsusilə də Venesiyadan göndərilən hərbi yardımı almaq üçün Aralıq dənizinə açılan bir dəhlizə ehtiyacının olması Məmlüklərlə yeni münaqişəyə yol açdı. Bu məqsədinə çatmaq üçün Uzun Həsən Məmlük valilərini və vassallarını təhdid etməyə başladı. Digər tərəfdən, Uzun Həsənin islamın müqəddəs yerləri olan Məkkə və Mədinə şəhərləri üzərində hakimiyyətə iddialı olduğunu bəyan etməsi Məmlüklərlə münasibətlərdə yeni anlaşılmazlığa yol açdı. Ağqoyunlu hökmdarı bu addımı ilə islam dünyasının ən böyük güclərindən biri olduğunu elan etmiş oldu.

Bu zaman Şərqi Anadoluda öz nüfuzunu möhkəmləndirmək üçün Osmanlı dövləti ilə mübarizəni daha da gücləndirən Ağqoyunlu hökmdarı, yaxın müttəfiqi olan Venesiyadan göndərilən hərbi silah və sursatı əldə etmək üçün Qaramana hərbi yürüş təşkil etdi. Lakin, 1472-ci ilin avqustunda Yusif Mirzənin başçılığı altında Ağqoyunlu ordusu Beyşehir yaxınlığında Osmanlılarla döyüşdə məğlub oldu və Yusif Mirzə əsir alındı.

Aralıq dənizinin Şərqində möhkəmlənmək uğrunda Venesiya ilə müharibəyə başlayan II Mehmed Avropa-Şərq ticarətində inhisar mövqeyə malik olmaq istəyirdi. Osmanlılar nəinki Anadoludan keçən ticarət yollarına, həm də Şərq ilə Qərb arasındakı bütün ticarət yollarına hakim olmağa çalışırdılar. Buna görə də, II Mehmed müxtəlif üsullarla avropalıların Şərqlə ticarətinə mane olurdu. O, Osmanlı Türkiyəsi hüdudlarında toxuculuğun inkişafına ciddi fikir verirdi. Sultan Türkiyəni Şərqdən alınan ipəyi toxuyaraq avropalılara hazır məhsul şəklində satan bir ölkəyə çevirməyə çalışırdı. O, bu məqsədlə, cürbəcür məhdudlaşdırıcı tədbirlərlə Azərbaycandan gətirilən xam ipəyin Osmanlı Türkiyəsindən xaricə aparılmasına maneçilik törədirdi. Azərbaycandan gətirilən xam ipək əlverişli olmayan şərtlərlə Osmanlı tacirlərinə satılmalı idi. Ağqoyun­luların Osmanlı ərazisi vasitəsilə Qərblə ticarət etməyə məcbur olduqlarını yaxşı anlayan II Mehmed Azərbaycan tacirlərindən çoxlu gömrük haqqı alırdı. Azərbaycandan Bursaya gedən ipək karvanlarından iki yerdə (Toqatda və Bursada) gömrük haqqı alınırdı.

Azərbaycan tacirləri Toqatda ikinci gömrük vergisindən çox şikayət edirdilər. Uzun Həsən isə bunu Fatehin çıxardığı haqsız bir bidət hesab edir və pisləyirdi. II Mehmedin qanunlarına görə, xam ipək və ipək parçadan hər 100 axçaya 2 axça hesabı ilə gömrük alınırdı. Osmanlı dövlətində ümumi ticarət gömrüyündən əldə edilən 3 mln. akca gəlirin 2 mln-u ipəkdən alınırdı. Beləliklə, Ağqoyunlu dövləti ilə Osmanlı Türkiyəsi arasında dərin ticarət ziddiyyətləri vardı. Osmanlı dövlətinin iqtisadi siyasətinin bu axarda davam etməsi Ağqoyunlu dövlətinin süqutuna səbəb ola bilərdi. Təbii ki, Ağqoyunlu-Osmanlı qarşıdurmasının siyasi mahiyyətini hər iki tərəfin mühüm beynəlxalq ticarət yollarının keçdiyi Anadolu torpaqlarını öz hakimiyyəti altında birləşdirmək məqsədi təşkil edirdi. Mübarizə bu prosesin sadəcə hansı istiqamətdən və hansı dövlət tərəfindən həyata keçiriləcəyi uğrunda gedirdi.

II Mehmed Şərqdə ticarətdə üstünlüyü ələ almağa, imperiya ərazisində inkişaf edən ipəkçilik istehsalını daimi xammalla təmin etmək üçün «Osmanlı iqtisadiyyatının şah damarı olan Təbriz-Toqat-Bursa ipək yolu»nu ələ keçirməyə çalışırdı. Digər tərəfdən iqtisadi cəhətdən böyük əhəmiyyəti olan Şərqi Anadolunun fəth olunması ilə Osmanlılar Təbriz-Hələb, Təbriz-Bursa ipək yolunun tam nəzarətini ələ keçirmiş olurdular. Şübhəsiz ki, bu iki yol Osmanlı xəzinəsinin böyük gəlir mənbəyi olacaqdı. II Mehmedin Təbriz-Bursa tranzit yolu üzərində hakim olmaq təşəbbüsü Ağqoyunlu dövləti ilə Osmanlı dövləti arasında uzunmüddətli və ağır bir mübarizəyə gətirib çıxaracaqdı.

