Bu gün Beynelxalq Mətbuat Mərkəzində (BMM)  "Turan Araşdirma Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı, ONN və Olaylar İnformasiya Agentliklərinin dəstəyi ilə Türkiyədə yaşayan əslən Azərbaycanlı olan Professor Aygün Attarın "Erməniçilik müasir dövrün problemi kimi" kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə millət vəkilləri, tarixçilər, ziyalılar iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan millət vəkili, professor Musa Qasımlı Aygün Attarın pedaqoq və ziyalı kimi Türkiyədəki fəaliyyəti haqqında geniş məlumat verib. O bildirib ki, Aygün Attar Türkiyədə Azərbaycan gerçəklərini, ölkəmizin tarixini təbliğ edən böyük işlər aparıb. Aygün Attarın " Xocalı Soyqırımı" adlı disertasiyaya elmi rəhbərlik etdiyini söyləyib.

Tədbir iştirakçılarından Elçin Əhmədov bildirib ki, "bu kitabda erməni məsələsi sistemli və kompleks şəkildə təhlil olunub. Kitabda kapitalistləşən, siyasiləşən, terroristləşən, dövlətləşən və qloballaşan erməniçiliyin xüsusiyyətləri, gördükləri işlərin mahiyyəti göstərilib. Aygün Attarın müəllifi olduğu bu kitabda 1830- cu ildən bu tərəfə cərəyan edən proseslər ayrı-ayrılıqda təhlil edilib. Zəngəzur, Göyçə və digər ərazilərimizdə törədilən qırğınlar barədə geniş məlumat verilir. Kitab mart soyqırımı ərəfəsində çap edilib və artıq kitab satışda yoxdur və hamısı satılıb. Yenidən kitabın nəşri nəzərdə tutulur ”. 

Millət vəkili Aqil Abbas təklif edib ki, kitab Azərbaycan dilində də nəşr edilsin: “Belə bir kitab yazmaq Aygün Attarın şəxsi təşəbbüsüdür. Ona görə də ona minnətdarlığımı ifadə edirəm. O, həm də bir nümunədir. Həm Azərbaycanda, həm də Türkiyədə”.

Daha sonra Millət vəkili Adil Əliyev çıxış edərək belə bir möhtəşəm kitabı ərsəyə gətirdiyi üçün Aygün xanıma minnətdarlığını bildirib.O qeyd edib ki, bu kitabın Türkiyə türkcəsində yazılması sevindirici haldır. Sonrakı dövrlərdə kitabın ingilis və rus dillərinə tərcümə olunaraq yayılması zəruridir.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib ki, Aygün Attar Türkiyədə Azərbaycanın maraq və mənafelərini erməniçilikdən qoruyur: “Eyni zamanda Türkiyəni erməniçilikdən qoruyur. Təəssüf ki, Ankara və İstanbulda ermənilər şəbəkələşib. Buna qarşı isə Aygün Attar səmərəli mübarizə aparır”.

MSK üzvü Nizami Nadirov, Rizvan Talıbov da kitabın əhəmiyyətindən söz açıb. Tanınmış ictimai-siyasi xadim, bir neçə tarixi əsərlər müəllifi Əjdər İsmayılov deyib ki, erməniləri ciddi narahat edən bu kimi kitablar dərc edilməli, dünyaya yayılmalıdır: “Aygün Attar mərkəzdə oturub odun ortasında ermənilərə qarşı mübarizə aparır. Ona görə də Aygün Attara dərin minnətdaram”.

Tarixi romanlar müəllifi Yunus Oğuzun qənaətincə kitabın adı heç də təsadüfi seçilməyib: ”Siz bu kitabda erməniçiliyi açıq şəkildə ifşa etmisiniz. Kitabın ən əsas məziyyətlərindən biri də odur ki, xristian türklərindən bəhs etmisiniz”. Yunus Oğuz qeyd edib ki, bu kitabın alınması əslində Qarabağ məsələsinə görə deyil: “Sadəcə erməniçiliyi açıb ortaya qoymusunuz”.

Sonra digər tədbir iştirakçıları çıxış edərək bildiriblər ki, "Erməniçilik müasir dövrün böyük problemi kimi" əsəri elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün dəyərli siyasi-tarixi kitabdır və müxtəlif dillərə tərcümə edilərək yayılması vacibdir.  Eyni zamanda əsərdə iyunun 4-ü 2017-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin- Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi, Sərvinaz Quliyevanın isə yaralanması faktlarının vurğulanmasını müəllif bir daha çox yüksək vətənpərvərlik ruhunun bariz nümunəsi kimi dəyərləndirildi.

Sonda çıxış edən müəllif Aygün Attar ilk öncə hərkəsə təşəkkürünü  bildirib. O qeyd eib ki, dünyanın vəziyyətinin bu qədər çətin olduğu bir dövrdə Azərbaycanın təhlükəsizliyinin bu dərəcədə qorunması təqdirəlayiq haldır. Aygün xanım qeyd edib ki, " mən bu kitabı yazarkən hər cümləsində sizdən aldığım mənəvi dəstəkdən yararlandım. Kitab 10 gündür işiq üzü görüb, lakin ona tələbat olduqca çoxdur. Azərbaycan üçün bu kitab böyük maraq kəsb etdi ". Aygün xanım tələbələrə bu mözunun elmi iş kimi verilməyini təklif edib. 

Sonda Yunus Oğuz müəllifə “Turan Araşdırmalar Mərkəzi” İB-nin fəxri fərmanını təqdim edib. Həmçinin Aygün Attar bir sıra təşkilatlar tərəfindən apardığı səmərəli mübarizəyə görə fəxri fərmanla təltif olunub.