Ud

Ud

Ud — əsasən Ərəbistan, Türkiyə, İran və bir çox Şərq xalqları arasında geniş yayılmış mizrabla çalınan simli-dartımlı musiqi aləti.

Ud haqqında ilk dəfə Mosullu İshaq İbn İbrahimin (767–849), daha sonralar isə Əbu Nəsr Fərabinin (870–950) əsərlərində məlumat verilir.

İki növü var: ərəbi və şərqi.

Tanınmış el sənətkarı Qasım Qasımov tərəfindən udun yeni növləri icad olunub:

Miniatür sənət əsərlərində udun təsvirinə də rast gəlmək olar. Qədim udun dörd simini od, su, torpaq və hava ilə müqayisə etmişlər. Birinci sim "zir", ikinci "məsna", üçüncü "mislas", dördüncü "bəm" və sonralar əlavə edilmiş beşinci sim "had" adlandırılmışdır. Qədim ud əsrlər boyu quruluş və forma etibarı ilə islah edilmiş, dövrümüzə qədər təkmil bir alət kimi gəlib çatmışdır. Ərəblər tərəfindən İspaniyaya gətirilmiş ud, sonralar Qərb ölkələrində lütnya adı ilə geniş yayılmışdır. Müasir udun beş qoşa, bir tək (cəmi on bir) simi olur.

Ud, çanağı sağ dizin üzərinə qoyularaq ifa edilir. İpək sap, bağırsaq və xüsusi kaprondan hazırlanmış simlər bir-birinə kvarta münasibətində köklənir. Ud armudvarı çanaqdan, qol və aşıqlar yerləşən kəllədən ibarətdir. Alətin çanağı yığma üsulu ilə bir neçə hissədən, əsasən, səndəl, qoz və armud ağaclarından hazırlanır. 5 mm qalınlığında olan bu taxta hissələr (qabırğalar) xüsusi qəliblərdə istiyə verilərək lazımi ölçüdə əyilir və hissə-hissə yığılır. Çanağın üzü 5 mm qalınlığında şam ağacından hazırlanmış taxta üzlüklə örtülür.

Ümumi uzunluğu 850 mm olan udun çanağının eni 350 mm, uzunluğu 480 mm, hündürlüyü 200 mm olur.

Udun diapazonu böyük oktavanın "mi" səsindən ikinci oktavanın "fa" səsinə kimidir. Solo və müşayiətçi alət kimi orkestr və ansamblların tərkibinə daxil edilmişdir.

Geri qayıt