Beləliklə, Osmanlı-Ağqoyunlu toqquşmasının obyektiv tarixi zəmini var idi. O, Anadolunun türk mühitinin daxilində gedən dərin sosial və etnodini diferensiasiya prosesləri ilə bağlı idi. Ağqoyunluların simasında osmanlılar Anadolunun özlərinə müxalif olan hissəsini görürdülər. Əmir Teymur dövründə Anadolunun bütün anti-Osmanlı qüvvələri ümidlərini Orta Asiya fatehinə bağladığı kimi, bu dəfə də Uzun Həsənin simasında yeni “şərq xilaskarını” görürdülər. Öz mülk və hakimiyyətlərini itirmiş Anadolu bəyləri onun hüzuruna sığınır, Ağqoyunlu hökmdarını Osmanlı sultanı ilə müharibəyə başlamağa təhrik edirdilər.

XV əsrin 70-ci illərin əvvəllərində «Qaraman böhranı» Ağqoyunlu və Osmanlı dövlətləri arasındakı münasibətləri gərginləşdirərək müharibə vəziyyətinə çatdırdı.

Ağqoyunlu sultanının Osmanlılara qarşı hərbi əməliyyata başlamağa qərar verməsində Qərbi Avropa xristian dövlətlərinin rolu az olmamışdı. 1463-cü ildən Osmanlı dövləti ilə müharibə aparan Venesiya bütün diplomatik vasitələrdən istifadə edərək Ağqoyunlu dövlətinin iqtisadi və siyasi maraqlarını nəzərə alaraq Uzun Həsəni Sultan II Mehmedə qarşı müharibəyə cəlb etməyə çalışırdı. Qərb dövlətlərinin məqsədi, Ağqoyunlu sultanının hərbi qüvvələri vasitəsilə osmanlılara şərqdən sarsıdıcı zərbə vurmaq və Fateh II Mehmedin nəzər diqqətini Avropadan şərqə yönəltməklə onunla müharibədə düşmüş olduqları çətin vəziyyətdən xilas olmaq idi. Beləliklə, başda Venesiya olmaqla Avropa dövlətlərinin düşünmüş olduğu plan baş tutdu. Şərqi Anadoluda hegemonluq uğrunda Sultan II Mehmedlə siyasi və iqtisadi mənafeləri kəsişən Uzun Həsəni Venesiyanın hərbi sahədəki müəyyən vədləri ilə Osmanlı dövlətinə qaşı müharibəyə cəlb etmək mümkün oldu.

Uzun Həsənin apardığı aramsız müharibələr, onun Yaxın və Orta Şərqdə, Avropada istedadlı bir sərkərdə kimi məşhurlaşması da II Mehmedi təşvişə salırdı. Ağqoyunlu hökmdarının hərbi uğurları (Azərbaycan Qaraqoyunlu dövlətini aradan qaldırması, Teymuri Əbu Səidin qoşunlarının darmadağın edilməsi, Misirlə, gürcü knyazları ilə müharibələrdəki qələbələr) Osmanlı sultanını narahat etməyə bilməzdi. S.Tansel qeyd edir ki, dövrünün böyük sərkərdələrindən biri olan Fateh ləqəbi qazanmış Sultan II Mehmed Ağqoyunlu hökmdarı ilə üz-üzə gəlməkdən çəkinirdi.

Ağqoyunlu-Osmanlı münasibətlərindən bəhs edən mənbələrdə Uzun Həsən Osmanlı Türkiyəsinin qüdrətli rəqibi kimi qiymətləndirilir və o, Əmir Teymurla müqayisə olunur. Topqapı Sarayında saxlanılan bir məktubun müəllifi 9 bənddə Uzun Həsəni Teymurla müqayisə edir və Ağqoyunlu hökmdarının Teymurdan da üstün olduğunu göstərir. Uzun Həsən Avropa mənbələrində də Əmir Teymura bənzədilir, bəzən isə ikinci Teymur adlandırılır.

Ağqoyunlu dövlətinin Qərb ölkələri ilə əlaqələrinin genişlənməsinə Osmanlı imperiyası ilə ziddiyyətlər öz təsirini göstərirdi. XV əsrin 50-60-cı illərində Uzun Həsən Trabzon yunan dövləti, Papalıq və Venesiya Respublikası və onların vasitəçiliyi ilə həmçinin, Kipr, Rodos, Macarıstan, Albaniya və b. dövlətlərlə diplomatik əlaqələr yaratmışdı.

