Qasım Hacıyev: “Düşmənə cavab vermək üçün hərə öz sahəsində mübarizə aparmalıdır.

Qasım Hacıyev: “Düşmənə cavab vermək üçün hərə öz sahəsində mübarizə aparmalıdır.

Müsahibimiz Azərbaycan MEA Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Qasım Hacıyevdir.

Qasım müəllim, “Qarabağ” adı tarixi mənbələrdə neçənci əsrdən etibarən çəkilməyə başlayıb?

“Qarabağ” termini ilk dəfə bizim eranın 7-ci əsrində işlədilməyə başlanıb. Bu ad ümumi şəkildə çəkilib. Amma Qarabağa aid tarixi fikirlər Rəşidəddinin əsərlərində işlədilib. Yəni 12-13-cü əsrlərdə yazılmış tarixi əsərlərdə artıq Qarabağ adı çəkilib və Azərbaycanın tarixi bölgəsi kimi tanıdılır. Ermənilərin iddia etdiklərindən fərqli olaraq “Qarabağ” türk mənşəli sözdür, “qara”- böyük mənasını verir və bu günə kimi də işlədilir. Yeri gəlmişkən Qarabağı guya erməniləşdirərək, Arsak adlandıranlara deyirəm ki, elə bu da türk sözüdür. “Ar” sözü “hündür dağ” mənasını verir. Başqa sözlə, həm Qarabağ, həm də Arsak türk sözləridir.

Bir sıra erməni mənbələri 9-16-cı əsrlərdə Qarabağın guya erməni məlikliyi olan Xaçın knyazlığının tərkibində olduğunu iddia edirlər.

Qarabağ bölgəsinin tarixində Xaçın knyazlığı deyilən tarixi dövr var. Bəzi tarixdən baş çıxarmayan adamlar deyirlər ki, bu Xaçın Albaniyaya aid olub, albanlar da xristian idilərsə, Xaçına sahiblənmək nəyimizə lazımdır? Amma belə deyil. Bu, bizim tariximizdir və bu haqda xarici mənbələrdə də yetərincə məlumatlar var. Xaçın knyazlığı Qarabağ ərazisinin bir hissəsini əhatə edirdi. İndiki Dağlıq Qarabağı və bir qədər də ondan kənara çıxan əraziləri tuturdu. Ermənilər Qarabağı bir neçə hissəyə bölürlər – Orta Arsak, kənar Arsak, Qanzak – bu Tovuza, Qazaxa qədər olan əraziləri əhatə edir. Xaçın knyazlığı alban nəslindən olan Həsən Cəlalın yaratdığı knyazlıq idi və heç erməni olmayan bir ərazidə yaranmışdı. Xırda feodal birliyi idi. Bildiyiniz kimi, o vaxt Azərbaycan ərazisində Xaçın knyazlığı, şimalda Şirvanşahlar dövləti və s. vardı. Bunlar hamısı Azərbaycan ərazisindəki xırda feodal dövlətlər idi. Xaçın knyazlığı da sonradan məlikliyə çevrildi və Azərbaycanda ən güclü məlikliklərdən biri oldu.

Bəs konkret götürsək, 9-16-cı əsrlərdə Qarabağ ərazisi hansı dövlətin tərkibində idi?

Bildiyiniz kimi, 7-ci əsrə kimi Azərbaycan Manna, Midiya, İskit, Albaniya, Atropatena dövlətlərinin ərazisi idi. Bunlar bir-birini əvəz edən və inkişaf etmiş dövlətlər sayılırdı. 705-ci ildə Ərəb xilafəti, xəlifə Ömər ibn əlXəttab Azərbaycana qoşun yeritdi və şimalda xəzərlərlə döyüşürdü. Elə həmin dövrdə ərəblər Albaniya dövlətinə son qoydular. Alban hökmdarını edam etdilər və Albaniyanın dövlət kimi mövcudluğu sona yetdi.
8-ci əsrin əvvəllərindən 9-cu əsrin sonlarına kimi Azərbaycan ərazisində dövlət olmadı. Bu ərazi Arran adlanırdı. Arran xilafət tərkibində bir bölgə idi və dövlət deyildi. 9-cu əsrin sonlarında ərəb xilafətinin tərkibində parçalanma baş verdikdən sonra, ayrı-ayrı ərazilərdə dövlətlər yarandı. O cümlədən də bizim ərazidə Sacilər dövləti yarandı. Ondan sonra Salarilər, Eldəgizlər dövlətinin ərazisinə daxil oldu. Səlcuqlar gəldikdən sonra daha da gücləndi. Sonralar isə Qaraqoyunlu, Ağqoyunlu dövlətləri yarandı və inkişaf etdi. Hətta Ağqoyunlular dövləti böyük bir imperiyaya çevrildi. Və nəhayət Ağqoyunlulardan sonra Səfəvilər dövləti yarandı. Bu da Azərbaycan dövləti idi. Növbəti mərhələlərdə Əfşarlar, Qacarlar dövləti meydana çıxdı. Azərbaycanın indiki ərazisi türk hökmdarlarının idarə etdiyi bu dövlətlərin ərazisində idi. Bu nəhəng dövlətlərin tərkibində ermənilər adi bir qurum da yarada bilməmişdilər. Heç bu ərazilərdə ermənilər kompakt da yaşamırdılar. Bununla bağlı bəzən tarixçilərin fikri haçalanır – bəziləri yazırlar ki, o vaxt bu ərazidə ermənilər yox idi, bəziləri isə yazırlar ki, vardı. Əslində bunun bir cavabı var – erməni yox idi ifadəsi o anlamda işlədilir ki, ermənilərin həmin dövrdə nə bir dövlət qurumu var idi, nə də ki burada kompakt şəkildə yaşamırdılar. Amma həmin əraziyə heç erməni ayağı dəymədiyini iddia etmək düzgün olmazdı. Hər bir millətin tərkibində başqa xalqların nümayəndələri də yaşayırlar. Tək-tək erməni tacirinin, yaxud din adamının köçüb, bizim ərazidə məskunlaşması bu ərazidə ermənilərin kütləvi şəkildə yaşaması anlamına gəlmir. Sonrakı mərhələdə məlikliklər Qarabağ xanlığının tərkibində idi.