Qeyd etmək lazımdır ki, bu dövrdə görkəmli sərkərdə və diplomat olan Uzun Həsən bütün diqqətini Qaraqoyunlu Cahanşaha və Teymuri hökmdarı Əbu Səidə qarşı yönəltmişdi. Bu çətin mübarizədə arxadan – qərbdən təhlükəsizliyini təmin etmək üçün Avropa dövlətləri ilə, xüsusən də bu zaman Osmanlı dövləti ilə müharibə vəziyyətində olan Venesiya ilə geniş əlaqə saxlayır, diplomatik və hərbi xarakterli vədlərlə Qərb dövlətlərini Osmanlı imperiyasına qarşı müharibəyə təhrik edirdi. Bunun nəticəsidir ki, XV əsrin 60-cı illərinin sonuna yaxın həm Qərbdə, həm də Şərqdə Osmanlı imperiyasına qarşı beynəlxalq münasibətlərdə əsaslı dəyişiklik əmələ gəlmədi.

Hadisələrin sonrakı inkişafı göstərdi ki, Ağqoyunluların Qərbdəki başlıca müttəfiqi olan Venesiya respublikası müttəfiqlik müqaviləsinin şərtlərinə riayət etmədi. Ağqoyunlu hərbi qüvvələri müqaviləyə əməl edərək 1472-ci ilin yayında Qaramanı ələ keçirib Aralıq dənizi sahilinə çıxdılar. Lakin Venesiya vəd etdiyi odlu silahları və artilleriya mütəxəssislərini vaxtında göndərmədi. Əksinə, Ağqoyunlu – Osmanlı müharibəsinin (1472-1473) qızğın çağında Türkiyə ilə gizli – separat danışıqlara girib, müttəfiqinin qələbələrindən istifadə edərək, Osmanlı sultanından dinc yolla ticarət imtiyazları qoparmağa çalışdı. Bununla da, əslində, Ağqoyunlu dövlətinin məğlub olmasına şərait yaratdı. Nəticədə Osmanlı sultanı özünün bütün hərbi qüvvələrini Uzun Həsənə qarşı səfərbər edə bildi və Otluqbelidə mühüm qələbə qazandı.

Uzun Həsənin hakimiyyəti dövründə Azərbaycan Ağqoyunlu dövləti ilə Avropa dövlətləri, xüsusən də Venesiya arasındakı iqtisadi və siyasi əlaqələr Təbriz şəhərinin daxili və xarici ticarətinin inkişafına böyük təsir göstərdi. Uzun Həsən öz dövrünə qədər mövcud olmuş qədim vergi və mükəlləfiyyətlərin ağır olduğunu nəzərə alaraq, ölkəsindəki iqtisadi vəziyyəti canlandırmaq üçün yeni vergi və mükəlləfiyyətlər tətbiq edərək ticarətin inkişaf etməsinə müsbət təsir göstərdi. Həsən Padşah “Qanunları” kimi tanınan bu “Qanunnamə” XVI əsrin I yarısına kimi, daha doğrusu 1557-ci ildə Şah Təhmasibin yeni “Qanunnamə” elan etməsinə qədər Azərbaycan Səfəvi dövlətində istifadə olunmuşdur. Bununla yanaşı Uzun Həsənin Avropa dövlətləri ilə dostluq müqavilələri bağlaması ticarətin inkişafına səbəb olmuşdur.

XV əsrdə Azərbaycanın xarici ticarətinin əsasını xam ipək təşkil edirdi. X.İnalcığın verdiyi məlumata görə, məhz bu dövrdə Azərbaycandan Bursaya gələn ipək tacirləri arasında azərbaycanlılar üstünlük təşkil edirdilər. Əksəriyyəti Təbriz, Şamaxı, Çuxursəd, Gilan və Şirvandan olan tacirlərlə yanaşı, onlar arasında Yəzd, Şiraz, Qəzvin, Kazerun, İsfahan və Səbzəvardan da tacirlər olurdu. Onların bəziləri Bursada yerləşirdilər. Təbriz kimi Bursa da Azərbaycanda və İrandakı ortaqlarının agenti kimi fəaliyyət göstərən azərbaycanlı tacirlərin və sərrafların qərargahına çevrilmişdi. Bunlar ya italyanlar ilə Bursada əlaqə yaradaraq iş qurur, ya da öz təmsilçilərini Balkan ölkələrinə və İtaliyaya yollayırdılar. 1467-ci ildə Şamaxılı tacir Bursaya 200 min axça dəyərində 4400 librə (1408 kq) xam ipək gətirmişdi. X.İnalcıq Bursa şəriyyə reyestirində öz əksini tapmış rəsmi sənədlərə dayanaraq göstərir ki, azərbaycanlı və iranlı tacirlər Bursada hüquqi cəhətdən sərbəst fəaliyyət göstərmək imkanına sahib idilər. 1490-cı ildə Sultan II Bayəzid tərəfindən inşa etdirilən Bursanın ən böyük Koza karvansarayı o dövrdə Əcəm karvansarayı kimi tanınmışdır. 

Uzun Həsən Avropanın əksər ölkələri ilə sıx ticarət əlaqələri yaratmışdı. Bu əlaqələr heç şübhə yoxdur ki, Şərq ölkələri ilə də qurulmuşdur. Ağqoyunluların ticarət əlaqələrinin genişlənməsi Hindistanda fəaliyyət göstərən Bəhməni xanədanlığı ilə əlaqələrin yaranmasına gətirib çıxarmışdır. Ağqoyunlularla Bəhmənilər arasındakı iqtisadi yaxınlaşma məşhur tacir Mahmud Gavanın Bəhməni dövlətinin vəziri seçilməsi sayəsində mümkün olmuşdur. Bu əlaqələr, XV əsrin II yarısında hindlilərin mal mübadiləsi ehtiyacını təmin etmək məqsədilə Ağqoyunlu və Bəhmən sarayları arasında əldə olunan razılıq nəticəsində mümkün olmuşdur. Mahmud Gavanın Uzun Həsənə göndərdiyi məktublarda ticarət əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı müəyyən təkliflər öz əksini tapmışdır.

Qeyd etmək lazımdır ki, Uzun Həsənin xarici ticarətə xüsusi önəm verməsi, onun ölkənin iqtisadi inkişafı üçün mühüm əmək sərf etdiyini göstərir. Lakin onun Otluqbeli döyüşündə Osmanlı Sultanı II Mehmedə məğlub olması iri feodalların, xüsusən də köçəri hərbi əyanların mərkəzi hakimiyyətə qarşı mübarizəsinə səbəb oldu. İri əmirlərin mərkəzi hakimiyyətə tabe olmaması, Ağqoyunlu dövləti üçün ciddi təhlükə yaratmağa başladı. Ağqoyulu sarayına elçi kimi göndərilən Katerino Zeno 1473-cü il iyulun 27-də Venesiyaya göndərdiyi məktubunda Ağqoyunlu ərazisində 20-yə qədər qalaya sahib olan Bidlis əmirlərinin mövcud olduğunu qeyd edir. Kirmanşahdan Təbrizə qədər fəaliyyət göstərən bu əmirlər Ağqoyunlu dövlətinin siyasi hakimiyyəti üçün təhlükə yaratdığı kimi, Ağqoyunlu dövlətinin ticarət həyatına da mənfi təsir göstərdi. Çünki, Azərbaycan Ağqoyunlu dövlətinin mərkəzi Təbriz şəhərini Hələb, Şam, Beyrut və Bəsrə kimi ticarət mərkəzləri ilə birləşdirən karvan yollarının çoxu Bidlis hakimlərinin yerləşdiyi dar keçidlərdən keçirdi. Yerli tayfalara məxsus soyğunçu dəstələr ticarət karvanlarını soyurdular. Buna görə də, Uzun Həsən Qaraqoyunlu Cahanşah və Teymuri Əbu Səid üzərindəki qələbədən sonra bir müddət mərkəzi hakimiyyətə tabe olmayan bu tayfaların müqavimətini qırmağa çalışaraq ticarət yollarının əmin-amanlığını təmin etməyə çalışmışdır. Ağqoyunlu sərkərdələri Sufi Xəlil, Süleyman bəy Bicənoğlu və Bayandur bəy ayrı-ayrı tayfalara məxsus qalaları ələ keçirmişdilər. Bidlis hakimi İbrahim bəy anasını çoxlu hədiyyələrlə Uzun Həsənin yanına göndərərək aman istədi və Ağqoyunlu hökmdarına tabe oldu.

Uzun Həsən ölkəsində ticarətin inkişafını təmin etmək üçün ölkənin hər yerində ticarət vergisi olan tamğanı 20 dirhəmdən 1 dirhəmə endirmişdi. Çünki çox yüksək olan bu ticarət vergisi ticarətin inkişafına əngəl törədirdi.

Ağqoyunlu dövlətinin tanınmış üləmalarından Cəlaləddin Dəvvani Uzun Həsənin uzaq yerlərdən gələn tacirləri himayə etməsini yüksək qiymətləndirir. K.Paydaşın fikrincə, hökmdar bu hərəkəti ilə insanların sevgisini qazanacaq, tacirlərin himayəçisinə çevriləcək, nəticədə ölkəsinin rifahı yüksələcəkdir. Uzun Həsənin gömrük qanunlarında tez-tez firəngi atlaslarının, qumaşlarının adları çəkilir ki, bu da Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə geniş ticarət əlaqələri olduğunu sübut edir.