Qarabağ xanlarının məlikliklərlə münasibətləri necə idi?

Çox pis. Əvvəla hər bir hökmdara qarşı etiraz hərəkatları olur. Pənahəli xan Qarabağ xanlığını yaradanda bir neçə böyük nəsli – Kəbirlilər, İyirmidördlər, Otuzikilər, Sarıcalılar və s. öz ətrafına toplayaraq birləşdirdi. Sonradan buradakı müxalif qüvvələr parçalanma yaratdılar. Belə mübarizələr həmişə olub. Xristian məlikliklər də belə mübarizələrə qoşulurdular. Bir sıra kiçik feodallar kimi, onlar da mövcud dövlət əleyhinə hərəkata qoşulurdular. Amma məlikliklər bu məslədə daha aqressiv mövqe tuturdular.

Siz Tarix İnstitutunun “Qarabağ tarixi”şöbəsinə rəhbərlik edirsiniz. İstərdik, bir qədər də bu şöbənin fəaliyyəti haqqında məlumat verəsiniz.

“Qarabağ tarixi” şöbəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tövsiyəsi ilə 2002-ci ilin sonlarından fəaliyyət göstərir. Heydər Əliyev alimlərlə görüşdə belə bir tövsiyə də vermişdi ki, Azərbaycanın tarixi, xüsusilə də 19-20-ci əsrlər tarixi, yenidən yazılmalıdır. Şəxsən mənim Azıx mağarası, antik dövr, qədim və orta əsrlər dövrünə dair Azərbaycan, rus və ingilis dillərində xeyli məqalələrim var. Amma şöbənin əsas profili 19-20-ci əsrlər Qarabağ tarixini öyrənməkdir.

-Artıq ciddi tədqiqatişləri ortaya qoya bilmisinizmi? 

Əlbəttə. Kifayət qədər ciddi elmi əsərlər yazılıb. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının hesabt iclasında da demişdi ki, bizim xalqın tarixi o qədər zəngindir ki, ermənilər onu oğurlamağa çalışır. Ona görə də ilk növbədə Qarabağın mədəniyyəti yazılmalı idi ki, bizə məxsusluğunu hamı görə bilsin. Həmin vaxt mənim bu mövzuda xeyli materiallarım toplanmışdı. İnstitutun direktoru Yaqub
Mahmudovun göstərişi ilə “Təhsil” nəşriyyatında Azərbaycan, ingilis, fransız dillərində “Qarabağın maddi və mənəvi mədəniyyət tarixi” kitabı çap edildi. Mənim Çingiz Ənvəroğlu ilə birlikdə yazdığım “Qarabağlı hərbçilər” kitabı nəşr olundu. Düşmənə cavab vermək üçün hərə öz sahəsində mübarizə aparmalıdır. Vladimir Kazimirovun “Qarabağa sülh” kitabını mənə vermişdilər ki, kitabın yanlış faktlar üzərində qurulduğunu göstərim. Mən, filologiya elmləri doktoru Sədi Nuriyevlə birlikdə “Kazimirovun Qarabağa sülh arzusu və əsil niyyəti” adlı kitab yazdım. Kitabda Qarabağın müasir tarixindən misallar gətirilir və Kazimirovun müəllifi olduğu kitabın mahiyyəti açılırdı. Halbuki həmin kitabın Moskva və İrəvanda təqdimat mərasimləri keçirilmişdi. Adını çəkdiyimiz kitab nəşr edildikdən sonra, Kazimirovun səsi tamamilə kəsildi. Bu, bir daha göstərir ki, kitab hədəfə dəyib. “Heydər Əliyevin Dağlıq Qarabağa erməni iddialarına qarşı mübarizəsi” adlı kitabımız da çıxdı. Bu yaxınlarda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı” adlı kitabımız nəşr ediləcək. Kitabda baş verən hadisələrin tarixi səpkidə təhlili aparılır. Şöbə əməkdaşları yalnız son bir neçə ayda Berlində, Türkiyənin bir sıra şəhərlərində, Ermənistan istisna olmaqla qonşu ölkələrdəki elmi konfranslarda iştirak edir, məruzələr söyləyirlər. Bir sözlə, hədəfə dəyən işlərimiz yetərincədir.
Gündüz Nəsibov, 1905.az

Geri qayıt