Tarixi mənbələrdə Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsənin şəxsiyyəti ilə bağlı mühüm fikirlər öz əksini tapmışdır. F.Sümer dövrün qaynaqlarının verdiyi məlumata əsaslanaraq yazır ki, Uzun Həsən hələ 11 yaşı olan zaman Kəmah hakimi olan əmisi Yaqub bəyin yanında xidmətə başlamışdı. Hətta atının yemini verməkdə çətinlik çəkən bu yeniyetmənin gələcəkdə güclü bir imperatorluq yaratmağa nail olması onun qüdrətli bir dövlət adamı olduğunu açıq şəkildə göstərir.

Uzun Həsən türk tarixində önəmli yer tutan böyük sərkərdələrdən biri idi. O, düşmənə vaxtında hücum etmək taktikasından istifadə edərək qələbəni öz xeyrinə təmin etməyi bacarırdı. O, böyük əmək sərf etməsinə baxmayaraq, odlu silahları əldə etməsə də, seçmə süvari ordusu ilə Qaraqoyunlu və Teymuri qoşununu ağır məğlubiyyətə uğrada bildi. Uzun Həsən məhz bu hərbi uğurları ilə Cingiz və Əmir Teymur kimi cahangirlər arasında yer almışdır.

Kiçik yaşlarından başlayaraq həyatı daim mübarizə meydanında keçməsinə baxmayaraq, bu böyük hökmdar elmə böyük qiymət vermiş, dövrünün alimlərini, elm xadimlərini himayə etmişdir. O, cümə axşamları tanınmış elm adamlarını sarayına toplayaraq xüsusi elmi müzakirələr keçirərdi. Tanınmış riyaziyatçı və astronom Əli Quşçuya böyük iltifat göstərmiş, hətta onu elçi kimi Osmanlı sultanı Fateh II Mehmedin yanına göndərmişdi. Ağqoyunlu tarixini qələmə alan Əbubəkr Tehrani hadisələrin çoxunu məhz ondan dinləyərək yazmışdır.

Uzun Həsən xalqa qarşı mərhəmətli olmasına görə dövrünün bütün mənbələrində adil Sultan adı ilə tanınmışdır. F.Sümerin qeyd etdiyi kimi, o, döyüşlərdə və həyata keçirdiyi hərbi yürüşlər zamanı ələ keçirilən əsirləri sərbəst buraxardı. O, Qaraqoyunlu Cahanşahın hərbi düşərgəsinə hücumu zamanı ələ keçirilən Qaraqoyunlu əsgərlərini dərhal azad etmişdi.

Uzun Həsən yüksək milli şüura sahib olan bir hökmdar idi. Bir insanın xalqını sevməsi, onun dilinə, tarixi ənənələrinə dəyər verməsi, onun xalqına bağlı olmasından və güclü şəxsiyyət olmasından irəli gəlir. Xalqını semək, onun mədəniyyətinə dəyər vermək fəzilətlərin ən yüksəyi hesab edilir. Uzun Həsən Oğuz elinə və onun Bayandur boyuna mənsub olmasından qürur duyurdu. Onun müasiri olan Osmanlı sultanlarında babaları olan Oğuzlara qarşı bir sevgi mövcud olsa da, onlardan heç biri türk soyundan olduğunu açıq şəkildə söyləməmişdir.

Ancaq Uzun Həsən açıq şəkildə türklərin hökmdarı olduğunu söyləyirdi. O, hətta Faten II Mehmedə göndərdiyi məktubunda “Ölkənizdə türklərə qarşı qeyri-müsəlmanlar kimi davranılır, onlardan xərac alınır” - söyləyirdi. Uzun Həsən Bayandur boyunun damğasını dövlətin rəsmi tamğası kimi qəbul etmiş və zərb etdiyi pullarına, rəsmi məktublarına, bayraqlarına onu vurdurmuşdur. Onda milli duyğuların yüksək olduğunu türk dilinə xüsusi önəm verməsi də bir daha göstərir. Onun kitabxanasında Mövlananın “Məsnəvisi”nin, Aşıq Paşazadənin “Qəribnaməsi”nin olması və Quranı türkcəyə tərcümə etdirməsi bunu təsdiq edir.

Dövrün qaynaqları Uzun Həsənin Quranı türkcəyə çevirtdirərək hüzurunda oxutdurması barədə məlumat verir. F.Sümer Uzun Həsənin Quranı ibadət zamanı oxunmaq üçün türkcəyə çevirtdiyini və o zaman din xadimləri və üləmanın buna qarşı çıxmasına görə onun təşəbbüsünün baş tutmadığını yazır. Z.V.Toğan isə tarixçi Lariyə istinadən yazır ki, Uzun Həsən Quranı türkcəyə tərcümə etdirərək oxutdurmuşdur. Son illərdə aparılan araşdırmalar Z.V.Toğanın haqlı olduğunu göstərir. M.R.İsmayılzadə digər araşdırmalar və mətnə istinadən Uzun Həsənin əmri ilə tərcümə edilərək yazılmış Quranı müəyyənləşdirmiş və onu araşdırmaya cəlb etmişdir. Bu Quranın bir nüsxəsi İranın Məşhəd şəhərində İmam Rza adına muzeydə saxlanılır. Onun mətni tərcümə zamanı bir neçə türk ləhcələrinin sözlərindən müqayisəli şəkildə istifadə olunduğunu göstərir.

Misir əmiri Yaşbəyin xüsusi tapşırığı ilə Təbrizə Ağqo­yunlu sarayına səfir olaraq gəlmiş Məhəmməd əl-Hələbi isə şəxsən Uzun Həsən tərəfindən qəbul edilmişdi. Müəllifin yazdığına görə, Ağqoyunlu hökmdarı hər cümə axşamı Təbrizin üləmalarını toplayırdı və bu məclislərdə İmam əl-Buxarinin “əl-Cəmi-üş-səhih” əsərindən hədislər oxunurdu. Misir elçisinin iştirak etdiyi toplantıya Təbriz, Şiraz, Bağdad və Səmərqənd üləmaları dəvət edilmişdi. Elçinin qeydinə görə, padşahın anlaması üçün oxunan hədislər türkcəyə tərcümə edilirdi. F.Sümer yazır ki, Uzun Həsənə görə müqəd­dəs kitabı türkcə oxumaq da bir ibadətdir və onunla da savab qazanmaq olar. Türk tarixində Uzun Həsən kimi eyni fikri bölüşən ikinci bir hökmdar yoxdur.

Dövrün Avropa qaynaqlarında da Uzun Həsənin şəxsiyyəti ilə bağlı müəyyən qeydlər vardır. Venesiya diplomatları K.Zeno, G.Barbaro və A.Kontarininin verdiyi məlumatlar xüsusi maraq doğurur. S.Ərşahin yazır ki, Venesiya elçisi A.Kontarini Uzun Həsəni açıq üzlü, iri, uzun boylu, yaraşıqlı, biraz tatar çöhrəli, əyləncə və içkiyə meylli, çalğıçı və musiqiçilərin ifa etdikləri əsərlərə müdaxilə edə biləcək qədər musiqini sevən bir insan kimi xarakterizə edir.

Ağqoyunlu hökmdarı Uzun Həsənin Azərbaycana və daha sonra da İran və İraqa sahib olması mənəvi həyata yeni bir can vermişdi. Dövlətini qüvvətli əsaslara bağlamaq istəyən Uzun Həsən çox mükəmməl idarə və hərbi təşkilat yaratdığı kimi, ölkəsində elmin və mədəniyyətin inkişafına da böyük önəm verdiyindən, hər tərəfdə mədrəsə, imarət və sair müəssisələr yaratmışdı. Uzun Həsənin yaratmış olduğu Azərbaycan Ağqoyunlu dövləti türk siyasi, hərbi, maliyyə, sosial və mədəniyyət tarixində önəmli iz qoymuşdur. Onların yaratmış olduqları memarlıq və sənət əsərləri Anadoludan Azərbaycana, İraqdan Xorasana qədər geniş bir ərazidə günümüzə kimi gəlib çatmışdır.

Ağqoyunlu hökmdarları Uzun Həsən elmi mübahisələrə qatılacaq qədər dərin elmi biliklərə malik olmuşdu. O, həmişə elm, din və sənət adamlarını himayə etmiş, onlara qayğı göstərmişdi. XV əsrdə İslam dünyasının mühüm mərkəzlərindən biri olan Təbriz şəhərində Uzun Həsənin açdırdığı Nəsriyyə mədrəsəsi onun elm və mədəniyyət mərkəzi kimi inkişaf etməsində mühüm rol oynamışdır.

Məclislərində elmi mübahisələrə geniş yer verən, yüksək dünyagörüşə sahib olan Uzun Həsənin şəxsi kitabxanasında çalışan vəzifə sahiblərinin 58 nəfər olduğunu nəzərə alsaq, bu böyük Şərq hökmdarının elmə necə böyük hörmət bəslədiyinin şahidi oluruq. Uzun Həsən musiqiyə də böyük qayğı göstərirdi və hərbi səfərlərində “Əhli tarab” adını verdiyi və 98 nəfərdən ibarət olan saz heyətini həmişə yanında aparırdı.

Uzun müddət Ağqoyunlu sarayında fəaliyyət göstərən Venesiya elçisi Katerino Zeno Uzun Həsəni müstəbid hökmdar kimi qələmə verərək yazır ki, tanınmış Ağqoyunlu əmirləri ona son dərəcə hörmətlə yanaşaraq itaət göstərirlər. Onun qərargahındakı səssizlik sanki bir məbədi xatırladır. Uzun Həsənin çadırına girə bilən böyük əmirlər də danışmağa cəsarət etmədən hamılıqla onun danışığını dinləyərək təsdiq edirlər. S.Ərşahin yazır ki, K.Zenonun bu qeydlərinin əksinə olaraq Uzun Həsən Təbrizdəki sarayında təşkil etdiyi elmi məclislərdə iştirak edən alimlərə hörmətlə yanaşır, hər kəsi dinləyərək fikirlərinə xüsusi önəm verən bir şəxs kimi diqqəti cəlb edir. Şübhəsiz ki, dövlətin ictimai-iqtisadi, siyasi və mədəni həyatında dərin iz qoyan Uzun Həsən XV əsr türk-islam dünyasının yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir.

Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsənin dövrünün tanınmış alimlərini, din xadimlərini, sənətkarlarını himayə etməsini dövrün mənbələri təsdiq edir. 1471-ci il iyunun 20-də Uzun Həsənin Təbrizə daxil olduğu zaman gördüyü işləri təsvir edən Əbubəkr Tehrani yazır: “Sahibqran... uğurlu bir saatda Təbriz şəhərinə daxil oldu və Azərbaycan diyarını öz qədəmləri ilə şərəfləndirdi. O diyarın fəqir və miskinlərinin üzünə xeyrat və ehsan qapılarını açdı. Bir neçə gün ardıcıl şəkildə etibarlı adamlara böyük məbləğdə vəsait verdi ki, ölkənin alimlərindən, möminlərindən, dərvişlərindən kimin nə qədər ehtiyacı varsa, onlara paylasın. Hər gün ariflərin başçısı Baba Əbdürrəhmanın dərvişləri üçün təşkil olunmuş yerdə halal süfrələr açıldı və dərvişlər tam asudəliyə çıxdılar. Hər cümə günü axşamlar ətraf yerlərdən öz ehtiyaclarını bildirmək üçün gələn alim və əyanlar Sahibqranın məclisinə dəvət olunurdu. Sahibqran öz söhbətləri ilə hamını feyzyab edir, təam və ənam verirdi”.

Ağqoyunlu sarayının xüsusi qayğısı dövrün tanınmış din xadimləri, mütəsəvvifləri, təriqət rəhbərlərinin də üzərində olmuşdu. Uzun Həsən və oğlu Sultan Yaqub hakimiyyəti möhkəmləndirməyin müəyyən vasitəsi kimi təsəvvüfi zümrələrə xüsusi diqqət yetirmişdilər. Ağqoyunlu hakimiyyəti təsəvvüfü bir zövq və tərbiyə metodu kimi qəbul edərək hakimiyyətlərini xalqın gözündə yüksəltməyin əsas vasitəsi hesab edirdilər.

Ağqoyunlu hökmdarları elm adamları və din xadimlərinə böyük hörmət bəsləyərək təsəvvüf zümrələri ilə yaxşı əlaqələr qurmuşlar. Ağqoyunlu sarayının təsəvvüf zümrələri və təriqətlərlə əlaqələri Uzun Həsən dövründə başlanmışdır. Onun təsəvvüfə olan yaxınlığını ölkədə 4 min təkkə və zaviyəni tikdirdiyi və ya açdırdığı təsdiq edir. Uzun Həsən bütün həyatı boyu fərq qoymadan hər məsləkdən və məzhəbdən olan təriqət rəhbərlərinə hörmət göstərmişdir. Bunlar arasında Səfəviyyə, Xəlvətiyyə, Gülşəniyyə, Nəqşbəndiyyə, Nurbəxşiyyə və Bayramiyyə təriqətləri önəmli yer tuturdu.

Uzun Həsəni böyük hörmət bəsləyidi təsəvvüf rəhbərlərindən biri Baba Əbdürrəhman Şami idi. O, Uzun Həsənə ilahi yardım vəd etməklə, gələcəkdə qazanacağı qələbələr barədə xəbər verməklə mühüm şöhrət qazanmışdır. Əbubəkr Tehrani yazır ki, Qaraqoyunlu Rüstəm Ağqoyunlulara məğlub olaraq əsir alındığı zaman hamı toplaşdı və cəllad onun qanını tökmək üçün gəldi. Rüstəm qılıncın iti olub-olmadığını soruşdu ki, əziyyət çəkməsin. Qılıncı ona göstərdilər, o həmin qılıncı qəbul etmədi. Arıq Məhəmməd Tuşmalın qılıncını istəyib dedi: “Məni bu qılıncla öldürün!” Bu həmin qılınc idi ki, aşiqlərin başçısı və ariflərin rəhbəri Baba Əbdürrəhman vaxtilə Uzun Həsənin məclisində onu çıxarıb kasaya vurmuş və demişdi: “Bu ibn Tərxanın başıdır”. Bu, onun kəramətinin təzahürü idi və bütün Ağqoyunlular onun bu kəramətinin şahidi oldular. Baba Əbdürrəhman Uzun Həsənin Teymuri hökmdarı Əbu Səidə qarşı apardığı mübarizədə qalib gələcəyini öncədən söyləyərək “İran və Turan sənindir” demişdir.

Uzun Həsənin xüsusi hörmət bəslədiyi təriqət şeyxləri arasında Dədə Ömər Rövşəni və xəlifəsi İbrahim Gülşəni də önəmli yer tutur. Seyid Yəhya Bakıda irşadla məşğul olduğu zaman Azərbaycanın müxtəlif yerlərinə xəlifələr göndərmişdi. Bunlar arasında Ömər Rövşəni də var idi. O, Bərdə, Gəncə, Qarabağ və ətrafına göndərildi. Ömər Rövşəninin Qarabağda uzun müddət qalması İbrahim Gülşəni, Şah Qubad kimi önəmli xəlifələrin burada görüşüb ona bağlanmasından məlum olur.

Ömər Rövşəni on ilə yaxın Qarabağda yaşamışdı. Qarabağda olduğu zaman Uzun Həsənin qardaşı Üveys, İbrahim Gülşəni və Şah Qubad Şirvani kimi mühüm davamçıları Ömər Rövşəni ilə burada görüşüb ona bağlanmışdılar. Ömər Rövşəninin Qarabağdakı səmərəli fəaliyyəti onun Ağqoyunlular tərəfindən tanınmasını təmin etmiş, nəticədə Təbrizə dəvət olunmuşdur. Mühyi Gülşəni Uzun Həsənin qardaşı və Ömər Rövşəninin müridi olan Üveysin dərviş qiyafəsi ilə Təbrizə gəldiyini, sultanın qardaşından başındakı tacın hansı təriqətə aid olduğunu soruşanda: “Ömər Rövşəninindir”- deyib bu şeyxi tərifləyərək ondan bəhs etdiyini, Uzun Həsənin onu görmək istədiyini və onu dəvət etmək üçün İbrahim Gülşənini Qarabağa göndərdiyini bildirir. Qarabağa gedib Ömər Rövşəni ilə görüşən İbrahim Gülşəni bu zaman şeyxdən təsirlənərək ona bağlanmışdır. 1475-ci ildə o, Uzun Həsənin də­vəti ilə Təbrizə gəlmişdir.

 M.Gülşəninin verdiyi məlumata görə, İbrahim Gülşəni Təbrizə gedən zaman Uzun Həsənin qazıəsgəri Molla Həsən ilə rastlaşmış, onun qabiliyyətini görən Molla Həsən təhsil üçün Mavərənnəhrə getməsinin lazım gəlmədiyini söyləyərək onu Təbrizdə qalmağa inandırmışdı. Molla Həsənin yardımı ilə Təbrizdə mədrəsə təhsili alan İbrahim Gülşəni burada Molla İbrahim adı ilə tanınmışdır.

Təbrizdə olduğu illərdə getdikcə etibarı artan İbrahim Gülşəni Təbriz qazısı Şərafəddin ilə aralarında olan bir hadisəyə görə Uzun Həsənlə tanış olma imkanı tapdı. Qazi Əli üləma və əmirlərin yığıncağında üzərində Uzun Həsənin möhürü olan və Təbriz qazısı Şərafəddin tərəfindən divanda hazırlanmış, xalqa zülm edilməsini nəzərdə tutan bir fərmanı nümayiş etdirmişdi. İbrahim Gülşəni fərmanı alaraq toplantıda oxumuş və “Belə bir zülmə Sultan Həsən razı olarmı?” deyə soruşmuşdur. Təbii ki, hamı ədalətli olan Uzun Həsənin belə bir zülmə razı olmayacağını bildirmişdir. Bu zaman İbrahim Gülşəni: “Mənim tanrıdan başqa heç kimdən qorxum yoxdur. Sultanın möhürünün belə bir zülmnamədə olması uyğun deyildir” deyərək onun möhür qismini qoparıb öpərək çalmasına taxmışdır. Cırılmış fərmanı alan Şərafəddin sultana şikayət etmişdi. Şikayətə baxmaq üçün toplanan divan üzvləri İbrahimdən sultanın fərmanını deşməsinin səbəbini soruşduqda, o, bu cavabı vermişdi: “Mən sultanın fərmanını cırmadım, əksinə onun möhürü zülm hökmünün üzərinə vurulmuşdu, onu ayırdım. Sultanın adı budur” deyərək onu çıxarıb vermişdi. Buna görə, Uzun Həsən ona “tərxan” adını vermişdir. O, bir müddət sonra Ağqoyunlu hökmdarı tərəfindən Hüseyn Bayqara ilə əldə edilən sülh danışıqlarında iştirak etmək üçün Herata göndərildi. Bundan əlavə, Uzun Həsən Şiraza vali təyin etdiyi oğlu Xəlil Mirzənin xalqa etdiyi zülmün qarşısını almaq üçün onu Şiraza da göndərmişdi. Bu məlumatlardan aydın olur ki, İbrahim Gülşəni Uzun Həsənin yanında böyük etibar qazanmışdır.

Geri qayıt